AzEdu.az Təhsil Portalı şəhərdən uzaq, ucqar kəndlərdə illərlə müəllim işləyən şəxslərdən dəfələrlə müsahibələr alıb, həmin müəllimlərin oradakı təcrübələri, həyat tərzləri, şagirdləri ilə olan münasibətlərini ictimaiyyətə təqdim edib.
Budəfəki müsahibimiz Təsviri incəsənət müəllimi olan İlahə Əhmədovadır. O, universiteti bitirdiyi ildən etibarən sübhdən Bakıdan Qubaya dərs demək üçün evdən yola çıxır.
İlahə müəllimi daha yaxından tanıyaq.
-Xoş gördük İlahə müəllim, özünüz, təhsiliniz, eləcə də iş yeriniz barədə bizə və oxucularımıza daha ətraflı məlumat verməyinizi istəyərdik.
-Mən, Əhmədova İlahə Firuz qızı 2001-ci ildə anadan olmuşam. Novxanı 2 saylı tam orta məktəbdə təhsil almışam. Məktəbi bitirdiyim il Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təsviri incəsənət müəllimi ixtisasına qəbul olundum. 2023-cü ildə universitetdən məzun olaraq, müəllimlərin işə qəbulu imtahanından (MİQ) müvəffəqiyyət əldə edərək Quba rayonu K.Pənahov adına Dəlləkli kənd orta məktəbə təyin olundum. Həmin gündən etibarən həftədə 1 gün Qubaya dərs demək üçün gedirəm, qalan günlər isə Bakıda Hədəf liseyində Təsviri incəsənət müəllimi kimi çalışıram.
-Həftədə 1 dəfə olsa belə, Bakıdan Qubaya gedib - gəlmək heç də asan deyil. Bəs, uzaqlığa baxmayaraq niyə məhz Qubanı seçdiniz?
-Bir cümlə var, deyir: “Əgər bir şəhər (rayon) sizi özünə çəkirsə, deməli orada bir hekayəniz var. Mən uşaqlıqda ailəmlə hər zaman Qubaya istirahətə gedirdim. Qubaya qarşı anlamadığım meyil və həvəsim var idi. Bu səbəbdən də, seçim zamanı Qubanın rayonlarını yazdım. Oraya təyinat aldığımı görəndə çox sevindim. İnanın ki, getdiyim yol gözümdə görünmür. Qubanın təbiəti, havası, insanları nəyə desəniz dəyərlər.
-Maraqlıdır, ora sizi özünə çəkir dediniz. Qubada başqa tanışlarınız və ya yaxınlarınız yaşayır?
- Birinci və ya ikinci dərəcəli qohumum yoxdur. Amma əmim qızı illərdir Qubada işləyir. O da Sumqayıtdan Qubaya gedib-gəlir. Düzünü desəm, məni həvəsləndirən amillərdən biri də onun yol məcaraları və şagirdləri ilə münasibəti oldu.
- Deyəsən, ilham pəriniz əminiz qızıdır...
- O və məni MİQ-ə hazırlaşdırıb, rəhmətə gedən müəllimim...
Allah müəlliminizə rəhmət eləsin.
-Yol məcaraları demişkən, ilk dəfə təyin olduğunuz məktəbə nə zaman getdiniz? ilk iş günü, yoxsa daha öncə?
-Məktəbə daha öncə sənədləri təqdim edərkən getmişdim. Hələ də xatırlayıram. Yay günü idi. Əmim qızı mənə yolu izah etdikdən sonra məktəbə yollandım. Həmişə Qubaya ailəmlə maşınla getdiyim üçün marşrutları, hardan nəyə minmək lazım olduğunu bilmirdim. Təbii ki, bir az da qorxurdum. Yeni yer, yad insanlar və yeni uşaqlar...
Məktəb ucqar ərazidə yerləşdiyindən tapmaqda çətinlik çəkmişdim. Onda qorxum azacıq da artmışdı.
- Məktəbiniz təzə təmirlidir?
-Təəssüf ki, xeyr. Amma illər öncə təmir olunsa da, şəraiti yaxşıdır.
- Aydındır, bəs, ilk dərs gününüz necə keçdi? Məktəbi axtaranda yaşadığınız qorxuyla paralel ilk gün həyəcan yaşadınız?
- İlk dərs günü atam və yaxın dostum məni məktəbə ötürdü. Onlar yanımda olduğu üçün yol boyu biraz həyəcanım yatışmışdı, amma məktəbin qapısından içəri daxil olanda əllərim tərləməyə başladı... Uzaqdan gələn müəllim olduğum üçün baxışlar üzərimdən əskik olmurdu, bir az narahat idim. Amma özümlə qürur duyur, sevinirdim ki, buradakı uşaqlara incəsənətlə bağlı çoxlu məlumatlar verib, onların istedadını kəşf edəcəm.
Dərsdən əvvəl tədbir oldu. Bu zaman aralığında uşaqları müşahidə etmək üçün biraz zaman qazandım. Onlar mənə biraz qaşqabağlı baxırdılar. Düşünürəm ki, bu görünüşümlə bağlıdır. Kənardan ciddi və rəsmi görünürəm. Amma sinfə girəndə yarı zarafatla tanışlıq və diaqnostik qiymətləndirilmədən sonra onların mənə baxışları dəyişdi.
Mən onların adını jurnal sırası ilə deyil, fərqli metod və oyunlar ilə öyrəndim. Bəlkə də buna görə mənə tez alışıb, yadlıq hiss çəkmədilər.
-Çox maraqlıdır, adlarını necə öyrəndiniz?
-Onlara sevdikləri meyvəni çəkmələrini tapşırdım. Daha sonra vərəqləri yığıb bir-bir bunu kimin çəkdiyini təxmin etməyə çalışdım. İstər üz ifadələrinə, istərsə də danışıqlarına görə bir neçəsini düz təxmin etdim.
Bu metod dərsdə əyləncəyə yol açdı, hətta nəinki mənim onları tanımağıma, hətta şagirdlərin də bir-birlərinə yaxınlaşmasına yardımçı oldu.
-Nə gözəl ideyadır.
-Çox sağ olun. Mən kurikulum təhsilinin ilk şagirdlərindən və məzunlarındanam. Gənclərin dilindən desək, “Z” nəslinin müəllimi sayılıram. Buna görə də daim yeni metodlar kəşf edib, öyrənib şagirdlərimin üzərində tətbiq edirəm.
-Görünən odur ki, şagirdlərlə münasibətləriniz istidir. Maraqlıdır, universitetə hazırlaşarkən müəllim olmaq istəyirdiniz?
-Əslində, psixoloq olmaq istəyirdim. Amma hər kəs: “Bu peşə səni tez yoracaq”,- deyirdi. Yaradıcı insan olduğum üçün psixoloqluq məni sıxar deyə düşündüm. Sonra isə ailəm qabiliyyətimin olduğunu kəşf etdi. Düzünü desəm, əvvəllər bunun fərqində deyildim. Uzun məsləhətlərdən sonra Təsviri incəsənət müəllimi olmaq qərarına gəldim. Bakalavrı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) oxumaq istəyirdim, amma ADPU-nu ilk yerə yazdığım üçün oraya qəbul olundum.
-Qabiliyyətinizi necə kəşf etdiniz, həmçinin, ADRA-nı istədiyiniz halda niyə ADPU-nu ilk yerə yazmışdınız?
-Hər şey dostlarımın mənə: “bu rəsmi çəkə bilməzsən”,- deməsi ilə başladı (Ədəbiyyat kitabında Şah İsmayıl Xətainin rəsmi). Mən çəkməyə çalışdım. O an daxilimdə bir qüvvə və sevgi hiss etdim. Amma sonra bunun davamı gəlmədi. Bir müddət əlimi saxladım...
Üstündən zaman keçəndən sonra XI sinifdə oxuyanda atam mənə öz eskizlərini çəkdirməyə başlayanda, qərar verdik ki, rəsm müəllimi və ya dizayner olum.
Universitet seçiminə gəlincə, ilk sıraya ən yüksək ballı yeri yazmışdım. Düşünürdüm ki, balım azdır, buna görə də ADRA-ya qəbul olunacam. Amma yerləşdirmə bitəndən sonra anladım ki, balım yüksək olub, buna görə də ADPU-ya qəbul olunmuşam.
- Qabiliyyətinizlə çox fərqli şəkildə tanışmısınız. Atanızın eskizləri nə ilə bağlı idi?
- Evlər və ya kombi ilə bağlı eskizlər idi. Atam deyirdi ki, onların zamanında rəsmxət dərsi var imiş. Mən deyəndə ki, bizdə rəsmxət yoxdur, onda maraq üçün sınamağa qərar verdik və necəsə məndə alındı.
- Həm özünüzə, həm də atanıza fayda vermisiniz.
- Bir az elə oldu.
- Hələ də psixoloq olmaq istəyirsiniz?
- Bəlkə gələcəkdə hə, amma hazırda sadəcə daha da yaxşı, savadlı və vicdanlı müəllim olmağı hədəfləmişəm. Müəllim elə psixoloqa bənzəyir. Mən bəzən uşaqları dinləyir, valdeynlərlə müzakirələr edib, istədiyim peşə ilə bağlı boşluğu doldururam.
- Neçənci siniflərə dərs deyirsiniz? Ən çox hansı siniflə işləmək sizə maraqlı gəlir?
- 1-dən, 9-a kimi.
Hər sinfin öz maraqlı tərəfi var. Məndən soruşsanız: “Hadisələrə görə maraqlı sinif hansıdır?”,- deyərəm ki, I və II siniflər. Çünki onlar dünyanı başqa cür görüb, fərqli izah edirlər. Mövzulara görə soruşsanız VI sinifləri deyərəm. Çünki həmin sinifdə maraqlı mövzular var. Rəsm çəkməkdə IV və V siniflər daha maraqlıdırlar. Çünki orada naxışlar, qalalar və fərqli mövzular tədris olunur. Amma dərs danışma, və dərsin maraqlı gedişatına görə VIII və IX sinifləri qeyd edə bilərəm.
- İbtidai sinifdən sonra yuxarı sinfə dərs keçmək sizə çətinlik yaratmır ki?
- Yuxarı siniflərə Qubada, ibtidailərə isə Bakıda dərs keçirəm. Həm məkana, həm də uşaqlara öyrəşdiyim üçün çətinliyim yoxdur. Amma ilk aylarda bir az çətin adaptasiya olmuşdum.
- Qubadakı iş yerinizi dəyişməyi düşünürsünüz?
-Hələ ki xeyr. Bakıda da işlədiyim üçün yer dəyişmək kimi bir fikrim yoxdur. Amma gələcəyin nə gətirəcəyini bilmədiyimdən indidən əmin danışmaq istəmirəm. Sadəcə olaraq hazırda Qubada işləməkdən zövq alıram.
- Sizə uğurlar arzu edirəm. Qubaya gedib, gəlməyiniz ailənizi narahat etmir ki? Həmin ərazini seçəndə onların buna münasibəti necə oldu?
- Həmin məktəbə qəbul olunduğumu biləndə ailəm buna isti baxmadı.”Bakıda dərsin başlayır, nə edirsən Qubaya yol ölçüb?”,- dedilər. Mən isə onlara Qubada işləməyi, orada olan uşaqları kəşf etməyi çox istədiyimi izah etdim. Sonra qərarıma hörmətlə yanaşıb, məni dəstəklədilər.
Atam sağ olsun iki ildir hər səhər saat 5-də məni Sumqayıta ötürür, qayıdanda da qarşılamağa gəlir. Yol boyu mənimlə telefonda əlaqə qurur, daim təhlükəsizliyimdən xəbərdar olur.
- Uzaq məsafədə işlədiyiniz üçün aldığınız məvacib sizi qane edir?
- Maaşdan əlavə mənə H1 ödənir. Könül istər əməyim bir az daha da qiymətləndirilsin, amma mən seçdiyim peşənin və saatların fərqində idim. Məvacib yola getsə də, mən mənəvi baxımdan çox qane oluram.
- Nə gözəl. İlahə xanım, heç Qubaya gedəndə dərsə gecikdiyiniz olub?
- Xeyr. Mən olduqca məsuliyyətli biriyəm. Hava şəratinin pis olduğu zamanlarda belə, gecikdiyim olmayıb.
- Qubada ekstermal vəziyyətlə üzləşmisiniz?
- Yolda qəza şəraiti ilə üzləşdim. Şükür ki, heç bir şey olmayıb. Məktəbdə də mən orada olduğum müddətdə hər hansısa hadisə baş verməyib.
- Çox yaxşı. Bəs, qar yağanda, soyuqda uşaqların dərsə davamiyyəti necə olur?
- Kənd balacadır. Hər kəsin evi məktəbə yaxın olduğu üçün davamiyyət pis olmur. Yollar da yaxşı vəziyyətdədir. Həm də uşaqlar məktəbi sevdikləri üçün dərslərdən qalmır, vaxtında məktəbdə olurlar.
- Həmişə müsahiblərimiz deyir ki, uzaq yerdən, xüsusən Bakıdan ucqar kəndə gedəndə, sakinlər təəccüblənir. “Niyə məhz Bakıdan gəlmisiniz?”,- kimi düşünürlər. Bəs, sizdə belə hal olub?
- Bəli, ən çox da şagirdlərim: “Müəllim, niyə Bakıda işləmirsiniz?”,- deyə soruşurlar. Onlara Bakıda işlədiyimi, Qubaya isə həm onlara, həm də təbiətə görə gəldiyimi deyirəm.
Bunlardan əlavə, mən özüm üçün bol xatirə və macəra hekayələri toplayıram ki, yaşlananda insanlara məsləhət verə biləcək dünya görüşüm və maraqlı hekəyələrim olsun. Həm də, mən axı yaradıcı və incəsənət ruhlu insanam. Daim yenilik və ilham qaynağı yaradacaq yerlər axtarıram. Bakı və Quba mənim ilham mənbəyimdir.
Soruşsanız ki, bəs başqa yerlər? Bəli, xarici də çox düşünürəm. Oralara səyahət də etmişəm. Amma heç biri Vətənim qədər məni həyəcanlandırmır, Vətənim qədər ilham vermir. Rəssam dilindən atalar sözünü desəm: “Gəzməyə qərib ölkə, təsvir etməyə Vətən yaxşı”.