Azedu.az

Çində bağça uşaqlarının sevimlisinə çevrilən azərbaycanlı: "Burada müəllimlərin maaşı çox yüksəkdir"

Müsahibə və reportajlar

4 Noyabr 2024, 11:48
Çində bağça uşaqlarının sevimlisinə çevrilən azərbaycanlı: "Burada müəllimlərin maaşı çox yüksəkdir"

Çində bağçada cəmi 1 il müəllim işləməsinə baxmayaraq, uşaqların sevgisini qazanmış İqrar müəllimi yəqin ki, çoxlarımız tanıyır. 

 

İqrar Məmmədov müəllimlikdən əlavə öz maraqlı bloq səhifəsi ilə də sosial şəbəkə izləyicilərinin sevimlisinə çevrilib.

 

AzEdu.az Təhsil Portalı olaraq xaricdəki həmyerlimizi daha yaxından tanımaq, Çindəki həyatın bir parçasını öyrənmək üçün onunla həmsöhbət olduq.

 

Müsahibəni təqdim edirik.

 

- İqrar bəy, hər vaxtınız xeyir olsun. Son günlər videolarınızla gündəmə gəlirsiniz. İstəyərdik ki, sizi daha yaxından tanıyaq. Kimdir İqrar Məmmədov?

148395

- Təşəkkür edirəm. Mən, İqrar Məmmədov İlham oğlu 14 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Göyçay rayonunun Alı kəndindənik. 

 

Biz 2000-ci ildə Rusiyanın Orexovo-Zuyevo şəhərinə köçdük. Mən məktəbə 2001-ci ildə elə həmin şəhərdə getmişəm. Artıq 7-ci sinifdə oxuyanda biz Göyçaya qayıtdıq. Təhsilimi həmin rayonunun 3 nömrəli məktəbinin rus bölməsində davam etdirdim. Məzun olduqdan sonra 2012-ci ildə Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi mühəndisliyi fakültəsinə daxil oldum. Artıq 1,5 ildir ki, Çində yaşayıram və hazırda logistika biznesi ilə məşğulam. 

 

- Şad olduq. İqrar bəy, Rusiyadan Göyçaya köçdükdən sonra burada dərslərə, eləcə də mühitə adaptasiya prosesində çətinlikləriniz oldu?

 

- Əlbəttə, Rusiyadan Azərbaycana köçdükdən sonra adaptasiya prosesində müəyyən çətinliklərim oldu. Həmin vaxt mənim 12 yaşım var idi. Yeni bir mühitə öyrəşmək asan olmadı. Azərbaycandakı dil və insanların gündəlik davranışları Rusiyadan fərqli idi. 

 

Əsas çətinliklərdən biri dili daha dərindən öyrənmək və yeni dostlar qazanmaq idi. Lakin ailəmin və ətrafdakı insanların dəstəyi ilə bunun tədricən üstəsindən gəldim və Azərbaycanda özümü daha rahat hiss etməyə başladım.

 

- Aydındır. Bəs, illər sonra Vətənə qayıtma səbəbiniz nə idi?

 

- Azərbaycana qayıtmağımızın əsas səbəbi ailəmin burada təhsil almağımı istəməsi oldu. Rusiya vətəndaşlığım yox idi və valideynlərim mənim məhz Azərbaycanda böyüyüb, təhsil almağımı daha uyğun hesab edirdilər.

 

- 12 yaşlı uşaq üçün Rusiyadakı dostlardan ayrılmaq necə hiss idi? Göyçaya gəldikdən sonra onlarla əlaqə qura bilirdiniz?

 

- Dostlardan ayrılmaq asan deyildi, çünki onlar mənim üçün çox dəyərli idilər. Biz illərlə bir yerdə böyümüşdük. 

 

Göyçaya gəldikdən sonra ilk vaxtlar dostlarımda əlaqədə qalmağa çalışdım, amma zamanla məsafə və yeni həyat ritmi səbəbindən əlaqələrimiz zəiflədi. İndi demək olar ki, danışmırıq.

 

-Anlayıram… 

 

Maraqlıdır, Azərbaycanda tamamilə fərqli sahədə təhsil almısınız. Necə oldu ki, həmin sahəni davam etdirməyi yox, Çinə getməyi seçdiniz?  

 

- Mən sabitlikdən qaçan insanam. Əgər həyatımda hər şey adi rutinə çevrilirsə, artıq narahat olmağa başlayıram. Hər zaman xaricdə təcrübə qazanmaq və fərqli mədəniyyətləri öyrənmək istəyim var idi. Çin sürətlə inkişaf edən bir ölkə olduğundan, burada iş imkanları, yeni insanlarla tanış olmaq və biliklərimi artırmaq üçün potensial gördüm. 

148405

 

Qeyd edim ki, bu qərarı verməkdə və Çinə marağımın yaranmasında həyat yoldaşımın da rolu böyükdür. Onun bu ölkəyə olan marağı və simpatiyası məni də Çinə cəlb etdi. Beləliklə, Çinə getmək qərarımda onun dəstəyi və təsiri də əhəmiyyətli rol oynadı.

 

Evlənməmişdən əvvəl yoldaşım 2019-cu ilin sonunda Çində universitetə qəbul olundu, lakin COVID-19 səbəbindən yollar bağlandığı üçün təhsilini dayandırmalı idi. 2021-ci ildən başlayaraq, distant şəkildə Çində təhsil aldı. 2023-cü ildə Çin hava yolları açılanda, ikimiz də bu fürsətdən yararlanmağa qərar verdik.

 

- Nə gözəl. O hansı ixtisasda təhsil alır? Hazırda çalışır?

 

- Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alır. Çində tələbələrə işləmək qadağandır. Ona görə də işləmir.

 

- Maraqlıdır, Çində tələbələr necə pul qazanırlar?

 

- Çində “CSC” adlı dövlət proqramı var. Bu proqramla, Çinə gələn xarici tələbələr magistratura səviyyəsində oxumaq üçün pulsuz təhsil, təqaüd və kampusda yataq otağı olmaqla tam paket qazana bilərlər.

 

Yoldaşım da, bakalavr təhsilindən çox mükəmməl nəticələr əldə etdiyi üçün tam paketi qazana bildi.

 

- Bəs dövlət proqramı ilə oxumayanlar necə? Onlar da işləyə bilməz?

 

- Burada tələbə statusu olanlar qətiyyən işləyə bilməz. Çin istəyir ki, gənclər daha çox təhsillərinə fokuslansınlar.

 

- Maraqlı sistemdir. Siz Çin dilini necə öyrəndiniz? Getmədən öncə bilirdiniz?

 

- Çin dilini getməmişdən qabaq bilmirdim. Buraya köçdükdən sonra dili öyrənməyə başladım. Əsasən gündəlik həyatda insanlarla ünsiyyət quraraq və təcrübə toplayaraq öyrəndim. Çin dilində tam sərbəst danışmaq üçün hələ yolum var, amma ünsiyyət üçün azda olsa bilirəm.

 

Çinə köçərkən heç tərəddüd etdiniz?

 

- Bəli, getməzdən əvvəl çox tərəddüd edirdim. Əsasən də insanlarla dil tapa bilməyəcəyimdən və adaptasiya prosesinin çətin olacağından qorxurdum. Lakin yoldaşımın dəstəyi və etdiyim araşdırmalar məni inandırdı ki, Çin əla bir seçimdir.

 

Həm də onun Çində təhsil almaq şansını əldən verməsinə səbəbkar olmaq istəməzdim.

 

- Ölkəni dəyişmək və yoldaşınıza dəstək olmaq üçün onunla getmək çox böyük addımdır. Maraqlıdır, harada tanış olmusunuz? 

 

- İkimiz də eyni akademiyanın məzunlarıyıq. O, məndən 3 kurs aşağı idi. Bizi ortaq dostlarımız tanış etdi.

 

- Lap yaxşı. Bəs Çinə ilk dəfə gedən biri kimi hansı çətinliklərlə qarşılaşdınız? 

 

- Çinə ilk dəfə gedəndə əsas çətinliklər dil baryeri və mədəniyyət fərqləri idi. Burada ingiliscə danışanların sayı azdır. Bu da gündəlik həyatda ünsiyyəti çətinləşdirirdi. Həmçinin, Çin mədəniyyətinə və adətlərinə öyrəşmək vaxt tələb edirdi. Tədricən dili və mədəniyyəti öyrənərək bu çətinlikləri aşmağa başladım.

 

- Çində azərbaycanlı tanışlarınız var? Getdiyiniz ilk günü necə xatırlayırsınız?

 

- Yoldaşımın qrup yoldaşı və rəfiqəsi azərbaycanlı idi. Onlar Çinə bizdən 3 ay tez gəldilər.

 

Çində ilk günüm elə bir hiss idi ki, sanki başqa bir aləmə düşmüşəm. Hər şey - dil, mədəniyyət, insanlar və ətraf mühit tamamilə fərqli idi. Bu mənzərə mənə çox maraqlı, eyni zamanda qeyri-adi gəlirdi.

 

- Orada nəyə öyrəşmək daha çətin oldu?

148398

-Ən çətin saat fərqinə öyrəşmək idi. Çin Azərbaycandan 4 saat öndədir. Bu da illk vaxtlarda gündəlik rejimimə və yuxuma təsir edirdi. Əslində hələ də təsir edir (Gülür).

 

- Çoxları deyir ki, oradakı yeməklər çox fərqlidir, öyrəşmək olmur. Ancaq it, pişik, həşərat əti yeyilir. Bu məsələyə münasibətiniz necədir?

 

- Mən hər cür mətbəxə açığam. Üstəlik Çində yeməklər çox dadlıdır. Əsas odur ki, nə yediyini biləsən. Bura  yeni dadlar kəşf etmək üçün mükəmməl bir yerdir. 

 

Burada qətiyyən yemək problemi yoxdur. Sadəcə insanlar psixoloji olaraq düşünürlər ki, Çində ancaq it, pişik əti yeyilir. Əslində bu tamamilə yalnış fikirdir. Çində itin və pişiyin yeyilməsinə qadağa qoyulub. Düzdür, qanunla leqaldır, ancaq insanlar özləri bundan imtina ediblər.

 

1,5 ildir buradayam. Bir çox şəhərdə yaşamışam. Bir dəfə də olsun qarşıma nə it, nə də pişik əti çıxmayıb.  

 

Çinə gələndə insan görür ki, burada çox fərqli mətbəxlər var. Avropa, Türk, Azərbaycan, xüsusən də müsəlmanlar üçün addımbaşı restoranlar var. 

 

- Ən qeyri-adi nə yemisiniz?

 

- Qurbağa və dəniz ilbizi.

 

- Dadı necə idi?

 

- Toyuqdan fərqlənmirdi, çox bəyəndim. 

 

- Bəs yeyib də iyrəndiyiniz hansısa qida olub?

 

- Bəli, qara tofu. Onun qoxusunu heç bəyənmirəm. 

 

- Sizcə, Azərbaycan mətbəxi daha çox dadlıdır, yoxsa Çin?

148406

- Hər iki mətbəxin özünəməxsus ləzzəti var. Onları müqayisə etmək çətindir. Azərbaycan mətbəxi mənə doğma və tanış dadları ilə əzizdir, amma Çin mətbəxi də çox zəngin və maraqlıdır, yeni dadlar təklif edir. Hər ikisinin fərqli gözəllikləri var.

 

- İqrar bəy, orada Azərbaycan mentaliletinə əks olan hansı nüanslarla qarşılaşmısınız?

 

- Çində ictimai nəqliyyatda yaşlı insanlara yer vermək adəti çox yayılmayıb. Əksinə, metroda və avtobuslarda insanlar arasında sanki kim birinci oturacaq və ya yer tutacaq deyə bir yarış olur. 

 

Bundan əlavə, insanlar özlərini çox sərbəst aparırlar: ictimai yerlərdə ucadan öskürə bilirlər, telefonla yüksək səslə danışırlar. Çinlilər üçün “kompleks” anlayışı demək olar ki, yoxdur.

 

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Gənclər çox zaman yaşlılara və xanımlara yer verirlər, insanlar ictimai yerlərdə daha sakit davranmağa, hətta asqırarkən belə səslərini boğmağa çalışırlar. Bu fərqlər mənim üçün mədəniyyətlər arasında maraqlı bir müşahidə oldu.

 

Həmçinin, Çində hamı unikal geyinir. Geyim baxımından çox sərbəstdirlər. Ticarət obyektlərində ev geyimi ilə alış-veriş edən xanımlar belə var. Onlar geyimə görə insana baxmırlar. Bu onlara maraqlı da deyil. 

 

- Maraqlıdır... Siz Çində 1 ay bağça müəllimi kimi işləmisiniz. Orada müəllim işləmək üçün hansısa imtahan yaxud sənəd tələb olunurmu?

148404

- Bəli, Çində müəllim işləmək üçün müəyyən sənədlər və icazələr tələb olunur. Əsasən iş vizası (Z vizası) almaq lazımdır və bunun üçün ali təhsil diplomu, dil sertifikatı (məsələn, TEFL və ya TESOL) kimi sənədlər tələb olunur. Bəzi hallarda işəgötürənlər əlavə müsahibə və ya daxili sınaqlar da keçirə bilirlər.

 

- Çox gözəl. İqrar bəy, Azərbaycanda bağçalarda çalışanların demək olar ki, hamısı qadınlardır. Burada düşünürlər ki, qadınlar azyaşlılarla daha yaxşı məşğul olurlar. Sizcə, bu doğru yanaşmadır? 

 

- Bu, mədəniyyət və ənənələrlə bağlı bir anlayışdır. Çində də bağçalarda çalışanların əksəriyyəti qadınlardır, çünki bu işin daha çox qayğı və şəfqət tələb etdiyinə inanılır. Lakin kişilər də bu sahədə çalışa bilərlər və uşaqlarla işləməkdə onların da özünəməxsus bacarıqları və yanaşmaları ola bilər. 

148396

Uşaqlar kişiləri müəllim kimi fərqli qəbul edirlər. Başda məndən qorxurdular, amma zaman keçdikcə mən onlara bir böyük qardaş kimi yaxınlaşdım. Qadın müəllimlər adətən müəyyən məsafəni saxlayır, amma kişilər fərdi yanaşmağa çalışırlar. Həmçinin, uşaqlar üçün çox maraqlı idi ki, bağçada tək kişiydim. Bu, onların gözündəki münasibəti daha da maraqlı etdi.

 

- Uşaqlara bağlısınız deyəsən. Onlarla keçirdiyiniz ən yaddaqalan xatirəniz nə oldu?

148400

- Uşaqlarla yaşadığım ən yaddaqalan anlardan biri ilk qar yağanda baş verdi. Nanjingdə qar çox nadir düşür, buna görə də uşaqların sevinci gözəl idi. Birlikdə qar yığdıq, gözəl bir qar adamı yaratdıq və sonra qar topu oynamağa başladıq.

 

- Çində müəllimlərə münasibət necədir?

 

- Çində müəllimlərə münasibət çox yaxşıdır. Burada müəllimlərə və həkimlərə ayrı hörmət olunur. Maaşları çox yaxşıdır. 

 

Uşaqlar və valideynlər müəllimləri mədəniyyət və tərbiyə mənbəyi kimi qəbul edirlər. Təhsilə verilən dəyər yüksək olduğundan, müəllimlərə münasibət də olduqca müsbətdir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox