Azedu.az

“Bu dünyaya keçib getmək üçün yox, yadda qalmaq üçün gəlmişdi” - Şəhidin müəllimi

Müsahibə və reportajlar

Universitetlər

21 Aprel 2025, 10:20
“Bu dünyaya keçib getmək üçün yox, yadda qalmaq üçün gəlmişdi” - Şəhidin müəllimi

“Hər xatirə bir ömür qədər dəyərlidir”.

 

AzEdu.az universitetlərin şəhid məzunlarının əziz xatirəsini yad etmək üçün bir vaxtlar onlara yaxın olan müəllimlərdən “O, xatirinizdə necə qaldı?” sualına cavab tapmaq üçün müsahibələr alır.

 

Bakı Dövlət Universitetinin fəlsəfə ixtisasının məzunu, şəhid Erkin Hüseynovla xatirələrini universitetin Fəlsəfə kafedrasının baş müəllimi, Sosial Elmlər və Psixologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova AzEdu.az-la bölüşdü.

158580

 “Erkinin əlini gözünün üstünə qoyub salamlaşmağı və nur üzü yaddaşıma yazılıb”.

 

“Səhər işə gələndə mənə xəbər etdilər ki, antiterror əməliyyatı zamanı Erkin şəhid olub. Fakültədə heç kim bu həqiqəti qəbul etmək istəmirdi. Erkin 2016-cı ildə Bakı Dövlət Universitetinin fəlsəfə ixtisasına daxil olmuşdu. O, həmişə təbiət etibarı ilə digərlərindən seçilirdi. Tələbə var ki, illər keçir, adı yaddan çıxır, bəzilərini xatırlamaq üçün gərək şəklinə baxasan, hansı qrupda oxuduğunu düşünüb tapasan. Amma Erkin... Erkin elə deyildi. Onun siması yaddaşda iz kimi qalmışdı. Təbəssümündə bir istilik vardı, baxışlarında sakit, amma qəribə bir qətiyyət hiss olunurdu. Söhbətlərdə, dərslərdə, sadə bir salamda belə iz buraxırdı. Elə bil, bu dünyaya keçib getmək üçün yox, yadda qalmaq üçün gəlmişdi. O deyirdi ki, hərbi geyimi geyinəndə çox qürurlanıram. Onların qrupu da çox maraqlı idi. O qrupda 4 oğlan var idi: Fərid, Kamal, Əli və Erkin. Onlar 4 qardaş kimi idilər. Birinin azca başı ağrısa, hamısı onun dərdinə həmdəm olardı.

 

Auditoriyada kimsə musiqi qoşanda, o dörd oğlan oynayırdı. Fərid gözəl gitara ifa edirdi. Onlar bir yerə düşən kimi çalıb, oynamağa başlayırdılar. Bütün tənəffüsləri deyib-gülməklə keçirirdilər. O qədər fərqli uşaqlar idilər ki, heç vaxt yaddan çıxmayacaq qrupdurlar mənim üçün.

158584Otağa daxil olanda deyirdim ki, özünüzü əsgər kimi aparın. Hərbi xidmətdə olanda necə ki, məsuliyyətli, vaxtlı-vaxtında tapşırıqları icra edəcəksinizsə, dərsdə də elə olun. Həmin 4 tələbə məni həyətdə də görəndə əsgər salamı ilə qarşılayırdılar. Deyirdim, “Ayıbdır, görən olar, müəllimlə salamlaşırsınız. Camaat nə deyər, olmaz axı”. O uşaqlarla səmimi idik. Çox təəssüf ki, belə tələbələrimiz az olur…

158582

Erkinin üzündə daim saf təbəssüm olurdu. Ən çətin, münaqişəli situasiyalarda Erkini görmək mümkün idi, amma o, davalarda özünə yaraşan formada, ağıryana qaydada xoşagəlməz vəziyyəti düzəltməyə çalışar, problemi sakit dillə həll edərdi.

 

Onların qrupunda hamı yaxşı oxuyurdu, 9 qiyməti alanlar 10 üçün çabalayırdılar. Amma Erkini nə vaxt çağırsam, “dərsə hazıram” deyib, dərsi danışardı. “8 yazıram sənə”, - deyəndə isə, “Müəllim, mənim üçün qiymətin əhəmiyyəti yoxdur, onsuz da hərbçi olacam”, - deyirdi. Onun səmimiyyətinin, mədəniyyətinin qarşısında insan 1-2 bal da artıq yazmaq istəyirdi.

 

Erkinin hərbçi olmaq arzusu onun tale yoluna yazılmışdı. Amma o, heç vaxt “Hərbçi olacam, oxumayım, çalışmayım, kimdənsə qiymət xahiş edim” demirdi. Bu hərəkətlər onun təbiətinə yad idi. Ona neçə qiymət versən, qane olub, yoluna davam edirdi. Deyirdi, “Əsas odur, kəsrim olmasın, universiteti bitirim, hərbçi olum”.

 

Erkin hamımızın sevimlisi idi. Asudə vaxtlarında universitetdəki könüllülük təşkilatlarında çalışırdı. Şəhid olanda hamı onun yasını tuturdu, bütün paylaşımlarda idi Erkin. O, bir qrupun, fakültənin, bir müəllimin sevimlisi deyildi, universitetdəki bütün həmyaşıdlarının əzizi idi.

158583

Şəhid olduğu gün kafedradan, fakültədən müəllimlər yığışıb onun yasına getdilər. Sonra tələbə qruplarına yazdım ki, “Uşaqlar, oktyabrın 12-si Erkinin doğum günüdür. Kim bizimlə getmək istəyər?”. O qədər tələbə bu mesaja müsbət cavab verdi ki… Amma dərslərə görə 23-24 nəfərlə yığışıb Erkingilə getdik. Səhər saat 5-də universitetin qarşısından yığışıb, yola düşdük. Bütün tələbələri orada görmək çox gözəl hiss idi. Bu, onların Erkinə olan hörmətinin nişanəsi idi.

 

Erkin ailənin yeganə övladı idi… Onun atası da hərbçi olub. Ailəsi bizi səmimiyyətlə qarşıladı. Daha sonra əklillə onun məzarına, eləcə də oxuduğu məktəbə, xatirəsinə həsr olunmuş bulağa baş çəkdik. Biz həmin gün yenidən şəhərə qayıtmalı idik. Uşaqların hər biri məzarı üstə hönkür-hönkür ağlayırdılar… Valideynləri dedilər ki, “Evə gedək, Erkinin ad gününü qeyd edək”. Biz Erkinsiz Erkinin doğum gününü qeyd etdik.

158581

Bakıya qayıdanda uşaqların üzündə bir təbəssüm, bir rahatlıq var idi. Onlar Erkinin ailəsinə onu unutmadıqlarını sübut etmişdilər.

 

Biz hər il Erkinin ailəsinə baş çəkir, onun məzarını ziyarət edirik. İndi elə bilirəm ki, o ölümsüzdür, hansısa auditoriyadan çıxacaq, onu görə biləcəm… Məkanı cənnət olsun”.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox