Torpaqlarımızın ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdiriblər. Bu gün onların sayəsində işğal altında olan torpaqlarımız azaddır.
Azərbaycanın bu cür qəhrəman oğulları sırasında II kurs tələbəsi Məhərrəm Kərimli də yer alır.
AzEdu.az Təhsil Portalı olaraq onun keçdiyi şərəfli döyüş yoluna nəzər saldıq.
Müsahibimiz 2023-cü ildə Mingəçevir Dövlət Universitetinin mühasibatlıq ixtisası üzrə əyani təhsil formasına qəbul olunub. Hazırda 2-ci kurs tələbəsidir.
O, II Qarabağ müharibəsində həm döyüşən əsgər, həm də tibb işçisi kimi fəaliyyət göstərib.
Vətən müharibəsi iştirakçısı olan tələbəmizi daha yaxından tanıyaq...
-Mən, Məhərrəm Kərimli 1995-ci ildə Yevlaxda anadan olmuşam. 2012-ci ildə Yevlax rayonu İ.Nəsimi adına 3 saylı orta məktəbi bitirib, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə İqtisad kollecinə qəbul aldım. Təhsilimi 2015-ci ildə dondurub həqiqi hərbi xidmətə yollandım. Həmin vaxtlarda Naxçıvanda sərhəd qoşunlarında xidmət etməyə başladım. Buradakı hərbi xidmətimi başa vurduqda sonra 2017-ci ildə kollec təhsilimi bitirdim. Daha sonra 2019-cu ildə könüllü olaraq hərbi xidmətə yollandım və xüsusi təyinatlı əməliyyat taborunda xidmətə başladım.
Hazırda isə MDU-da əyani təhsil alıram, lakin qiyabi formaya keçmək istəyirəm. Çünki ailəliyəm, bir övladım var. Ona görə də işləməliyəm.
-Məhərrəm bəy, 44 günlük Vətən müharibəsi iştirakçılarından biri kimi qalib ordunun vətəndaşı olmaq necə bir hissdir?
-Əlbbətə, gözəl hissdir. Bu duyğuları izah etmək üçün sözlər aciz qalır. Qalib Azərbaycanın vətəndaşı, oğlu olduğum üçün fəxr edirəm. Nə xoş mənə ki, bu qələbədə mənim də payım var.
-İlk dəfə eşidəndə ki, müharibə başlayır bu zaman nə hisslər keçirdiniz?
-Sözün düzü, eşidən zaman heç bir həyəcan yaşamadım. Çünki biz 30 ildir ki, bu günü səbirsizliklə gözləyirdik və müharibəyə hər zaman hazır olmuşuq. Torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparmalıydıq. Sevindirici tərəfi o oldu ki, torpaqlarımızı düşmənlərdən ala bildik.
-Aydın məsələdir ki, qələbə asanlıqla qazanılmır. Ümumiyyətlə, o günlər yaddaşınızda necə qalıb?
-Düzdür, hər bir müharibədə qələbə asanlıqla əldə edilmir. Çətin tərəfləri çox olur. Həmin dövrdə mənim üçün ən çətin məqamlardan birini sizinlə bölüşüm. Belə ki, mən əməliyyat qrupunun sanitarı idim. Yəni həm əsgər kimi vuruşurdum, həm də tibb işçisi kimi fəaliyyət göstərirdim.Yaddaşıma həkk olunan anlardan biri əsgər yoldaşımı Suqovuşan istiqamətində güllənin altından sürünə-sürünə çıxarmağımdır.
Həmin əsgəri oradan çıxardıqdan sonra qorxu deyilən hissimi itirdim. Dünən bir yerdə oturub söhbət etdiyim, çörək kəsdiyim insanı səhəri gün qan içində, can verərkən görmək mənə ağır idi. Onun sağ qalması üçün xeyli səy göstərdim. Amma təəssüf ki, xilas etmək mümkün olmadı...
Çox pis yaralanmışdı... Tibbi yardım etməyə çalışdım, lakin əsgər yoldaşım yarım saata canını tapşırdı. Bizim tabor 26 nəfər şəhid verdi və hər biri dostum, qardaşım idi. Yaralılara yardım göstərməkdə, şəhidləri çıxarmaqda iştirak edirdim. Nə qədər pis olsam da, özümü saxlamağı bacarırdım.
-Bunu necə bacardınız?
-Təbii ki, bu ağır vəziyyətin qarşısında durmaq, ona tab gətirmək heç də asan deyildi. Amma soyuqqanlı olmalıydıq. Çünki buna məcbur idim. Əgər soyuqqanlı olmasaydım heç bir yaralıya kömək göstərə bilməzdim.
-Bəs müharibədə hər hansısa yara almısınızmı?
-Bəli, olub. İki dəfə yaralanmışam. 2021-ci ildə Laçında lokal xarakterli antiterror əməliyyatında qapalı kəllə-beyin travması, ikinci dəfə isə Xocalı, Ağdərə və digər rayonların alınması uğrunda keçirilən antiterror əməliyyatında qolumdan güllə yarası almışam. Hazırda da müalicələrimə davam edirəm.
-Həmin dönəmlərdə ailənizlə əlaqə saxlaya bilirdiniz?
-O vaxt hamımızdan telefonları yığmışdılar. Əlaqə yaratmağa icazə yox idi.
-Bəs onlara nə zaman vəziyyətinizlə bağlı məlumat verə bildiniz?
-Yaralanandan sonra məni Göyçay xəstəxanasına apardılar və elə orda ailəmlə əlaqə saxlama imkanım oldu. Əslində, əvvəlcədən ürəyimə dammışdı...
-Nə?
-Əvvəlcədən hiss edirdim ki, belə olacaq. Hətta evdəkilərə demişdim ki, mən yaralansam, narahat olmayın. Hətta bu hadisə olmadan öncə qarışıq bir yuxu görmüşdüm. Gördüm ki, yaranlamışam və elə özüm-özümə yardım etməyə çalışıram. Gördüyüm yuxu başıma gəldi. Hətta necə görmüşdümsə, elə də oldu. Bu yuxudan sonra fikirləşdim ki, evdəkilərə deyim, əgər belə bir hal yaşansa, narahat olmasınlar.
- 4 il əvvələ qayıtma şansınız olasaydı ilk nə etmək istərdiniz?
-Sadəcə bir şey istərdim. Şəhid yoldaşlarımı yanımda sağ görmək. Çox istərdim ki, döyüş yoldaşlarım geri qayıtsın. Onların hər biri qəlbimdə ölənə qədər yaşayacaq.
-Heç düşünərdiz ki, torpaqlarımızın azad edilməsində sizin də rolunuz olar?
-Vallah heç ağlıma da gəlməzdi ki, 4 il sonra torpaqlarımız geri qayıdacaq. Amma ən böyük arzularımdan biri elə torpaqlarımızın azadlığı üçün vuruşmaq idi. Şükür ki, iştirak etdim və arzuma çatdım.