Azedu.az

YÖS imtahanının dünya BİRİNCİSİ: "Özünəinamın insana qazandırmayacağı uğur yoxdur"- MÜSAHİBƏ

Müsahibə və reportajlar

23 Noyabr 2024, 13:33
YÖS imtahanının dünya BİRİNCİSİ: "Özünəinamın insana qazandırmayacağı uğur yoxdur"- MÜSAHİBƏ

Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR - YÖS/2 imtahanında azərbaycanlı şagird Gülcan Niftəli 1-ci yeri tutub.

 

 O, 500 - tam bal toplayıb.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Gülcan Niftəli ilə əlaqə saxladıq.

 

O, təəssüratlarını bizimlə bölüşüb.

 

-Gülcan, səni ilk növbədə Türkiyədə təşkil olunan və dünya üzrə 9813 şagirdin iştirak etdiyi 2024 TR -YÖS/2 imtahanında 1-ci yer tutmağını münasibəti ilə təbrik edir, uğurlar arzulayırıq. Çox istərdik ki, səni daha yaxından tanıyaq.

 

-Əlbəttə. Təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm. Mən Niftəli Gülcan Elnur qızı 2008-ci ildə ziyalı ailəsində anadan olmuşam. Hazırda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinifində təhsil alıram. Bundan başqa Bakı şəhərindəki Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortopiano sinifini bitirmişəm. Dünya brendi olan “ASAN xidmət”də könüllü olmuşam. Türkiyənin ali təhsil məktəblərinə əcnəbi abituriyentlər üçün vahid qəbul imtahanından (TR-YÖS) hədəflədiyim maksimum nəticəni əldə etdim. Hazırda isə buraxılış imtahanına hazırlaşıram.

 

-Bu xəbər ilk dəfə eşidən zaman nə hisslər keçirdin? Sevincini ilk kiminlə bölüşdün?

149781

-Xəbəri aldıqda həddindən artıq sevinc hissləri keçirdim, inana bilmirdim ki, belə bir naliyyəti qazanmışam. Bütün yaşıdlarıma belə böyük sevinclər yaşamağı arzulayıram. Sevincimi ilk valideynimlə, yəni mənə ən çox inanan insanlarla bölüşdüm. Xəbəri eşidən zaman yaşadığım sevinc hisslərindən bir daha anladım ki, həqiqətən bu sevinc üçün gecə-gündüz çalışmağıma dəyərmiş.

 

-10 minə yaxın şagirdin içərisindən yüksək bal toplayacağına inanırdınmı?

 

-Təhsil həyatımda hədəfim hər zaman ən yüksək nəticədir. Digər həmyaşıdlarıma da hədəflərini həmişə yüksək tutmaqlarını tövsiyyə edirəm. Çünki bu çalışmaq üçün böyük motivasiyadır. TR-YÖS imtahanına hazırlaşmağa başlayandan bəri istəyim 500 – maksimum balı yığmaq idi. Buna nail olduğum üçün özümlə qürur duyuram.

 

-Aydın məsələdir ki, imtahana hazırlaşmağın böyük məsuliyyəti olduğu kimi, stressi də var. Sənə bu dönəmlərdə ən çox kim dəstək olurdu? Nədən motivasiya alırdın?

 

-Təbii ki, bu yol kifayət qədər stressli idi. Mənə bu yolda dəstək olanlar ailəm və mənimlə eyni yolu davam edən dostlarımdır. Özümü və ailəmi qürurlandıracaq olmağım ən böyük motivasiyam oldu.

 

-Gülcan, gələcəklə bağlı hansı hədəflərin var? Magistratura təhsili haqqında nə düşünürsən?

149782

-Gələcəklə bağlı əsas hədəfim peşəkar həkim və vətəninə xeyirli vətəndaş olmaqdır. Təhsil pillələri ilə bağlı prosesləri isə gələcək göstərəcək.   

 

-Hansı universitetdə təhsilini davam etdirmək istəyirsən?

 

-Təhsilimi Türkiyədə, top universitetlərdən birində davam etdirmək istəyirəm.

 

-Sənə görə uğurun sirri nədən ibarətdir?

 

-Dərslərimi vaxtı-vaxtında oxumağım, mümkün qədər disiplinli olmağım, ailəmin və müəllimlərimin böyük zəhməti məni uğura apardı.

 

-Belə gözəl nailiyyətə sahib olmaq üçün yaşıdlarına nəyi tövsiyə edərdin?

 

-Yaşıdlarıma çəkdikləri əziyyətin heç vaxt yerdə qalmayacağını bildirmək  istəyirəm. Yetərincə çalışmaq və özünəinamın insana qazandırmayacağı şey yoxdur.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox