"Müəllimlərin öz fəaliyyətinə məsuliyyəti artarsa, onlar pedaqoji cəhətdən daha səmərəli fəaliyyət göstərərlər"
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadə AzEdu.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Hikmət müəllim, son zamanlar istər mediada, istərsə də sosial şəbəkələrdə şagirdlərin xoşagəlməz hadisələr törətməsini məktəbin, müəllimin günahı kimi işıqlandırırlar. Cəmiyyətin həmin hadisələrə rəyi də elə bu yöndədir. Sizcə, şagirdlərin, gənclərin törətdiyi hadisələrdə günahkar kimi axtarmalıyıq?
-Düşünürəm ki, bu məsələdə günahkar axtarmalı deyilik, əgər nəticəni yaxşılaşdırmaq istəyiriksə, onun səbəblərini tapmalıyıq. Yəqin ki, belə hadisələrdə biz hamımız, bu və ya digər dərəcədə, günahkarıq.
Lakin bu məsələlərdə əsas məsuliyyət valideynlərin üzərindədir. Bəzi valideynlər övladını məktəbə göndərir, amma cibində nələrin olduğundan xəbərsizdir. Valideynlər bu qədər məsuliyyətsiz olmamalıdırlar, onlar övladlarının fəaliyyətinə nəzarət etməlidirlər. Məktəbdə şagirdin cibininin yoxlanması onun hüquqlarının prozulmasıdır. Belə yoxlamanı həyata keçirmək fiziki cəhətdən də mümkün deyil. Amma şagird nə üçün məktəbə bıçaqla gəlməlidir?
Uşaq evin güzgüsüdür. Əgər o, evdə ailə üzvlərinin bir-birinə olan münasibətində hər hansı xoşagəlməz nümunələr əsasında böyüyürsə, bu, onun davranışına mənfi təsir edir. Uşaqlar gördükləri davranışları təqlid edirlər. Buna görə də, valideynlərin məsuliyyətli davranışları, uşaqların gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Problemin belə qoyuluşu məktəbin valideynlərlə əlaqəsinin daha da möhkəmləndirilməsini tələb edir. Valideyn pedaqoji cəhətdən savadlı olmaya bilər, bu təbiidir. Amma müəllimin pedaqoji maarifləndirməsi nəticəsində valideynin öz övladının tərbiyəsinə münasibəti təkmilləşə bilər.
-Yaxın günlərdə tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi başlayacaq. Məlumdur ki, fənn müəllimləri diaqnostik qiymətləndirmədən, daha sonra isə sertifikasiya prosesindən keçdilər. Sizcə, tərbiyəçi müəllimlər diaqnostik qiymətləndirilmədən sonra sertifikasiya prosesinə cəlb oluna bilərmi?
- Fikrimcə, müəllimlərin fəaliyyəti mütəmadi olaraq qiymətləndirilməlidir. Müəllim öz fəaliyyətinə məsuliyyətlə yanaşmalıdır. Mən bu reallığı dərk edirəm və müəllimlik fəaliyyətimin qarşısına ciddi tələblər qoyuram. Lakin müəllimlər arasında elə insanlara təsadüf edirəm ki, onlar öz fəaliyyətləri üzərinə heç bir tələb qoymurlar. Hər bir müəllim öz fəaliyyətini daim təkmilləşdirmək üçün öz qarşısına tələblər qoymalıdır.
Dünya təcrübəsində müəllimlərin pedaqoji fəaliyyətinə məsuliyyəti artırmaq məqsədi ilə diaqnostik qiymətləndirmə, sertifikasiya və s. həyata keçirilir. Təcrübə göstərir ki, bunlar müəllimlərin öz fəaliyyətlərinə məsuliyyətinin artırır. Məsələyə belə yanaşdıqda, həm diaqnostik qiymətləndirmənin, həm də sertifikasiya imtahanlarının keçirilməsinin zəruri pedaqoji akta çevrildiyi aydın olur. Lakin bu imtahanların nisbətən sadələşdirilmiş formada təşkil edilməsi daha yaxşı olardı. Məsələn, bir rayon ərazisindən başqa bir rayona getmək əvəzinə, hər bir rayon sakini öz ərazisindəki məktəbdə imtahan versə, daha yaxşı olar.
Düşünürəm ki, müəllimlərin öz fəaliyyətinə məsuliyyəti artarsa, onlar pedaqoji cəhətdən daha səmərəli fəaliyyət göstərərlər. Bütün ixtisaslar üzrə mütəxəssislər müəllimlər tərəfində hazırlanır. Bu müəllimlərin qarşısına qoyulan tələblərin daim artmasını tələb edir. Diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanları bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.
-Hikmət müəllim, ötən il Elm və Təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, universitetlərdə bəzi ixtisaslar üzrə tədris ili müəyyən qədər azaldılmalıdır. Hələki bununla bağlı müzakirələr aparılmayıb. Bu məsələdə düşüncələriniz bizə maraqlıdır. Sizcə, universitetlərdə bəzi ixtisaslar üzrə tədris ilinin azaldılması nə dərəcədə vacibdir?
-Bu, çox ciddi bir məsələdir. Hesab edirəm ki, Elm və Təhsil naziri, cənab Emin Əmrullayev bu məsələyə çox düzgün yanaşıb. Müxtəlif ixtisaslar üzrə kadr hazırlığı onların özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məsələni bu konteksdən qiymətləndirəndə fərqli ixtisaslar üzrə kadr hazırlığına müxtəlif müddətin tələb olunduğu aydın olur. Lakin bu məsələ ciddi müzakirələr tələb edir. Bəzi ixtisaslar üzrə kadr hazırlığının məzmun baxımından yenilənməsi vacibdir və bunu müsbət addım kimi qiymətləndirirəm. Bir məsələyə də diqqət yetirmək istərdim. Fikrimcə, kadr hazırlığında praktik yönümlüyü daha da artırmaq məqsədə uyğun olardı.
-Praktikadan söz düşmüşkən, Azərbaycanda demək olar ki, əksər şirkətlər yalnız təcrübəli işçi axtarırlar. Bu nöqteyi-nəzərdən məzunlar iş tapmaqda çətinlik çəkirlər. Bəzi təhsil ekspertləri tərəfindən də təklif edilir ki, tələbə universitet tərəfindən göndərilən müəssisədə praktika müddətində rəsmi iş təcrübəsi kağızı alsın. Sizin bu məsələyə münasibətiniz necədir?
-Müəyyən özəl təşkilatların fəallığı burada böyük rol oynaya bilər. Onlar müxtəlif ali məktəblərlə əlaqələri gücləndirərək, universitet tələbələrini əvvəlcə könüllü, daha sonra isə təcrübəci funksiyasında öz müəssisələrində fəaliyyətə cəlb edə bilərlər. Bu zaman universitet-sənaye əməkdaşlığı çərçivəsində ali təhsil müəssisəsinin fəaliyyəti daha da genişlənə bilər. Lakin hələ ki, özəl təşkilatlar bu məsələyə laqeyd yanaşırlar.
Onu da qeyd edim ki, işə qəbul məsələsi təkcə Azərbaycanda deyil dünyada əsas problemlərdən biridir. Bunun əsas səbəbi müasir dünyada rəqabətin artmasıdır. İşəgötürənlər düzgün seçim edərək daha yüksək səviyyəli mütəxəssisə üstünlük verməyə çalışırlar. Sovetlər dönəmində ali məktəbi bitirənlərin hamısı, keyfiyyətindən asılı olmayaraq, təyinatla iş yerlərinə göndərilirdilər. Bu, keyfiyyətsiz mütəxəssislərin müəssisələrə yolunu açdı. Belə yanaşma cəmiyyətin təməlinə mənfi təsir göstərir.
Sevindirici haldır ki, Azərbaycan gəncləri dünyada baş verən proseslərin məsuliyyətini dərk edirlər. Bu gün elə gənclər var ki, onlar ölkəmizdə təhsil alıb, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Ölkəmizdə də daha keyfiyyətli mütəxəssisə ehtiyac getdikcə aktuallaşır. İstər dövlət, istərsə də özəl təşkilatlar yeni kadrları işə götürərkən onları keyfiyyət baxımından qiymətləndirilməsi üçün müxtəlif modellər tətbiq edirlər. Bu təbiidir. Yeni sənaye inqilabı müəssisələrin inkişafı üçün yeni keyfiyyətli işçilər tələb edir. Bu istiqamətdə işçinin qarşısına qoyulan tələblər getdikcə artır. Gənclər buna hazır olmalıdırlar.