Azedu.az

Şəhidin müəllimi: Qoşqar təkcə evdən yox, eldən, vətəndən, elmdən getdi… 

Müsahibə və reportajlar

Tələbə və şagird

Universitetlər

Müəllimlər və elm adamları

28 Aprel 2025, 13:57
Şəhidin müəllimi: Qoşqar təkcə evdən yox, eldən, vətəndən, elmdən getdi… 

AzEdu.az şəhid olmuş universitet məzunlarının əziz xatirəsini yad etmək və onları müəllimlərinin gözündən “ölümsüz” şəkildə görmək məqsədilə silsilə müsahibələrə başlayıb.

 

Bu dəfə xatirələr bizi auditoriyaların səssizliyinə aparır. Səsləri indi başqa səmalardan gələn, amma izləri partalarda qalan, adları tarixə yazılan gənclərin izinə düşürük. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Riyaziyyat-informatika” fakültəsinin məzunu, II Vətən Müharibəsi şəhidi Qoşqar Ömərovun yaddaşlarda qalan obrazını onun müəllimi, Riyaziyyat fakültəsinin dosenti Cəmilə Abdullayeva danışır.

158959

“Mən, onlara III kursda oxuyarkən “Riyaziyyatın tədrisi metodikası”, “Cəbr və həndəsə”, “Elementar Riyaziyyat 1-2” və “Triqonometriya” fənlərini tədris edirdim. Həm mühazirə, həm də seminar dərslərini keçdiyimdən, həmin vaxt daha yaxından tanımaq şansım olmuşdu.

 

Qoşqarın vətənpərvərliyi yalnız səngərdə silah tutmaqla məhdud deyildi. Onun hər baxışı, hər sözü, davranışı bu torpağa və bu millətə olan dərin sevgidən xəbər verirdi. Vətən onun üçün yalnız bir coğrafi məkan deyildi. O, vətənin çölünü, düzünü, insanını sevirdi.

158956

O, tələbə olarkən belə, ciddi, məsuliyyətli və nümunəvi idi. Bir dəfə də olsun idman geyimində görməmişdim onu. Həmişə klassik, səliqəli, müəllimə yaraşan şəkildə geyinərdi. Çox zaman kiçik damalı köynəklərə üstünlük verərdi. Qarayanız, hündürboy oğlan idi. Saçını hər zaman bir tərəfə darayar, auditoriyada eyni cərgədə oturar və dərsə heç vaxt gecikməzdi. Onun duruşunda bir müəllim ciddiliyi, bir lider dincliyi vardı.

158964

ADPU-da adətən qız tələbələr çoxluq təşkil edir. Amma onların qrupunda həm oğlanlar çox idi, həm də hər biri savadlı və məqsədyönlü idi. Dərsdə mürəkkəb məsələlərə gəldikdə, yekun sözü adətən Qoşqara verirdilər. Çünki hamı bilirdi, onun məntiqi güclü, riyazi bacarığı yüksək idi. Bir tələbədə həm intizam, həm də ruh necə gözəl şəkildə birləşə bilər?! Qoşqar bunun canlı nümunəsi idi.

 

Onlar 2015-ci ildə universitetdən məzun oldular. Ardınca əsgərlik, magistratura… Və beləcə, həyat yollarına davam etdilər. Günlərin birində tələbələrdən biri mənə yazdı. “Müəllim, mən Qoşqargilin qrupundanam”. Gülümsədim və yazdım: “Yadımdasınız, oğul. Sizin qrupu heç unutmamışam”.

 

Bir dəfə öz övladım üçün məntiq fənnindən dərs keçən kurs axtarırdım. Gəzdiyim bir neçə kursda keçmiş tələbələrimi gördüm. Onlar mənə dedilər ki, “Biz burada Qoşqarın əməyi sayəsində çalışırıq”. Hər birinin dilində eyni fikir - “Qoşqar bizə yol göstərdi”. O zamanlar tələbələrin əksəriyyətinin maddi imkanı zəif idi. Amma Qoşqar yoldaşlarını özü hazırlayır, onların da inkişafına şərait yaradırdı.

 

Vətən sevgisi yalnız səngərdə olmur. Qoşqar bunu sübut etmişdi. Hələ əsgər olmadan da Vətənin övladları üçün canını qoyurdu. O, bir dəfə mənə yazmışdı: “Müəllim, hərbi xidmətdən qayıtmışam. Artıq Azərbaycan Memarlıq və İnşaat Universitetində magistrantam. Kursda çalışıram".

158960

Mən elə bilirdim ki, o ancaq kursda işləyir. Şəhid olmamışdan 1 il əvvəl bir müəllim dedi ki, “Mən Masazırda musiqi müəllimiyəm. Sizin bir məzununuz da orada müəllim işləyir. Hamı deyir ki, pedaqojidən bir məzun gəlib ki, həqiqətən savadlı oğlandır”. Soruşdum ki, “Adı nədir bəs?”. Dedi: “Qoşqar”.

 

Sonradan məlum oldu ki, o, MİQ imtahanında 60 baldan 57 bal toplayaraq məktəbə müəllim təyin olunub. Maraqlısı odur ki, Qoşqar, bu nəticəni toplamaq üçün xüsusi hazırlıqlara da getməyibmiş.

 

Bir özü ilə danışanda dedim ki, “Magistraturada ixtisasını dəyişmisən, informasiya texnologiyaları üzrə oxuyursan, gəl ADPU-ya.” Cavabı isə illərdir yadımdadır: “Müəllim, ailəmə maddi cəhətdən çox dəstək oluram. Zaman gələr, elm üçün qayıdaram. Amma indi çalışmaq məcburiyyətindəyəm…”.

 

Onda həm məsuliyyət, həm insanlıq, həm də yetkinlik var idi. Hərdən öz-özümə sual verirəm: “İlahi, şəhidlər doğulanda seçilmişmi olurlar? Qoşqar da onlardan idi. Səssiz, amma iz buraxanlardan…”.

158955

Qoşqar şəhid olmamışdan əvvəl qohumum Həsənli Alı da şəhid olmuşdu. Həmin vaxt deyirdilər ki, Qoşqar da cəbhədədir. O, 2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Təəssüf… Şuşanın azad olunduğunu görə bilmədi. Amma mən inanıram ki, o, ruhən bu zəfərin bir parçası oldu.

 

Qoşqar şəhid olanda, öz-özümə dedim: “O, təkcə evindən getmədi… Qoşqar eldən getdi… Vətəndən getdi… elmdən getdi…”.

 

Amma xatirəsi hələ də auditoriyadadır. Onun oturduğu yerdə, geyindiyi damalı köynəkdə, tələbə yoldaşlarının uğurlarında, müəllimin qürurunda…

 

Qoşqarlar unudulmur…

 

Cəbr və həndəsə kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Cabbarzadə Vaqif Mustafa oğlu Qoşqar Ömərovun xatirəsini anır:

158958

“Qoşqargilin qrupuna IV kursda “Riyazi məntiq” fənnini tədris edirdim. Üstündən on ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qoşqarla bağlı yaddaşımda qalanlar hələ də silinməyib. O, çox təvazökar, olduqca səviyyəli və bilik-bacarıq baxımından güclü bir tələbə idi. Hiss olunurdu ki, elmi bazası yaxşıdır. Bəzi tələbələr fənni sonradan dərk edirdisə, Qoşqar o kateqoriyaya aid deyildi. O, dərsi dərindən qavrayır, analitik düşünmə bacarığını dərhal tətbiq edə bilirdi.

 

Mədəniyyətinə, davranışına heyran qalırdım. Ola bilsin, bu keyfiyyətlər onun müəllim ailəsində böyüməsi ilə bağlı idi. Müəllimlərə hörməti sonsuz idi. Danışığında bir səmimiyyət, davranışında bir alicənablıq var idi. Qoşqar sadəcə yaxşı tələbə deyildi. O, sözün həqiqi mənasında YAXŞI insan idi.

 

Fənnə böyük marağı var idi. Məşğələlərdə və mühazirələrdə daim fəallıq göstərirdi. Özünü harada olur-olsun, göstərməyi bacaran, bacardığını gizlətməyən, amma heç vaxt lovğalanmayan tələbələrdən idi. Onun kimi tələbəni yaddaşdan silmək mümkün deyil.

 

Qoşqar və onun kimi igidlər bu Vətənin başını uca etdilər. Qələbəmiz qalib Ali Baş Komandanın, qalib xalqın və qəhrəman şəhidlərin birgə imzasıdır. Onların sayəsində torpaqlarımız azad olundu, ölkəmizin bütövlüyü bərpa edildi.

Məkanı cənnət olsun. Qoşqar onu sevənlərin, yetişdirənlərin, dərs deyənlərin ürəyində daim yaşayacaq”.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox