AzEdu.az Təhsil Portalı olaraq Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.
Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.
Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibimiz Banqladeşdəndir.
Arayış: Banqladeş keçmiş Şərqi Pakistan ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir. Banqladeşin sahəsi 147,570 km²-dir.
İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.
Hazırda Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan Abid Həsən ilə söhbəti təqdim edirik.
-Abid, ilk növbədə özünü oxucularımıza təqdim edə bilərsən?
-Əlbəttə. Mənim adım Abid Həsəndir. Mən Banqladeşdənəm. Hazırda Bakı Ali Neft Məktəbində MBA ixtisası üzrə təhsil alıram. Əvvəllər bir çox milli və beynəlxalq konfrans və müsabiqələrdə iştirak etmişəm. Həmçinin, iki beynəlxalq təşkilatda işləmişəm. Onlardan biri Rusiya hökuməti tərəfindən tanınan insan rifahı təşkilatı olan DobriMirdir. Onlardan mən ictimai fəaliyyətimə əsaslanan təqaüd mükafatına nail olmuşdum. Həmçinin, yeni biliklər əldə etməyi çox sevirəm.
- Niyə Azərbaycanda təhsil almağa qərar verdin?
-Çünki Azərbaycan çox multikultural ölkədir. Buna görə də burada çoxlu biznes təşkilatları və korporasiyalar yaradılır. Nəticədə tələbə bu ölkədən yeni və praktiki biznes bilikləri əldə edə bilər. Bu səbəblərə görə ali təhsilimi Azərbaycanda almaq qərarına gəldim.
- Azərbaycanda universitet seçərkən hansı məqamlara diqqət yetirdiniz?
-Mənim universitetim Azərbaycanda çox məşhur olan SOCAR’ın Bakı Ali Neft Məktəbidir. Bu Ali məktəbdə dərslərin çoxu müxtəlif şirkətlərin təcrübəli mütəxəssisləri tərəfindən keçirilir. Buna görə də biz həmin müəllimlərdən praktiki biznes bilik və təcrübəsi əldə edirik. Ona görə də mən BANM-i seçdim.
- Dərsdən kənar boş vaxtlarında nə ilə məşğul olursan? Hobbilərin nələrdir?
-Normalda boş vaxtlarımda çoxlu seminarlarda və onlayn kurslarda iştirak edirəm. Həm də idmanla məşğul olmağı, “Ted Talks” və TV xəbərlərini dinləməyi sevirəm.
- Hansısa qurumdan maliyyə dəstəyi alırsan?
-Bəli, Azərbaycan hökumətinin xarici tələbələr üçün ayırdığı Heydər Əliyev adına təhsil qrant ilə tam təqaüdlə BANM-də magistratura təhsili alıram.
- Azərbaycanlı dostların varmı?
-Bəli, mənim çoxlu yerli dostlarım var. Yeni insanlarla tanış olmağı xoşlayıram.
- Azərbaycanda özünü əcnəbi vətəndaş kimi hiss edirsənmi?
-Ümumiyyətlə, Azərbaycan xalqı əcnəbilərə hörmətlə yanaşır. Amma bəzən yerli bazarlarda və digər ictimai yerlərdə dil problemi ilə üzləşməli oluram.
- Vətənə qayıdıb öz peşən üzrə işləməyi düşünürsən? Bunun səbəbi nədir?
-Magistratura təhsilimi başa vurduqdan sonra ölkəmə qayıtmaq və Sənaye və Ticarət Nazirliyində işləmək istəyirəm. Ona görə də nəzəri biliklərimi biznes sahəsində istifadə edərək iqtisadiyyatımızı inkişaf etdirməyə və Azərbaycanla xarici işgüzar əlaqələri genişləndirməyə çalışıram.
- Azərbaycan mətbəxindən ən çox bəyəndiyin yemək hansıdır?
-Müxtəlif növ tortlar və çörəkləri sevirəm.
- Bəs oxuduğun ixtisası seçməyinə səbəb nə oldu?
-Azərbaycan kimi dünya ticarət mərkəzi olan bir yerdən biznes bilikləri toplamaq üçün.
- Özünü gələcəkdə necə təsəvvür edirsən? Hədəflərin nələrdir?
-Gələcək qeyri-müəyyəndir. Ancaq hər kəsin bir baxışı olmalıdır. Buna görə də mənim gələcək planımla bağlı öz missiyam var. Uğur zirvəsinə çatmaq üçün öz missiyamı yerinə yetirirəm.
Konkret olaraq, Banqladeşdə Sənaye və Ticarət Nazirliyində biznes ziyalısı kimi ölkəmə ən yaxşı şəkildə xidmət etmək istəyirəm. Mən bu nazirlikdə müxtəlif biznes siyasətlərinin asanlıqla həyata keçirilə biləcəyi ən yüksək vəzifəyə çatmaq istəyirəm.
- Azərbaycanda təhsil almaq istəyən gənclərə məsləhətin nə olardı?
-Təbii ki, mən öz ölkəmin vətəndaşlarına Azərbaycanı müxtəlifliyinə, mədəni zənginliyinə və bilik məkanlarına görə ali təhsil yerləri siyahısında birinci yerə qoymağa həvəsləndirəcəyəm.