Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
AzEdu.az Təhsil Portalı olaraq biz də bu sevincə şərik olmaq üçün azərbaycanlı dövlət və siyasi xadim, Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı Aqil Məmmədovla əlaqə saxladıq.
A.Məmmədov əslən Kəlbəcərlidir. Aprelin 1-də Kəlbəcər rayonun Ağdaban kəndində anadan olub.
-Aqil müəllim, sizi ilk növbədə qələbə münasibəti ilə təbrik edirik. Maraqlıdır, məktəbi Kəlbəcərin hansı bölgəsində bitirmisiniz?
-Mən, elə doğulduğum kənddə - Ağdabanda orta məktəbi bitirmişəm. Daha sonra hərbi xidmətə yollanmışam. 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladım. İdman sahəsində ali təhsil alandan sonra isə Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldum.
-Kəlbəcərli günlərinizi necə xatırlayırsınız? İllər sonra doğma torpaqlarınızı yenidən ziyarət etdiyiniz zaman hansı hisslər yaşadınız?
-Deyərdim ki, elə tam da məqamında mənimlə əlaqə saxlamısınız. Ötən günlərdə Kəlbəcərə ailəmlə birgə səfərim baş tutdu. İşğaldan azad edildikdən sonra ilk dəfə 2021-ci ilin yanvar ayında ziyarət etmişdim. O hissləri və anları yaşamağı heç kəsə arzulamıram. Olduqca çətindir... Bu duyğuları anlamaq üçün işğalçılığın, məcburi köçkünlüyün nə demək olduğunu gərək yaşayasan. 30 ilə yaxın bir vaxtdan sonra ata-baba torpağına getdiyin vaxt keçirdiyin duyğuları yalnız səninlə eyni taleyi yaşayanlar anlaya bilər. Düşünürəm ki, heç kim bu hissləri sözlə ifadə edə bilməz. İnsan bilmir ki, sevinsin, yoxsa kədərlənsin.
Mənim səhhətimdə bir az narahatlığım var idi. İndi soruşun ki, Kəlbəcərdə qaldığın günlərdə həmin ağrılardan əsər-əlamət qalıb? Qətiyyən. İnanırsınız bəlkə də 15 kilometr ayaqla məsafə qət etdim, amma bir dəfə də ağrı hiss etmədim. İnsanın doğma torpağında heç bir ağrı-acısı qalmır.
-Sizə görə Kəlbəcərin özəlliyi nədən ibarətdir?
-Kəlbəcər o dövrdə ərazi baxımdan ən böyük rayonlardan biri olub. Əsasən də kənd təsərrüfatı üçün çox yararlı ərazi idi. Həmçinin, Kəlbəcər yeraltı və yerüstü sərvətlərlə zəngindir. Kəlbəcərin məşhur "İstisu" haqqında da fikirlərimi çatdırmaq istərdim.
Sovetlər dövründə həmin su dünyada məşhur sulardan biri idi. Həm müalicə əhəmiyyətinə görə, həm də kimyəvi tərkibinə görə özünəməxsus keyfiyyətə malikdir. Artıq o mineral su zavodu tikilib istifadəyə verilib və düşünürəm ki, hər kəs “İstisu”dan istifadə edir. Həmin suyun xarici ölkələrə də satışı nəzərdə tutulub. Kəlbəcərin sərvətlərindən danışmaq həqiqətəndə bitib-tükənmir...
-Bu cür füsunkar təbiətə, məşhur suya sahib torpaqdan ayrılmaq kəlbəcərli sakini üçün olduqca çətindir. Həmin dövrü necə xatırlayırsınız?
-1993-cü ilin aprelin 1-dən 2-nə keçən gecə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Kəlbəcərin həmin dövrlərdə Ağdərə kəndləri də daxil olmaqla 147 kəndi var idi. Buna baxmayaraq o kəndlər yerlə-yeksan oldu.
Kəlbəcər rayonu 5 ilə yaxın mühasirə dövrünü yaşadı. Bəzi dar düşüncəli insanlar deyirlər ki, siz torpağınızı müdafiə edə bilmədiniz. Mən bu sözün hər zaman əleyhinə olmuşam. Kəlbəcər rayonunun sakinləri son günə qədər torpağının müdafiəsində iştirak etdilər. Həmin zamanlarda neçə şəhidlərimiz oldu. Bundan sonra təzyiqlər çoxalmağa başladı. 1992-ci ildə Ağdaban hadisəsi baş verdi. Sanki 2-ci Xocalı soyqırımı törədildi. İnsanlar qəddarcasına qətlə yetirildilər.
Həmin dövrlərdə yaşadığımız bir xatirəni sizinlə bölüşüm.
-Əlbbətə, buyurun.
-Bizim kənddə Camal adında bir kişi var idi. Düşmənlər güllə atan zaman qucağındakı körpə qızı yaralanır. Kənar adamlar görməsin deyə qızını peyini qazdırıb oraya basdırmışdılar. Bu anları yaşamaq, eşitmək, bilmək bilirsiz necə ağırdır?
Kəlbəcərə ziyarətim zamanı şəhid olan insanların qapısını bir-bir gəzmişəm. Baş verən faciəni və indiki halı insan göz önünə gətirir. Bir göz ağlayır, bir göz gülür.
-Aqil müəllim, 2020-ci il II Vətən müharibəsi başlayan zaman hər bir azərbaycanlıların qulağı səsdə idi. Hər bir kəs orpaqlarımızla bağlı şad xəbərə köklənmişdi. Siz həmin dönəmlərdə nə hiss keçirdiniz?
-2-ci Qarabağ müharibəsi dönəmində çox həyəcanlı günlər keçirdik. Lakin daha sonra qələbə xəbərimiz gəldi və bütün azərbaycanlıların arzusu çin oldu. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yeni bir tarix yazdı.
Kəlbəcər Şəhər Günü münasibətlə bütün kəlbəcərliləri, azərbaycanlıları ürəkdən təbrik edirəm. Bu qələbəni bizə yaşadan Cənab Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.