Xəbər verdiyimiz kimi, bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günüdür.
Belə ki, I seansda alman və ingilis dili, II seansda isə kimya və riyaziyyat fənlərindən imtahan keçiriləcək.
İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Püstə Əliyevadır.
Belə ki, Püstə müəllim ingilis dili fənni üzrə imtahandan 97 bal toplayıb.
AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.
O, Azərbaycan Dillər Universitetinin (ADU) məzunudur:
"2018-ci ildə bakalavr, 2020-ci ildə isə magistratura üzrə təhsil almışam. Belə ki, 2021-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Artıq 4 ildir ki, bu sahə üzrə çalışıram. Həmin il ilk pedaqoji fəaliyyətimə Naxçıvan şəhər Şərur rayonunda başladım. Lakin ailə vəziyyətimə görə Bakıya köçdüm. Daha sonra burada MİQ üzrə imtahanda iştirak edib (82.5 balla) Bakı üzrə 1-ci, Azərbyacan üzrə isə 10-cu yerə layiq görüldüm.
İxtisas suallarını çox rahat şəkildə cavablandırdım. Sadəcə kurikulum suallarında çaşqınlıq yaradan bəzi məqamlar var idi. Elə 2 səhvim kurikulumdan olub. 90-dan yuxarı bal toplayacağıma əmin idim. Lakin 97 bal topladığımı görən zaman çox həyəcanlandım. Hətta ağladım, nəzarətçini belə qucaqladım. Düzü,həyəcanım hələ də keçməyib. Əslində imtahana çox da özgüvənlə getməmişdim. Lakin inanırdım ki, öhdəsindən gələcəyəm.İmtahana özüm hazırlaşmışam.
Sözün düzünü desəm, imtahanda mənə çətin gələn sual olmadı. Sadəcə olaraq ixtisas sualları daha çox leksik bazaya köklənmişdi. Əvvəllər qrammtikanın dərinliyinə gedilirdisə, artıq builki suallarda onu müşahidə etdim ki, ancaq mətn tipli suallar daha çox idi. Düşündürücü suallar da var idi.
Yəni ümumi olaraq imtahan çətin keçmədi. Evimə yaxın məktəbdə fəaliyyət göstərmək istəyirəm. Gələcəkdə MİQ üzrə imtahanlarda iştirak etməyi düşünürəm. Yüksək bal toplamaq istəyən daim öz üzərində çalışmalıdır. Ən əsas tövsiyə edirəm ki, söz bazalarını artırsınlar".