Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Nurlan Həmidov buraxılış imtahanında 224,5 bal toplayıb. O, Qubadlı rayon, Xıdırlı kənd tam orta məktəbin 11-ci sinif şagirdidir.
AzEdu.az Nurlanla əlaqə saxlayıb, onun hədəflərini və arzularını öyrənib.
- Nurlan, səni təbrik edir, uğurlar arzulayırıq. Sən hansı ixtisasda və universitetə qəbul üçün hazırlaşırsan? Hazırda reallaşmasını istədiyin ən böyük şey nədir?
- Mən maliyyə sahəsi üzrə hazırlaşıram, hədəfim xaricdə təhsil almaqdır. Bu sahədə ən böyük motivasiyasam atamın mənimlə bağlı arzularını reallaşdırmaq, müəllimlərimin ümidlərini doğrultmaqdır. Təsadüfi deyil ki, məhz maliyyə seçmək istəməyimin səbəbi də atamla bağlıdır. O, çox istəyirdi ki, mən maliyyə ixtisası üzrə təhsil alım. Çox istəyirəm ki, ixtisasım üzrə peşəkar kadr olub, vətənimə, dövlətimə layiqli vətəndaş, atama nümunəvi övlad olum.
- Nə gözəl, inanırıq ki, bu arzunu reallaşdıracaqsan. Bəs dərslərinə gün ərzində nə qədər vaxt ayırırdın?
- Günün çox böyük hissəsini məşğələ və kurslarda keçirirəm. Axşam evə gələndə isə, dərslərimi etməyə başlayıram.
Gələcəklə bağlı planlarım çoxdur. İqtisadiyyatdan başqa digər sahələrdə də, çalışmaq fikrindəyəm. İnşallah bunu zaman göstərəcək.
Ailəm həmişə mənə deyir ki, bu gün qazandığın savad gələcəkdə sənə çox kömək edəcək.