Azedu.az

Azərbaycanlı tələbə ASELSAN-da: "Öz avtomobil markamı yaradacam"

Müsahibə və reportajlar

3 Oktyabr 2024, 12:28
Azərbaycanlı tələbə ASELSAN-da: "Öz avtomobil markamı yaradacam"

Bir çox tələbə xaricə müraciət edərək müxtəlif ölkələrin təhsil sistemindən yararlanmağa üstünlük verirlər.

 

 Bu tələbələrdən biri də Kənan Quluzadədir.

 

K. Quluzadə Zərifə Əliyeva adına liseyin məzunudur. O, hazırda Türkiyənin Konya şəhərində Nəcməddin Ərbakan Universitetinin Mühəndislik fakültəsinin mexanika mühəndisliyi ixtisasının bakalavr üzrə 4-cü kurs tələbəsidir.

 

Qeyd edək ki, Kənan Türkiyədə “ASELSAN-Bakı” təcrübə proqramına qəbul olunub.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Kənan Quluzadə ilə əlaqə saxladıq.

 

Kənan təəssüratlarını bizimlə bölüşüb:

 

- “ASELSAN-Bakı” təcrübə proqramına qəbul olmağınız münasibəti ilə sizi təbrik edirik. Buraya qəbul olduğunuzu eşidəndə nə hisslər keçirdiniz?

 

Bu hiss əlbəttə çox gözəldir. Çünki daha əvvəl mühəndislik ixtisası üzrə təhsil alan azərabaycanlı tələbə bu proqrama qəbul oluna bilməmişdi. İxtisasım üzrə “ASELSAN-Bakı” təcrübə proqramına qəbul olunan ilk tələbəyəm.

 

- Bu təcrübə proqramına kimlər və necə müraciət edə bilərlər?

 

Elektrik elektronika, mexanika, kompüter, sənaye mühəndisləri və s. kimi sırf mühəndislik üzrə təhsil alan tələbələr “ASELSAN- Bakı” təcrübə proqramına müraciət edə bilərlər.Sadəcə olaraq bu proqrama qatılmaq üçün ilk növbədə CV hazırlanmalıdır. CV nümunəsi dəyərləndirildikdən sonra həmin təcrübə proqramına qəbul edirlər. Burada tələblər təkcə özləri haqqında deyil, gördükləri işlər və bacarıqları barədə məlumatı dolğun şəkildə qeyd etməlidirlər.

 

Bəzi proqramlar var ki, onlarda işləmək üçün müəyyən dərəcədə biliyə sahib olmalısan. Xarici dil biliyinə də xüsusi önəm verirlər. Ən azı B1 səviyyəsində dil biliyi vacibdir.

 

- Bakalavr təhsilinizi Türkiyədə almağa necə qərar verdiniz? Hansı səbəblər sizi ora yönəltdi?

 

- Çünki burada fəaliyyət göstərən müəllimlər, mühəndislik sahəsi üzrə professorlar, dosentlər bizi fabrikalara aparıb oradakı proseslə tanış edirlər.

Belə ki, bir parçanın, mexanikanın necə hazırlandığı barəsində bizə məlumatlar verirlər. Digər ixtisaslar haqqında çox da məlumatlı deyiləm, lakin mühəndislik təhsili üzrə Türkiyənin bir çox universiteti yüksək səviyyədə təhsil verir.

 

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

 

Bakalavr təhsilini bitirdikdən sonra magistratura üzrə təhsilimi davam etmək istəyirəm.

Magistr təhsilimi bitirdikdən sonra ya müdafiə sənayesi, ya da avtomatlaşdırılmış sənaye üzrə işləməyi planlaşdırıram. Biliklərimi artırdıqdan sonra bunu ölkəmizdə tətbiq etmək əsas hədəfimdir.

Hazırda Azərbaycan avtomobil istehsalında digər ölkələrə nisbətən geridə qalıb. Buna görə də gələcəkdə ölkəmiz adına avtomobil istehsal etməyi düşünürəm.

 

- Abituriyentlərə səslənmiş olsanız, nələri demək istərdiniz?

 

- İlk növbədə onlara tövsiyə edərdim ki, həvəsləri olduğu ixtisasları seçib, həmin istiqamətdə irəliləsinlər. Yəni sırf maaşı yüksəkdir deyə ixtisas seçmək düzgün deyil. Bir insan sevdiyi sahə üzrə yüksək səviyyədə işləsə, onsuz da pul qazanmağa nail olacaq.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox