Azedu.az

Məktəbə gəmi ilə gedən "Fədakar müəllim": "Övladlarım üçün çox darıxıram"- MÜSAHİBƏ

Müsahibə və reportajlar

Müəllimlər və elm adamları

Layihələrimiz

28 Noyabr 2024, 15:22
Məktəbə gəmi ilə gedən "Fədakar müəllim": "Övladlarım üçün çox darıxıram"- MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalı şəhərdən uzaq, ucqar kəndlərdə illərlə müəllim işləyən şəxslərdən dəfələrlə müsahibələr alıb, həmin müəllimlərin oradakı təcrübələri, həyat tərzləri, şagirdləri ilə olan münasibətlərini ictimaiyyətə təqdim edib.

 

Budəfəki müsahibimiz Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar Zamanlıdır. O, Xəzər dənizində yerləşən Çilov adasında 131 saylı tam orta məktəbdə fəaliyyət göstərir. Həmin məktəbə getmək üçün gəmi su nəqliyyat vasitəsindən istifadə edir.

 

Etibar müəllimi daha yaxından tanımaq üçün onunla həmsöhbət olduq.

 

-Etibar müəllim, özünüz və təhsiliniz haqqında daha ətraflı məlumat verməyinizi istəyərdik.

 

-Mən, Zamanlı Etibar Elman oğlu 1993-cü ildə Lerik rayonu Biləvər kəndində anadan olmuşam. Həmin kənddə 2010-cu ildə orta məktəbi bitirmişəm. daha sonra 2011-2013-cü illərdə hərbi xidmətə yollandım. Təhsilimi davam etdirmək məqsədilə 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Salyan filialına daxil olub və 2017-ci ildə bitirmişəm. Həmin il müəllimlərin işə qəbulu imtahanında uğurlu nəticə əldə edərək Saatlı rayon Xanlar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başladım.

 

-Bu məktəbdə neçə il işləmisiniz?

 

-Həmin məktəbdə 2 il fəaliyyət göstərdim. Lakin yerdəyişmə etdikdən sonra Lerik rayon Biləvər kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təyin olundum.

 

-Nə üçün yerdəyişmə etmək istədiniz?

 

-Buna səbəb ailə vəziyyətim idi. Ona görə də yerdəyişmə vasitəsilə doğulub boya-başa çatdığım Lerik rayon Biləvər kənd orta məktəbində işləmək qərarına gəldim.

150102

Burada da 5 il fəaliyyət göstərmişəm. Belə ki, 2 il müəllim, 3 il isə təlim-tərbiyə üzrə direktor müavini olaraq işləmişəm. Bu ilin sentyabrın 16-dan etibarən 131 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətimi davam etdirirəm.

 

-Etibar müəllim, qeyd etdiniz ki, müxtəlif vaxtlarda və bölgələrimizdə peşənizə uyğun çalışmısınız. Bəs bilmək olarmı ki, niyə məhz Adadakı məktəbdə dərs demək qənaətinə gəldiniz?

 

-Doğulub boya-başa çatdığım Lerik rayonu dağlar qoynunda yerləşir. Yəni özünəməxsus təbiət mənzərəsinə malikdir. Düşünürəm ki, insan yeni yerlər görməli və kəşf etməlidir. Dərsə gəmi ilə gedib-gəlmək insana maraqlı gəlir. Həmçinin, onu da qeyd edim ki, buraya gəlməmişdən əvvəl məktəblə bağlı yutubda videolara baxmışdım.

 

-Deməli burada fəaliyyət göstərməmişdən əvvəl məktəblə bağlı araşdırmalar etmişdiniz?

 

-Bəli. Müəllimlərin işə qəbulu imtahanında iştirak etdikdən sonra vakansiya seçimi mərhələsində getmək istədiyim ərazilər barəsində məlumat toplamağa çalışdım. Elə mənim diqqətimi cəlb edən bu məktəb oldu.

 

-Bəs MİQ-dən neçə bal toplamışdınız?

 

-Müəllimlərin işə qəbulu imtahanında 81.125 bal toplamışdım.

 

-Etbar müəllim, Adadakı məktəblə bağlı nə qeyd etmək istərdiniz? Sizə görə digər məktəblərdən fərqi nədir?

150104

-131 nömrəli məktəb düşünürəm ki, çox gözəl kollektivə malikdir. Başda Rəfael müəllim olmaqla müəllimləri çox səmimi insanlardır. Ona görə də bu məktəbə uyğunlaşmaqda heç bir çətinliklə qarşılaşmadım. Hazırda 62 şagird var və onlar neft işçilərinin övladlarıdır. Şagird kontingentinin az olmasına baxmayaraq məktəbin ümumi nəticəsi ürəkaçandır. Hətta bu məktəbin məzunu olan tələbələr xaricdə təhsil alırlar.

 

Müəllimin peşəsi bilik verməkdən əlavə müasir cəmiyyətə uyğun gəncləri yetişdirməkdir. İstər digər bölgələr, istərsə də Adadakı məktəb olsun bizim missiyamız ancaq gələcək üçün sağlam nəsillər yetişdirməkdir.

 

-Necə oldu ki, mühitə tez alışdınız?

 

-Buna səbəb həm 7 illik pedaqoji fəaliyyətlə məşğul olmağım, həm də düşdüyüm mühitə daha tez uyğunlaşan biri olmağımdır. Eyni zamanda pedaqoji kollektivin səmimiyyəti nəticəsində daha da tez alışmağa başladım. Onlar məni darıxmağa qoymur.

 

-Küləkli hava şəraiti ilə əlaqədar dərslərinizin təxirə düşdüyü olubmu?

 

150103-Xeyr. Biz məktəbə 1-2 gün əvvəldən gəlirik. Məsələn, 1-ci gün dərs varsa, bazar günü dərsə gəlirik. Hava şəraitinin pis olduğunu gördükdə isə məktəbin yataqxanasıdan qalmalı oluruq. 

 

-Bəs dənizlə bağlı hansısa çətinliklə qarşılaşmısınızmı?

 

-Xeyr. Çətinliklə qarşılaşmamışam.

 

-Lap yaxşı. Ümid edirəm bundan sonra da sizin üçün belə olar. Etibar müəllim, həftədə dərsiniz neçə dəfədir?

 

-Həftədə 4 gün dərsim olur.

 

-Bakıda tək yaşayırsınız, yoxsa ailənizlə birgə?

 

-Bəli, tək qalıram. Ailə üzvlərim rayondadır. Lakin istəyirəm ki, onlarla burada birgə yaşayım. Düzünü desəm, mənə ən çox çətinlik övladlarımın yanımda olmamasıdır. Lakin bu, müvəqqəti narahatlıqdır. Düşünürəm ki, növbəti illərdə ailəmi Bakıya gətirə biləcəm.

 

-Gələcəklə bağlı hansı hədəfləriniz var?

 

-Elə bu məktəbdə də çalışmağa davam etməyi planlaşdırıram. Bundan əlavə, gələcəkdə magistratura üzrə təhsil almağı düşünürəm.

 

-Etibar müəllim, fənninizi şagirdlərinizə necə sevdirirsiniz? Onlarla necə dialoq qurursunuz?

150105

-İlk növbədə şagird müəllimi sevməlidir ki, fənnini də sevə bilsin. Bu yolda çalışaram ki, şagirdlərin sevgisini qazanım. Dərsdən sonra uşaqlarla voleybol, basketbol və futbol oynayırıq. Onlarla bir növ vaxtımı səmərəli keçirməyə çalışıram.

 

-Uzun müddətdir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu günə qədər olubmu ki, dərsliklərə salınan mövzu sizi qane etməyib?

 

-Azərbaycan dili fənnində daha çox yuxarı sinif dərsliklərində dil qaydalarının azaldılması problemi var. Belə baxanda ümumi olaraq böyük bir problem yoxdur. Düşünürəm ki, Azərbaycan dilinin qrammatik qaydaları azaldılmamalıdır. Sovet kitablarında əsasən qrammatik qaydalar çoxluq təşkil edirdi.

 

Həmin kitablar universitetlərə tam hazırlaşmaq mümkün idi. Amma indi əlavə dərs vəsaitləri olmasa təəssüf ki, ali məktəbə qəbul olmaq mümkün deyil. Lakin dərsliklərimiz təkmilləşərək yenilənir. Bu da öz növbəsində yaranan problemlərin aradan qaldırılmasına kömək olacaq.

150106

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox