Bu gün Ağdam şəhər günüdür. Belə ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində 20 noyabr 2020-ci ildə Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
AzEdu.az Təhsil Portalı olaraq Ağdam şəhər günü münasibətiylə Qarabağ Universitetinin ağdamlı tələbəsi olan Eşqin İmanovla əlaqə saxladıq.
O, təəssüratlarını bizimlə bölüşüb.
Qarabağ Universitetinin ilk tələbəsi olan Eşqin İmanov Mühənsdislik fakültəsinin I kurs tələbəsidir.
-Eşqin, bu gözəl gün münasibətiylə səni ürəkdən təbrik edirik. Səni daha yaxından tanımaq olar?
-Mən, Eşqin İmanov 2024-cü ildə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirmişəm. Daha sonra həmin il I ixtisas qrupuna hazırlaşaraq Qarabağ Universitetinə 396 balla daxil olmuşam. Belə ki, burada Mühəndislik fakültəsinin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təhsil alıram. Anam Gəncə şəhərindən, atam isə ağdamlıdır.
-Atan heç Ağdamla bağlı xatirələrini sənə danışıb?
-Düzdür, o vaxtı mən yox idim, lakin böyüklərimiz həmişə söhbət əsnasında deyiblər ki, Ağdam Qarabağın döyünən ürəyidir. Valideynim söyləyirdi ki, o vaxt ermənilərin Ağdama daxil olacaqları heç ağıllarına da gəlmirdi. Lakin təəssüflər olsun ki, düşmənlər Ağdamı da ələ keçirdilər. Atamın danışdığı yerləri bir vaxtlar canlı görməyin arzusu ilə yaşamışdım. İşğaldan əvvəl atamgil çox yaxşı həyat sürürdülər. Babam Ağdamda fabrik müdiri olub.
-Bu yaşda hər bir gəncin gələcəyi ilə bağlı planları olur. Atanın təhsil almağa imkanı olub?
-Atamın Ağdamdan ayrılan zaman 23-24 yaşları olardı. Təəssüf ki, o, təhsil ala bilməyib. Həmin dövrdə yaranan çətinliklər onun ali təhsil almasına əngəl olurdu. Atam mənə hər zaman deyib ki, “mən şansımı itirdim, amma sənin oxuyub ali təhsilli olmaq şansın var”. Atamın hər sözü mənim üçün qızıltək dəyərlidir. Ona görə də ali məktəbə hazırlaşıb, Qarabağ Universitetinə daxil olundum.
-Bəs, niyə məhz Qarabağ Universiteti? Yəni bu ali məktəbi seçməkdə səbəbin varmı?
-Bəli, var.
-Bilmək olarmı o səbəb nədir?
-Çünki qarabağlı olaraq bu universitetdə təhsil almaq mənim üçün fəxrdir. Eyni zamanda Qarabağ Universitetinin təhsil sistemi ilə bağlı məlumatları araşdırmışdım. Düşündüm ki, burada ali təhsil almaq mənim üçün böyük avantajdır.
-Az əvvəl qeyd etdin ki, Qarabağ Universiteti ilə bağlı məlumatları araşdırmısan. Bəs necə oldu ki, burada oxumaq qərarına gəldin?
-İxtisas seçimi etməmişdən əvvəl Qarabağ Universitetinin tələbələrə verdiyi vədlərlə tanış oldum. Məlumdur ki, Şahin Bayramov əvvəl Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Şahin müəllimin fəaliyyəti hər kəsə məlumdur. Hesab edirəm ki, Şahin Bayramovun rəhbərliyi altında Qarabağ Universitetində təhsil almaq mənim üçün böyük fürsətdir. Qarabağ Universitetində istər tədris sistemi, istərsə də bizə göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədə aparılıb. Bu torpaqda qaldıqda sanki öz evimdəyəm kimi hiss edirəm.
-Eşqin, ailənin ilk övladısan?
-Xeyr, ailənin 2-ci övladıyam. Məndən böyük bacım var. O, Naxçıvan Dövlət Universitetində tibb ixtisası üzrə təhsil alır.
-Gələcəklə bağlı hansı hədəflərin var? Magistratura təhsili almağı düşünürsən?
-Gələcəklə bağlı hədəfim universiteti yüksək qiymətlərlə başa vurmaqdır. Daha sonra Qarabağ Universitetində gələcəkdə magistratura təhsili alaraq elə burada, ata-baba torpağımda işləyib yaşamaq istəyirəm. Düşünürəm ki, bu ali məktəbdə təhsil sistemi çox yüksək səviyyədədir.
Burada dərs sistemi digər universitetlərdən fərqlənir. Biri var ki, nəyisə oxuyaraq öyrənəsən, biri də var həm oxuyub, həm də təcrübəyə sahib olasan. Bu istiqamətdə Qarabağ Universiteti düşünürəm ki, ön plandadır.
-Adətən bəzi insanlar torpaqlarımızın geri dönməsi ilə bağlı ümidsizliyə qapılmağa başlamışdılar. Bəs, sən bu barədə nə düşünürdün?
-Bəli, çoxlarının ağlına belə gəlməzdi ki, torpaqlarımızı geri alacağıq. Lakin mən bir an belə ümidsizliyə qapılmadım. Düşünürdüm ki, bizim olan torpaqlar elə bizə də qayıdacaq. Çox şükür ki, hər birimiz buna şahid olduq. Ali Baş Komadan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində, şəhidlərimizin və qazilərimzin qəhrəmanlıq və şücaəti sayəsində yeni tarix yazıldı.
-Əlbəttə, bu gün bütün dünya qəhrəman oğullarımızın yazdığı tarixdən danışır. Bu bizim parlaq qələbəmizdir. İşğaldan azad edildikdən sonra Ağdama ziyarətə getmisənmi?
-Bəli, getmişəm. Hətta Şuşa və Xankəndidə 2 dəfə olmuşam. Ağdamdakı evimizə atamla ilk dəfə birgə gedib gördüm. Demək olar ki, dağınıtlardan ibarət idi. Buraya ziyarət edən zaman qərar verdim ki, elə burada, doğma torpaqlarımızda təhsilimi davam etdirəcəm. Çünki Qarabağa ilk addım atanda bəri özümü bura məxsus kimi hiss edirəm. Çox sevinirəm ki, bu ali məktəbə qəbul oldum.
-Ağdama getmək sənin üçün necə bir hiss idi?
-Atamla birgə Ağdam torpaqlarında addımladığımız zaman onun necə məyus olduğuna şahid oldum. Bu əlbəttə ki, çox çətin idi. Uzun illərdən sonra ata evinə gedəsən, amma görəsən ki, ondan əsər-əlamət qalmayıb.
Lakin bir müddətdən sonra atamın üzündə dünyanın ən xoşbəxt adamının ifadəsi var idi. Nə qədər sevinc dolu anlar olsa da, lakin bununla yanaşı kədər insanı tərk etmirdi. Məndə gələcəyin əsgəri kimi torpaqlarımızı hər zaman qorumağa hazıram.
-44 günlük Vətən müharibəsində iştirak edən yaxınlarınız olubmu?
- Bəli, II Qarabağ müharibəsində iştirak edən qohumum var. Bibimoğlu Tuncay Əliyev Vətən müharibəsində iştirak etməklə Zəngəzur bölgəsində vuruşub. O, veterandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
-Ağdamlı olaraq Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi şəhər günü ilə bağlı nə söyləmək istərdin?
-Bütün ağdamlıları təbrik edirəm. Bizə bu sevinci yaşadan igid oğullarımıza sonsuz təşəkkürümü bildirirəm. Şəhidlərimizin ruhu şad olsun.