Azedu.az

"Qurbanını kəsəndə, şəhid xəbəri gəldi" -  Şəhid direktorun ailəsi ilə MÜSAHİBƏ 

Müsahibə və reportajlar

9 Noyabr 2024, 09:30
"Qurbanını kəsəndə, şəhid xəbəri gəldi" -  Şəhid direktorun ailəsi ilə MÜSAHİBƏ 

“Arzu edirəm ki, Azərbaycan bayrağı Xankəndidə, Şuşada dalğalansın”, deyirdi İkinci Qarabağ müharibəsində şəhid olan yeganə məktəb direktoru Elvin İmaməliyev

 

O, məktəbdəki bütün tədbirlərdə bu sözləri təkrarlayırdı, ta ki, müharibə yetişənə qədər… Elvin müəllim könüllü yollandı cəbhəyə. Qələbəmizə bir neçə saat qalmış canını, o çox istədiyi Şuşa torpağında tapşırdı…

 

Ondan bizə iki oğul övladı yadigar qaldı…

 

TəyyarTunar qəhrəman atalarının direktor işlədiyi Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə birinci və ikinci sinfə gedirlər.

 

Təyyar məktəbin 2-ci, Tunar isə 1-ci sinfində təhsil alır.

 

AzEdu.az Təhsil Portalı Elvin müəllimin anım günündə onun əziz xatirısini yad etmək üçün bacısı Günel xanım və həyat yoldaşı Əsmər xanımla əlaqə saxladıq.

 

Müsahibəni təqdim edirik.

 

-Günel xanım, xoş gördük. Şəhid bacısı kimi sizi daha yaxından tanımaq istəyərdik.

 

-Mən, İmaməliyeva Günel Elsevər qızı. 3 ildir Ağstafa rayon Qırılı kənd S.Əliyev adına tam orta məktəbdə Fizika müəllimi kimi fəaliyyət göstərirəm.

 

-Sizi tanıdığımıza şad olduq. Günel xanım, istəyərdik ki, qardaşınız Elvin müəllimlə olan xatirələrinizdən birini bizimlə də bölüşəsiniz.

 

-Elvin müəllimlə aramızda 10 yaş fərq var idi. Biz onunla çox yaxın idik. O, həmişə yanımda olub. Mənim müəllimim kimi idi… İlk dəfə məni məktəbə, imtahana, universitetə o aparıb. Hətta mənə də Fransız dilindən dərs keçib.

148946

-Nə gözəl. Ata kimi yaxın olub sizə. Biz onun çıxışlarına baxanda görürük ki, ən çox istədiyi arzusu Qarabağı azad görmək imiş. Bəs, o, evdə necə idi?

 

-Elvin müəllimin ən böyük arzusu torpaqların işğaldan azad olunması idi. Tovuz döyüşləri başlayanda o, gecələri yatmırdı. Tovuz Ağstafaya yaxın idi deyə döyüş səslərini eşidirdi, şəhidlərin hər birinin dəfnlərində iştirak edirdi, evə gələndə çox qanıqara olurdu.

 

Həmin günlərdə o, gedib könüllü müharibəyə yazıldı. Mənim bundan xəbərim var idi. Amma Tovuz döyüşlərində iştirak edə bilmədi. Sentyabrın 27-si müharibə başladıqdan sonra kəndlərimizin işğaldan azad edilmə xəbərini mən, o və həyat yoldaşı birgə izləyirdik. Həmin vaxt bizə dedi ki, “Mən də müharibəyə gedib şəhid olacam”. Əlbəttə, o sözü çox da ciddiyə almadıq. Bir az hirsləndik ki, belə danışma.

 

Bilmirdik gedəcək.  Sentyabrın 29-u çatanda o, bizə müharibəyə gedəcəyini bildirdi. Evdə heç kim ona mane ola bilmədi. Çünki müəllim kimi olan xasiyyətini evə də yansıdırdı. Onun sözü böyükdən-kiçiyə hər birimiz üçün qanun idi. Böyüklər belə qardaşımdan məsləhət alırdılar.

 

Düşünürdük ki, o arxa cəbhədədir. Döyüş meydanında olduğundan xəbərimiz yox  idi, ta ki, şəhid xəbəri gələnə qədər…

 

Gedərkən telefonunu da aparmadı. Ailəsini, övladını, iş-gücünü qoyub getdi… Sanki onu bir qüvvə özünə çəkirdi.

 

Maşına minib gedəndə gözünün altından bizə baxdı və mən ağladım. O baxış 4 ildir gözümün önündən silinmir…

 

-Evdə də vətənpərmiş imiş… Bəs, müəllim kimi necə idi? Bu peşəni özü istəmişdi?

 

-O tarixi çox yaxşı oxuyurdu. Ona görə də tarix müəllimi olmaq istəyirdi. Amma necə oldusa, tarixə yox, fransız dili müəllimliyinə daxil oldu.

 

Direktorluğa imtahandan yüksək bal toplayaraq qəbul olunmuşdu. O, müəllim işlədiyi dövrlərdən etibarən, ancaq vətənpərvərliyi təbliğ edirdi. Bütün tədbirlərdə şagirdlərinə Vətəni sevməyi, onun uğrunda yeri gələndə canından keçməyi aşılayırdı.

148944

Sanki torpaqlarımız onun canına hopmuşdu. Onların azad olunmasını çox arzulayırdı. Ən böyük arzusu Şuşanın azadlığı idi. İstəyirdi ki, müharibədən qayıdıb, şagirdlərinə gördüklərini, necə qalib gəldiklərini danışsın. Amma qismət olmadı… Şuşaya bayraq sancsa da, Şuşanın azad halını görmədi…
 

-Anlayıram. Siz Elvin müəllimin şəhid xəbərini nə zaman öyrəndiniz?

 

-O, noyabrın 8-dən 9-na keçən gecə şəhid olub. Amma biz noyabrın 12-si bundan xəbər tutduq. Bizə dedilər ki, yaralanıb. Atam getdi ki, görsün necədir, amma qayıdanda onun nəşini gətirdi…  

 

Sonuncu dəfə noyabrın 6-sı gecə saat 3-də atama zəng edib, yaxşı olduğunu bildirdi. Sən demə, onda Şuşaya yollanırlarmış. Döyüş yoldaşları deyir ki, Şuşadan 1 gün əvvəl Xankəndidə qızğın döyüşlərdə iştirak ediblər. Hətta o, neçə yaralını səngərdən çıxarıb. O qədər ağır döyüşdə başına heç nə gəlmədi, müharibə bitənə yaxın son atılan topda canını tapşırdı…

 

Noyabrın 6-dan 12-nə kimi ondan bir xəbər ala bilmədik. Zəng gözlədik, neçə yerdən soruşduq, bizlə əlaqə saxladığı nömrələrə zəng etdik, amma heç bir cavab almadıq.

 

Deyirdilər ki, onların olduğu yerdə set tutmur, amma sən demə, o vaxtı Elvin şəhid olubmuş…

 

-Qismət… Sizinlə danışırdı bəs?

 

-Müharibəyə getdiyi müddətdə 1 dəfə danışa bildik. Çox qısa danışırdı, onda da anamla və yoldaşı ilə əlaqə saxlayırdı.

 

Mənə uşaqların sənədləri ilə bağlı bir məlumatı öyrənmək üçün zəng etmişdi.  Hətta hal-əhvalını soruşanda çatdırıb cavab da verə bilməmişdi.

 

Çox peşmanam, kaş danışardım. 44 gün onun üzünü görmədik, demək olar ki, mən onun səsini də eşidə bilmədim. Mən, Elvinsiz dayana bilmirdim. Universitetdə oxuyanda belə, hər gün onun səsini eşitməsəm günə başlaya bilmir, gecə də eşitməsəm yata bilmirdim. Çox kömək olurdu mənə. İndi dara düşəndə bilmirəm ki, imdadıma kim çatacaq… Onun yoxluğu mənim üçün hədsiz ağırdır.

 

O müəllim idi, mən də müəllimlik peşəsinə yiyələnmək istəyirdim. Direktor təyin olunandan sonra da mənə deyirdi ki, çalış sən də təhsil yolunda irəlilə. Özü hansı yolla gedirdisə, məni də o yolla aparmaq istəyirdi. İndi Elvinin istədiyi yolu mən tək addımlayıram.

 

148948

-Əminəm ki, o sizin uğurlarınızı, sevincinizi görür.

 

-Nə zaman dara düşsəm, həyəcan, stress yaşasam, yuxuda mənə kömək olur. O, yuxuda mənə nəyisə deyir, yolumu işıqlandırır, pis mərhələlərdən keçirir.

 

-Zəfər xəbəri gələndə, müharibənin bitdiyini eşidəndə nə hiss edirdiniz?

 

-Zəfər xəbəri gələndə çox sevindik, gecəni yatmadıq. Hamımız televizorun qarşısında oturub Zəfərə baxdıq. Çox rahat idik. Heç ağlımıza gəlməzdi ki, Elvin döyüşdədir. Sanki, ağlımız silinmişdi, düşünmürdük ki, ön cəbhədədir. Bizlə danışanda arxada olduğunu deyirdi. Ona görə də rahat idik. Hətta atam ona qurban demişdi. Qurbanlıqlar qapıya gələndə Elvinin şəhid xəbəri gəldi…

 

Biz noyabrın 11-i uşaqları da götürüb Abidələr parkına getdik. Heç bir şeydən xəbərsiz sevincək orada şəkillər çəkdirdik.

 

Deyirdilər ki, müharibəyə gedənlər 10-15 günə gələcək…

 

-Çox çətindir…Elvin müəllimin vəfatından sonra uşaqlar necə oldular? Nə edirlər?

 

-Hamımız çalışırıq ki, uşaqları xoşbəxt edək. Amma atanın yoxluğunu heç nə doldura bilməz… Onların gözündəki kədər hər şeyə bəsdir. O kədər silinən deyil…

 

Böyük oğlu atasıyla getdiyi yerləri görəndə soruşur ki, “Bibi biz bura kimlə gəlmişdik?”. İstəyirlər ki, ona atasından bəhs edək.

 

Bütün ələmətdar günlərdə anaları onları atalarının qəbrini ziyarətə aparır.

 

-Günel xanım, qardaşınızla bağlı unutmadığınız hansı xatirəniz var?

 

-Çoxdur, amma ən önəmlisi məni iyulda Gəncəyə imtahan apardığı gün idi. Həmin vaxt çox isti idi. Mən imtahanda olduğum 3 saat boyunca Elvin məni məktəbin həyətində gözləmişdi. İmtahandan çıxanda gördüm ki, həyətdə bir nəfər də valideyn yoxdur, hava istidir deyə hamı həyətdən çıxmışdı, bircə Elvindən başqa…

 

O anı mən heç vaxt unutmuram…

148936

Hə, bir də Elvin mənə qorxulu nağıllar danışırdı. 5 yaşımda da xəritəni öyrətmişdi.

 

Elvin müəllimin həyat yoldaşı Əsmər İmaməliyeva da onunla bağlı xoş xatirələrini bizimlə bölüşdü.

 

-Biz Elvin müəllimlə iş mühitində tanış olmuşuq. 1 ay bir yerdə işlədikdən sonra tanışlığımızı daha da ciddiləşdirmək qərarı aldıq.

148945

Elvin vətənpərvər insan, yaxşı müəllim olmağıyla bərabər həm də, çox gözəl ata idi. Bir ananın övladına edəcəyindən daha çoxunu o, ata kimi edirdi. Uşaqları yatırardı, yemək yedirərdi, ehtiyaclarını qarşılayardı. Uşaqlar məndən çox ona bağlı idilər. Mənim edə bilmədiklərimi o edirdi.

 

-Həm sizə, həm övladlarına çox bağlı imiş. Yoldaşınız şəhid olanda övladlarınızın neçə yaşı var idi?

 

-O müharibədə olanda böyük oğlum Təyyarın 3 yaşı tamam olurdu. Uşaq hələ təzə-təzə söz öyrənsə də, Elvin ona vətənpərvərlik barədə çox şeylər danışırdı. Hətta ona Səməd Vurğunun “Azərbaycan,” şeirini də əzbərlətmişdi.

 

-Elvin müəllimin müharibəyə gedəcəyindən xəbərdar idiniz?

 

-Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması Elvinə çox ağır təsir etmişdi. Həmin vaxt Hərbi komisarlıqdan qeydiyyatdan keçərək könüllü müharibəyə yazılmışdı. Hətta bununla bağlı eketron məktub da yazmışdı ki, onu könüllü müharibəyə aparsınlar.

148952

 

Sentyabrın 27-si Hərbi komisarlığa gedəndə ona: “Sən məktəbi idarə edirsən, bura da bir döyüş meydanıdır. Məktəbi, kollektivi qoyub hara gedirsən?”,- deyib, geri qaytarmışdılar. Amma Elvin dözməyib 29-u yenidən müraciət etdi.

 

O deyirdi ki, mən Gənclər Birliyinin sədriyəm. Gərək əməlimlə onlara örnək olum.

 

-29-u müharibəyə gedəcəyi xəbərini bildirəndə bunu necə qarşıladınız?

 

-Getməyinə razı deyildik. Çünki o, burada məktəbi idarə edirdi. Hətta peçatını, məktəbin seyfinin açarını və digər şeyləri evdə qoyub getdi. Onları heç kimə təhvil vermədi.

 

Müharibədə olduğu vaxtlar onunla arada bir danışırdıq. Axrıncı dəfə noyabrın 6-sı zəng edib, hal-əhval tutdu, uşaqları soruşdu.

 

O, müharibədə olan vaxt oktyabrın 9-u oğlumun ad günü idi. Elvin danışanda dedi ki, “Mən nə vaxt qayıtsam, böyük ad günü keçirərik”. Biz bu sözdən sonra Tunarın ad gününü qeyd etmədik.

 

-Sonuncu dəfə danışanda döyüş bölgəsindən nə isə dedi?

 

-Soruşdum ki, orada vəziyyət necədir? Dedi ki, buradakılar çox əziyyət çəkirlər. Amma orduda əhval-ruhiyə yüksəkdir. Hamının məqsədi torpaqları azad etməkdir.

 

-Günel xanım bildirdi ki, şəhid xəbərini noyabrın 12-si almısınız…

 

-12-si səhər saat 9 idi. Bizə zəng gəldi ki, Elvin müəllim yaralanıb. İcra hakimiyyətinin binasına gedəndə dedilər ki, hələ də yaralıdır. Amma orada başqa şəhid ailələrini eşidəndə anladıq ki, bizə toxtaxlıq vermək üçün yalan deyirlər.

 

Sonra şəhid olduğunu qeyd etdilər. Atası təcili yardımla onun nəşini gətirməyə getdi. Hətta mən də istəyirdim, amma qoymadılar.

148950

-Çox güclü qadınsınız. İki azyaşlı övladınız var idi həmin vaxt. Necə ayağa qalxdınız?

 

-Mən 1 il özümə gəlmədim. Uşaqlarıma qulluq edə bilmədim. Onlardan soyumuşdum elə bil. Sonra ayıldım ki, Elvin uşaqlara necə baxırdı. Onun yadigarlarına belə etməyim doğru deyildi.

 

Deyirlər, “Uşaq atadan yox, anadan yetim qalır”. O vaxt uşaqlar da həyatdan sönmüşdülər. Yoldaşımın ruhunu şad etmək üçün özümə gəlib, övladlarıma qayğı verdim.

 

-Uşaqlar ataları barədə sizə suallar verirlər?

 

-Bəli. Kiçik oğlum deyir : “Atam nə vaxt gələcək?” . Tez-tez təkrarlayır ki, atam əsgər gedib, düşmənləri öldürüb, qayıdacaq. O, elə o fikirlə yaşayır.

 

Uşaqlar qəbirsanlığa gedəndə deyirlər ki, “Bura atamızın evidir”.

 

-Balacaların dərsləri necədir? Maraqları hansı sahəyədir?

 

-Böyük oğlum çox gözəl oxuyur. Sinfdə ən yaxşı oxuyan uşaq odur. O, həkim olmağı çox istəyir. Balaca isə hələ tam dərk eləməsə də, polis olacam deyir.

 

-Atamız hardadır deyəndə nə cavab verirsiniz?

 

-Deyirik ki, gələcək…

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox