Azedu.az

44 günlük Vətən müharibəsində iştirak edən müəllim: “Torpaqlarımızı azad etmək uşaqlıq arzum olub”

27 Sentyabr 2024, 11:00
44 günlük Vətən müharibəsində iştirak edən müəllim: “Torpaqlarımızı azad etmək uşaqlıq arzum olub”

27 sentyabr Anım günüdür, həmçinin bizi zəfərə aparan Vətən müharibəsinin başlanmasının  4 ili tamam olur.

 

Bu zəfər doğma torpaqlarımızı işğaldan azad etmək üçün iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.       

 

AzEdu.az Təhsil Portalı olaraq 44 günlük Vətən müharibəsində iştirak edən Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinlidən anım günüylə bağlı təəssüratlarını aldıq.

 

O, 2009-cu ildə Gəncə Dövlət Universitetinin (GDU)  riyaziyyat müəllimliyi ixtisasına qəbul olunub. 2014-cü ildə hərbi xidməti bitirdikdən sonra, elə GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsində təhsil alıb.

 

Qeyd edək ki, T.Nurəddinli bu il keçirilən müəllimlərin sertifikasiya imtahanının test mərhələsindən 59 bal toplayıb.

 

Müsahibəni təqdim edirik.

 

-Böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik ki, zəfərimizi bizə yaşadan sizlər oldunuz. Qalib ordunun qalib əsgəri olmaq necə bir hissdir?

 

- Əlbəttə, bu hisslər sözlərlə təsvir edilə bilməyəcək qədər möhtəşəmdir. Qalib ordunun qalib əsgəri, qalib ölkənin qalib müəllimi olmaq çox sevindiricidir. Bu duyğuları sözlərlə ifadə etmək çox çətindir. Düşünürəm ki, bunu yaşayanlar məni yaxşı başa düşər. Fikirləşəndə ki, qalibiyyətdə mənim də əməyim var, bu artıq həm sevincimə sevinc, həm də gücümə güc qatır.

 

-Eşidəndə ki, torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayanda ağlınızdan ilk nə keçdi?

 

- İlk onu qeyd edim ki, dayım Şahin Qurbanov birinci Qarabağ  müharibəsində qəhrəmancasına şəhid olub. Hər zaman torpaqlarımızın işğaldan azad olunacağı vaxtı səbirsizliklə gözləyirdim. Ona görə də hesab edirəm ki, əks hücum əməliyyatının başlanması arzuladığım anın yetişdiyindən xəbər verdi.

44 günün sonunda Azərbaycan Respublikasının qüdrətli ordusu öz gücünü həm Ermənistana, həm də bütün dünyaya göstərmiş oldu.

 

-Döyüşdə sizin üçün ən çətin an hansı idi?

145936

-Təəssüflər olsun ki müharibə itkisiz olmur. Döyüşdə çətin anlarımız içərisində bir hadisə mənə çox pis təsir etmişdi. Belə ki, əks-hücum əməliyyatımız zamanı bölük komandirimiz, baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlu şəhidlik zirvəsinə ucaldı. Baş leytenantın şəhid olması xatirəmdə ən çətin anlardan biri oldu.

 

-Hansı ərazilərmizdə vuruşmusunuz?

 

-Müharibədə könüllü olaraq cəbhəyə yollanmışam. Cəbhənin Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin rayonların işğaldan azad olunması uğrunda medalla təltif olunmuşam.

 

-4 il əvvəl Qarabağı azad edənlər sırasında sizin də olacağınızı desəydilər, inanardız?

 

-İnanardım.

 

-Nə üçün?

 

-Çünki bu mənim uşaqlıqdan arzum olub. Buna görə də torpaqlarımızı işğaldan azad edənlər içərisində olduğum üçün çox şadam. Şükür ki, bu sevinci yaşamaq mənə də qismət oldu.

 

-44 gün davam edən əks hücum qələbəmizlə başa çatdı. Bununla bağlı nələr söyləmək istərsiniz?

 

-Müharibənin sonunda Azərbaycan torpaqları işğaldan azad edildi. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ermənistan hakimiyyəti qeyd etmişdi ki, Azərbaycan Ermənistan ilə müharibə etsə, erməni tankları Bakıda dayanacaq.

 

Bunu düz vurğuladı, amma Azərbaycan ordusu erməni tanklarını Qələbə paradında, Bakıda hərbi qənimət kimi nümayiş etdirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə Allahdan şəfa diləyirəm.

 

-Təbriz müəllim, vətənpərvər ruhda olmağınız aydın şəkildə görünür. Bəs, bu hissi şagirdlərinizə necə aşılayırsanız?

145938

-Şagirdlərimə her zaman vətənpərvər olmağı, vətəninə, millətinə layiqli vətəndaş kimi yetişmələri üçün yol göstərirəm. Onlar dərslərini yaxşı oxuyub, beynəlxalq olimpiadalarda uğur qazanmalıdırlar ki, ölkəmizi dünyada tanıda bilək.  

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox