44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində törədilən qanlı terrordan 4 il ötür.
2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə olunmaqla raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-dən çox şəxs yaralanıb.
Bərdə terroru zamanı həlak olan sakinlərdən biri də şəhid Cəfərli Amil Fazil oğludur.
Amil Cəfərli Bərdəyə atılan raket nəticəsində həyatını itirib.
Ondan geriyə yoldaşı və 2 övladı yadigar qalıb. Oğlu Fazil Cəfərli Bərdə 5 nömrəli məktəbin 3-cü, qızı Aysun Cəfərli isə həmin məktəbin 1-ci sinfində təhsil alır.
AzEdu.az Təhsil Portalı olaraq şəhid Amil Cəfərlinin həyat yoldaşı Məleykə Cəfərli ilə əlaqə saxladıq.
Müsahibəni təqdim edirik.
- Məleykə xanım, ilk növbədə şəhid olan yoldaşınıza Allahdan rəhmət, ailəsinə və sizə səbr diləyirik. 4 il keçməsinə baxmayaraq, həmin günü yenidən xatırlamaq hamı üçün ağrılıdır. Hələ ki, sizin üçün...
-Mən, həmin günü olduğu kimi xatırlayıram. Günorta saat 1 radələri olardı. Yoldaşım işdəydi. O, meyvə-tərəvəzlərin satışı ilə məşğul olurdu. Səhər saat 6-dan gedir, axşam saat 12-yə qədər əzəb-əziyyətlə çörək pulu qazanırdı. Həmin gün qaynanam yoldaşıma yemək aparmaq üçün evdən çıxdı. Gördüm ki, şəhərdə səs-küy yaranıb. Sən demə, düşmənlər Bərdəyə yenidən raket atırlarmış.
Yoldaşım şəhid olmamışdan öncə Bərdəyə bir neçə dəfə də raket atılmışdı. O zaman həmişə mənə deyirdi: “əgər nəsə olsa, uşaqları da götür qaç”. Mən isə onu qoyub gedə bilməyəcəyimi söyləyirdim. Mən sözümü tutdum, amma o, məni qoyub getdi...
-Həqiqətən də çox ağır günlərdən keçmisiniz. Həmin illərdə övladlarınızın neçə yaşı var idi?
-Həmin vaxtlarda övladlarımın yaşı çox az idi. Aysunun 2, Fazilin isə 3 yaşı olardı.
-Uşaqlarınız atalarının yoxluğunu necə dərk etdilər?
-Yoldaşım haqqında övladlarıma nəyisə izah edəndə, görürəm ki, Fazil başa düşsə də, Aysun hələ dərk etmir ki, atası yoxdur. Mənə deyir ki, “ana, hər kəsin atası onu gəlib məktəbdən götürür, amma mənim atam niyə gəlmir?”. Mən də deyirəm ki, atan gələcək.
Bunu tez-tez söylədiyim üçün Aysun artıq mənə inanmır...
- Yoldaşınızın uşaqlarla bağlı ən böyük arzusu nə idi?
- Amilin ən böyük arzusu Aysunun ona “ata” deməsi idi. Lakin bu sözə həsrət qalaraq, eşitmədən bu dünyadan getdi.
Yoldaşım işləyən zaman polislər yanına alış-veriş üçün gələrdi. Buna görə də Amil övladı Fazilin polis, Aysunun isə həkim olmasını istəyirdi. Arzularından biri də Fazili 1-ci sinfə yola salıb, ona kiçik toy məclisi qurmaq idi. Amma hələ də Fazilə kiçik toy məclisi etməmişəm.
Oğlum atasıyla bazara getməyi xoşlayardı. İndi birlikdə gedəndə mənə deyir ki, “ana, bax, burdan atamla meyvə-tərəvəz alırdıq”. Qızım isə demək olar ki, hər axşam atası üçün darıxdığını və onu görmək istədiyini söyləyir. Bu həqiqətən də çox çarəsiz vəziyyətdir. Onlara nə qədər yaxşı olsam da, atalarının yerini heç vaxt verə bilməyəcəm.
-Övladlarınızla birgə atalarını ziyarət etməyə gedirsinizmi?
-Bəli. Özüm işdən çıxanda həftədə 1-2 dəfə gedirəm. Lakin uşaqları tez-tez apara bilmirəm. Çünki ora gedəndə çox pis olurlar. Ona görə də daha çox tək gedib ziyarət edirəm.
Hər zaman yoldaşımla fəxr edirəm. O, bu gün yanımızda olmaya bilər. Lakin şəhidlik adı hər adama qismət olmur.