Azedu.az

"Qələbə qazanmaq, övladdan da şirinmiş" -  Kəlbəcərli müəllim 

Müsahibə və reportajlar

25 Noyabr 2024, 16:02
"Qələbə qazanmaq, övladdan da şirinmiş" -  Kəlbəcərli müəllim 

Bu gün Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.

 

AzEdu.az Təhsil Portalı olaraq biz də bu münasibətlə kəlcəbərli Azərbaycan dili və ədəbiyyat müəllimi İsməli Kamalov ilə əlaqə saxladıq.

 

-İsməli müəllim, sizi qələbə münasibəti ilə təbrik edirəm, gözünüz aydın olsun. Sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.

 

-Təbrikiniz üçün təşəkkür edirəm. Mən, əslən kəlbəcərli Kamalov İsməli Cümşüd oğlu, 1961 ci ildə Yellicə kəndində anadan olmuşam. Sovetlər Birliyi dövründə orta məktəbi bitirib 1979-cu ildə o vaxtı Kirovabad Dövlət Pedaqoji İnstitutunun indiki Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini əyani formada bitirmişəm. Elə buranı bitirdikdən sonra öz doğma kəndimə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləmək üçün təyinat aldm. Bu günə qədər də həmin ixtisas üzrə çalışıram. Çox təəssüf ki, daha sonra 1993-cü ildən qismətimizə məcburi köçkünlük yazıldı.

 

-Həmin vaxt neçə yaşınız var idi?

 

-Torpaqlarımız işğal olunduğu ərəfədə 33 yaşım var idi.

 

-Deməli həm uşaqlıq, həm də gənclik illərinizi torpağınızda keçirmisiniz. İnsan üçün ən gözəl günlər məhz həmin dövrlərdə valideynləri ilə keçirilən günləridir. Siz o dövrü necə xatırlayırsınız?

 

-O dövrümü qayğısız həyat kimi xatırlayıram. Qayğısız dedikdə onsuz həyatın problemləri hər zaman olub və olacaq. Sadəcə olaraq həmin vaxtlarda müharibə yox idi və valideynlərim yanımdaydı. Bunun özü də o zamanlar qayğısız həyatım olduğunu izah edir. Hisslərimi şeirlə ifadə etmək istərdim.

 

-Buyurun.

 

-Qaçanda 33 yaşım var idi,

Torpağım var idi, daşım var idi.

Vətəndə ağrımaz başım var idi,

Bir də çalmalıda çalınan tütək.

 

-Yazdığınız şeirdən də aydın olur ki, torpağa bağlı biri olmusunuz. Hazırda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

-1993-cü ildən etibarən Daşkəsən rayonu Quşçu kənd 71 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm.

 

-İsməli müəllim, 30 ilə yaxın bir müddətdə torpaqlarımız mənfur düşmənlərin tapdağı altında idi. Bu müddət ərzində ümidsizliyə qapıldığınız anlarınız olubmu? Kəlcəbərin işğaldan azad olunacağına inanırdınızmı?

149861

-Bəli, ümidsizliyə qapıldığım anlarım olub. Amma mən həyatda mübariz biriyəm. Yəni ümidlərin qırıldığı vaxtda belə mübariz ruhumdan əl çəkməmişəm. Həm müəllim olmuşam, həm də könüllü batalyonda xidmət etmişəm. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Bununla da sönməkdə olan ümidlərimiz yenidən alovlandı.

 

-Az əvvəl də qeyd etdiyiniz kimi, torpaqlarımız artıq işğaldan azad edildi. Bu xəbəri ilk dəfə eşitmək sizdə hansı təəssüratları oyatdı?

 

-Yuxarıda ulu tanrı, ondan aşağıda ata, ana və Vətən hesab edirəm ki, danılmaz varlıqlardır. Onlardan daha şirin olan varlıq var ki, o da övladdır. Amma qalibiyyətdən sonra kəşf etdim ki, baladan da şirin həyatda varlıq varmış. Bu qələbə imiş. Siz inanın ki, mən övlad şirinliyindən daha çox qələbənin şirinliyini dada bilmişəm. Bəlkə insanlar: “övladdan şirin nəsə var ki?”,- deyə bilər. Mənim zənnimcə var. Zəfəri, qələbəni sözlə ifadə etmək çətindir. Bu Azərbaycanın tarixində yeni bir səhifədir. Dəmir yumruğun gücü balanın şirinliyini də geridə qoydu.

149860

Allah şəhidlərimizin yerini cənnət eləsin. Şəhidlərimiz təkcə böyüdükləri ailələrin deyil, hər birimizin balasıdır. Şəhidlərə və onların analarına şeirlər yazmışam. Hətta təklif etmişəm ki, şəhidləri dünyaya gətirən analara “Milli Qəhrəman anası” statusu verilsin.

 

-İsməli müəllim, Kəlbəcər şəhər günü münasibəti ilə nə demək istərdiniz?

 

-Həmvətənlilərimi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə can sağlığı arzulayıram.

 

Son olaraq qeyd etmək istərdim ki, Kəlbəcərin gözəlliklərinə tamaşa etmək üçün 2 göz yetmir, fələkdən 4 göz istəmək gərək...

 

Müsahibimiz İsməli müəllimin şəhid analarına həsr etdiyi şeiri təqdim edirik:

 

Şəhid Analarına xitabən

 

İlahi,nə çəkir görən analar?

Yaralı ürəyi aç bizə göstər.

Övlada halallıq verən analar,

Şəhid balasından halallıq istər.

 

Öpüm əllərindən, şəhid anası.

Oturaq diz-dizə, duraq göz-gözə.

Sənin ciyərinin paralanması,

Bütöv Azərbaycan yaratdı bizə.

 

Basılıb bacası, qapı-aynası.

Heyrətdən donmuşam əllərim əsir.

De hansı millətin şəhid anası,

Şəhid balasına qoç qurban kəsir?

 

Şəhidlər dar günün vətən yaddaşı.

Nə üzə qan tökün, nə bir saç yolun.

Şəhid ataları, bacı-qardaşı,

Şəhid anasından muğayət olun!

 

Vətən, vətən oldu, gözlərin aydın.

Vətən səni doğdu sən çəkdin dağı.

Əsgər oğulları sən doğmasaydın,

Vətən olardımı, vətən torpağı?

 

Dik saxla başını, şəhid anası,

Oğlun söykəndiyi zirvələr kimi.

Sil gözün yaşını, şəhid anası,

Sən sirr saxlayansan dərələr kimi!

 

Dərdini bətnində boğar analar.

Əsiri deyillər şöhrətin,şanın.

Qəhrəman oğullar doğan analar,

Milli qəhrəmanı Azərbaycanın.

 

İsməli Dağlaroğlu

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox