Azedu.az

"Karyeramı Azərbaycanda qurmaq istəyirəm" - Çinli tələbə ilə MÜSAHİBƏ

Müsahibə və reportajlar

Tələbə və şagird

Universitetlər

26 Mart 2025, 11:24
"Karyeramı Azərbaycanda qurmaq istəyirəm" - Çinli tələbə ilə MÜSAHİBƏ

Taekvando təkcə bir döyüş sənəti deyil, eyni zamanda iradə, mədəniyyət və ənənələrin mübarizəsidir. Bu dəfəki müsahibimiz Azərbaycan millisinin üzvü, Çin əsilli taekvandoçu Aygün Lindir.

 

AzEdu.az Aygün Linlə əlaqə saxlayaraq onunla maraqlı söhbət edib.

 

O, yalnız idman meydanlarında deyil, həyatın müxtəlif sahələrində də addımlarını ustalıqla atır. Mədəniyyətlərarası körpü qurmağı bacaran Aygün hər zərbəsiylə həm özünü, həm də ətrafındakıları daha güclü etməyi hədəfləyən bir idmançıdır.

 

A. Lin 20 ildən artıqdır ki, Azərbaycanda yaşayır.

 

Müsahibəni təqdim edirik:

 

- Aygün, oxucularımıza özünü daha yaxından tanıtmağını istərdik.

 

- Mən Aygün Lin, Çin əsilli Azərbaycan taekvandoçusuyam. 2004-cü ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 289 nömrəli məktəb-liseydə (Zəngi liseyi) rus bölməsi üzrə almışam. Hazırda Azərbaycan İdman Akademiyasının IV kurs tələbəsiyəm. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisası üzrə təhsil alıram. Eyni zamanda Alpman Taekvando Klubunda həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirəm.

 

- Sən Çin əsillisən, amma adın Azərbaycan adıdır. Bunun xüsusi bir səbəbi varmı? Adını kim qoyub?

 

- Valideynlərim həkimlərlə məsləhətləşərək adımı Aygün seçiblər. Hər hansı xüsusi bir səbəbi yoxdur.

 

- İdmana marağın nə vaxtdan yaranıb?

157308

- Təxminən 11-12 yaşlarımdan başlayaraq idmana maraq göstərmişəm. Bir dəfə Çində konfu haqqında bir televiziya verilişinə baxmışdım. O zaman idmana olan marağım formalaşmağa başladı. Daha sonra Çin dilində bir film izlədim və gördüm ki, taekvando konfunun hərəkətlərinə bənzəyir. Bu, mənim üçün çox maraqlı oldu və taekvandoya həvəsim daha da artdı. Ölkədaxili çempionatlarda iştirak edərək bir neçə uğur əldə etmişəm.

 

- Adətən qızlar daha çox humanitar sahələrə üz tuturlar. Sən isə taekvandoçusan. Niyə məhz bu idmançı olmağı seçdin?

 

- Əslində,  əvvəlcə dizaynerlik sahəsinə marağım var idi və hətta bu sahəyə hazırlaşırdım. Öz-özümə düşünürdüm ki, əgər idmana gedə bilməsəm, dizayner kimi inkişaf edərəm. Amma taekvando mənim ürəyimcə idi və seçimim də elə bu idman növü oldu.

 

- Valideynlərin bu seçimində sənə dəstək olurdularmı?

 

- Bəli, onlar məni həmişə dəstəkləyiblər. Onların ən böyük arzusu, mənim arzularımın reallaşdığını görməkdir.

 

- Ailədə neçə uşaqsınız?

 

- Ailədə 5 övladıq. Özümdən böyük, eləcə də kiçik bacı-qardaşlarım var. Mən ortancıl övladam.

 

- Bacı-qardaşların da idmanla məşğuldurmu?

 

- Xeyr, onlar başqa sahələrlə maraqlanırlar.

 

- Çinin təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında hansı fərqləri görmüsən?

 

- Əsas fərq universitet sistemindədir.

 

- Məsələn?

 

- Azərbaycanda idmanla bağlı olmayan bir ixtisas üzrə universitetə qəbul olsan, yalnız həmin sahə üzrə təhsil alırsan. Amma Çində belə deyil. Orada hansı sahədə oxuyursansa-oxu, idmana mütləq üstünlük verilir.

Məsələn, tələbələrə ev tapşırığı kimi 1 həftə ərzində 10 km qaçmaq tapşırılır. Fərqi yoxdur, sən hüquq, mühəndislik, ya da tibb ixtisası üzrə oxuyursan - hər bir tələbə bu tapşırıqları yerinə yetirməlidir.

Bundan başqa, dərs cədvəli də fərqlidir. Tələbələr özlərinə uyğun saatları seçirlər. Amma dərslər çox çətin olur. Bəzən səhərdən axşama qədər davam edir.

 

- Bu sistem orta məktəblərdə də tətbiq olunurmu?

 

- Xeyr, yalnız universitetlərdə keçərlidir.

 

- Sonuncu dəfə Çinə nə vaxt getmisən?

 

- Keçən yay getmişdim. Amma ümumiyyətlə, mütəmadi olaraq gedib-gəlirik.

 

- Qohumların harada yaşayır?

 

- Bütün qohumlarım Çində yaşayır. Yalnız əmim Azərbaycandadır.

 

- Necə oldu ki, ailən tamamilə Azərbaycana köçmək qərarına gəldi?

 

- Valideynlərim işləri ilə əlaqədar olaraq buraya gəldilər. Sonra burada qalıb yaşamağa qərar verdilər. Biznes məqsədilə gəlmişdilər, amma biz burada təhsil aldığımız üçün artıq geri dönmədik.

 

- Təhsilini bitirdikdən sonra Çinə qayıtmağı düşünürsənmi?

157305

- Xeyr, burada qalmağı və karyeramı burada qurmağı planlaşdırıram.

 

- Azərbaycanda dostlarınız varmı? Onlarla münasibətiniz necədir?

 

- Bəli, zala gəldikdən sonra yeni dostlar qazandım. İlk gündən məni çox xoş qarşıladılar və hər zaman isti münasibət göstərdilər. Nəyisə tam anlamadığımda səbir və təmkinlə izah etməyə çalışırlar.

 

- Bəs, Çində dostlarınız var idi? Onlardan uzaq qalmaq sizi kədərləndirirmi?

 

- Bəli, orada da dostlarım var və onlarla əlaqəmiz davam edir. Əslində, onlara da burada yaşamağım çox maraqlıdır. Vaxt tapdıqca zəngləşirik və danışırıq. Hər dəfə mənə “Bakıda maraqlı nə var? deyə sual verirlər, mən də öz təəssüratlarımı onlarla bölüşürəm.

 

- Bakıda ən çox bəyəndiyin yerlər hansılardır?

 

 

- Dənizkənarı Milli Park və İçərişəhər.

 

- İnsanlar sənin Azərbaycan dilində səlis danışdığını görəndə təəccüblənirlərmi?

 

- Bəli, çox vaxt olur. Hətta ingilis dilində sual verən birinə Azərbaycan dilində cavab verəndə insanlar şoka düşmüşdülər.

 

- Hər hansı başqa dilləri bilirsən?

 

-Çin, Azərbaycan, rus dillərini mükəmməl bilirəm. İngilis dilini yaxşı, türk dilini isə qismən başa düşürəm.

 

- Niyə rus bölməsində oxumusan?

 

- Atam düşünürdü ki, nə qədər çox dil bilsəm, bir o qədər yaxşıdır. O, mənə həmişə deyirdi ki, yeni dillər öyrənməyə davam et. Ona görə də məni rus bölməsinə yazdırıb.

 

- Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirsən?

 

- Aş, üç bacı dolması və kabab ən çox sevdiyim yeməklərdir.

 

- Gələcək planların nədir?

 

- Daha çox bilik əldə edib, bildiklərimi gənc nəslə öyrətmək istəyirəm.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox