Xəbər verdiyimiz kimi, Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar.
Belə ki, 2 tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə tələbələrlə əlaqə saxladıq.
Tələbələrdən biri olan Mohəmmədəli Axundov bizimlə təəssüratlarını bölüşüb.
O, Taciksitanda təhsilini magistratura üzrə davam etdirəcək.
-Mohəmmədəli bəy, sizi ilk növbədə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayıram. Oxucularımıza sizi daha yaxından tanıtmaq istərdik.
-Mən, Mohəmmədəli Axundov, orta təhsilimi Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada (Ərəb dili üzrə) almışam və 11-ci sinifdə təhsilimi bitirib, 2020-ci ildə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. Ali təhsilimi Regionşünaslıq (Ərəb ölkələri üzrə) davam etdirmişəm. Bu müddətdə yerli və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Xaricdə (Türkiyədə və Oman Sultanlığında) Qatar Debate tərəfindən təşkil edilmiş debatda Bakı Dövlət Universitetini Ərəb dilində təmsil etmişəm.
- Xaricin nüfuzlu bir ali təhsil ocağına qəbul olmaq olduqca sizi sevindirmiş olar. İlk dəfə qəbul xəbərini necə öyrəndiniz və nə hisslər keçirdiniz?
-Bu sevincli xəbəri ilk dəfə olaraq, Şimali Kiprdə eşitdim. Tacikistandan məlumat gəlmədiyi üçün artıq Şimali Kiprdə təhsilimi davam etdirməyi düşünürdüm. Amma bir anda zəng gəldi və HTP Tacikistan üzrə namizəd seçilməm münasibətilə məni təbrik etdilər. Həqiqətən də çox şad oldum. Əvvəla, dövlət xətti ilə ilk azərbaycanlı tələbə olaraq Tacikistanda təhsil alan tələbə adını qazandım və istədiyim sahə üzrə təhsil alacağıma həddindən artıq sevindim. Ailəm mənə hər zaman dəstək olub.
Bu mövqedə olmamda ailəmin böyük zəhməti var. Bu zəhməti bəlkə də həyatım boyu ödəyə bilməyəcəm. Təbii ki, qəbuı xəbərimi ilk valideynlərimə dedim. Onlar da mənim kimi çox sevindilər.
-Bəs necə oldu ki, təhsilinizi xaricdə davam etdirmək qərarına gəldiniz?
-Bakalavr üzrə təhsilimi aldıqda, xaricdə tədbirlərdə iştirak etdikdə, başa düşdüm ki, dil biliyimi daha da mükəmməlləşdirmək üçün dil daşıyıcılardan öyrənməliyəm və universitet bitən kimi xarici universitetlərə və həmçinin HTP-ə müraciət etdim.
-Niyə məhz Tacikistanda təhsil almaq istəyirsiniz? Universitet seçimində hansı amilləri nəzərə aldı?
-İlk növbədə HTP-də yer alan ölkələri və şərtləri araşdırdım. Mənə uyğun olan Tacikistan üzrə təhsil almağım oldu. Tacikistan Milli Universitetində Asiya və Avropa kafedrasının ərəb dilçiliyi ixtisasını seçdim. Burada dil biliyimi yüksəldə bilərəm. Həmçinin, rus dilinin ölkədə böyük nüfuzu var. Universiteti seçməyimdə məqsəd, həm böyük keçmiş tarixə, həm də Mərkəzi Asiyda "QS World University Ranking" üzrə 23-cü, ölkə üzrə 1-ci yerdə olmasıdır. Universitetdə ərəb dili və ingilis dili üçün böyük imkanlar yaradılıb. Eyni anda ərəb, fars, ingilis və rus dilimi təkmilləşdirib, verilən təhsil sayəsində daha da inkişaf edə biləcəm.
-Mohəmmədəli bəy, bakalavr illərinizi necə xatırlayırsınız?
-Universitet illərində qrupumun Qrup nümayəndəsi olmuşam. Rəhbərlik və fakültə tərəfindən verilən tapşırıqları dərhal yerinə yetirirdim. Dərslərimlə yanaşı ictimai fəallığımı da hər zaman qorumuşam. Buna görə cənab rektor Elçin Babayev tərəfindən 1 dəfə sertifikat (Şərqşünaslıq fakültəsinin 100 illik yubikeyi tədbirində Təhsildə əldə etdiyim yüksək akademik nəticələrə və Universitetin ictimai həyatında fəal iştirakıma görə Aida İmanquliyeva adına 2-ci təqaüdə) və təşəkkürnaməyə (Universitetin ictimai həyatında fəal iştirakıma və könüllük fəaliyyətimə görə) layiq görülmüşəm. Beynəlxalq və yerli tədbirlərdə hər zaman iştirak etmişəm. Bakalavr təhsilimi isə 95.85 ortalama (Fərqlənmə diplomu) ilə bitirmişəm Bu həmdə təhsil həyatıma çox böyük təsir etdi və gözəl xatirələrlə yadda qaldı.
-Gələcəklə bağlı hansı hədəfləriniz var?
-Gələcəkdə hər istəkli tələbə kimi mənimdə bir çox hədəflərim var. Amma bunlar arasında ən çox istədiyim Azərbaycan Respublikasına xidmət etməkdir. Ölkəmi yarışlarda təmsil edərkən çox böyük qürur hissi yaşayırdım. Bu istəklər getdikcə məndə çoxaldı. Hazırda təhsil almağımın məqsədi, ölkəm üçün ixtisaslı kadr olaraq yetişib, diplomat kimi ölkəmi xaricdə təmsil etməkdir. Bu bəlkə də mənim ən böyük arzum və hədəfimdir.
-Xaricdə təhsil almaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?
-Hər kəs üçün asan deyil ki, ölkəsindən, ailəsindən, doğmalarından uzaqlaşıb, böyük amal uğrunda qərib ölkədə təhsil alsın. Bu yalnız istəkli tələbələr üçündür. Tövsiyəm budur ki, heç bir zaman ümidlərinizi qırmayın. Kimlərsə, sizi bu yoldan döndərə bilər. "Ora haradır?, Tək nə edəcəksən?, Sən bacara bilməzsən!"”,- kimi sözlərdən istifadə edirlər.
Əgər həqiqətən böyük hədəfləriniz varsa, heç vaxt bunlara qulaq asmayın. Təbii ki, də səhvlər olacaq və böyük çətinliklərlə qarşılaşacaqsınız. Amma böyük hədəfiniz varsa, hər şeyin üstəsindən gələcəksiniz.
Hədəfim ölkəmə xidmət etməkdir. Bunu düşünüb, hər zaman irəliləyirəm. Sizin də böyük hədəfləriniz olsa, heç zaman dayanmayacaqsınız. Daha çox dil öyrənməyə çalışın. Ümumiyyətlə seçdiyiniz ölkənin dilini normal səviyyədə öyrənməyə çalışın. Çünki sizə çox ehtiyac olacaq. Mən fars dilini yaxşı bildiyim üçün çox az çətinliklər oldu. Unutmayın ki, əziyyət çəksəniz, onun bəhrəsini hər zaman görəcəksiniz. Bu nə qədərdə şablon səslənsə də, reallıqdır.
Sonda isə ilk öncə Allahıma şükr edirəm. Çünki hər bir uğurum Allahdandır. Həmçinin, bu protokolu həyata keçirilməsi üçün göstəriş verən Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, hər iki ölkə arasında imzalanan sazişin Azərbaycan tərəfindən Tacikistan üzrə seçilən ilk tələbəsiyəm. Mənə dəstək olduqları üçün ailəmə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, HTP-ə dərin minnətdarlığımı bildirirəm.