Vətən müharibəsində yaşından, başından asılı olmayaraq hər kəs bir can oldu. Kimiləri könüllü dəstələr halında səfərbərliyə qoşuldu, kimiləri hələ silah tutmağı yenicə öyrənib, ön cəbhəyə yollandı.
Əsgərliyə yenicə gedib, ön cəbhədə vuruşanlardan biri də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisasının III kurs tələbəsi Naib Qənbərovdur.
Müsahibimiz II Qarabağ müharibəsi zamanı N saylı hərbi hissədə xidmətdə olub. O, “Müharibədə iştirak etdiyinə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən müharibəsi iştirakçısı tələbəmizi daha yaxından tanıyaq...
- Xoş gördük, Naib. 18 yaşında düşmənlə üz-üzə gələrək qələbə qazanıb, müharibədən gələndən sonra isə ali təhsil almaq istəməyin çox cəsarətli addımdır. Maraqlıdır, sən əsgərliyə getmədən öncə universitetə sənəd vermişdin?
- Universitetə qəbul olmaq istəyirdim, ancaq alınmadığı üçün əsgərliyə- Füzuli şəhərinə yollandım. Əsgərliyim müharibə dövrünə təsadüf etdiyi üçün döyüşlərdə mən də iştirak etdim.
Ali təhsil almaq arzum olduğu üçün müharibədən qayıtdıqdan 1 il sonra hazırlaşıb, univeristetə sənəd verdim. Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisasını özümə doğma hiss etdiyimdən bu sahədə təhsil almağa qərar verdim. Gələcəkdə Gənclərin çağırışaqədərki hazırlığı müəllimi kimi fəaliyyət göstərməyi düşünürəm.
- Müharibədən 1 il sonra ali məktəbə daxil olmusan. Bəs, universitet həyatı sənin üçün başlarda necə idi? Adaptasiya ola bilirdin?
- Müharibədən qayıtdıqdan sonra psixoloji cəhətdən bir az çətinliklər yaşadım. Bir qədər müalicələrdən sonra hədəfimə çatmaq üçün hazırlıqlara başladım. Nəticədə bu gün III kurs tələbəsiyəm.
- 18 yaşlı Naib Xocavəndin və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. İlk dəfə müharibə xəbərini, eləcə də orada iştirak etməli olduğunu eşidəndə, nələr keçdi ağlından?
-Bizə döyüşlərin başladığı barədə xəbər veriləndə, çox sevinmişdik, çünki yaşımız az olsa da, müharibədə iştirak etmək qürurvericidir. Müharibə bir tarixdir. Tarixin səhifələrində iz qoyurduq.Bunun verdiyi qüruru sözlə ifadə edə bilmərəm. Hələ uşaqlıqdan oxuduğum, eşitdiyim Xocalı soyqırımı, dinc əhalinin öz yurd-yuvasından didərgin salınması mənim qəlbimdə dərin izlər qoymuşdu.
- Hərb sahəsində öyrəndiyin təcrübələr təhsilinə necə təsir edir? Öyrəndiklərini dərs praktikasında tətbiq edə bilirsən?
- Tələbə yoldaşlarım hələ hərbi xidmətə getməyiblər. Onlardan fərqli olaraq, bu sahədə bəzi şeylər mənə daha asan olur. Müəllimlərimizin hər biri savadlı olduğundan, bilmədiklərimizi də onların təcrübələri əsasında öyrənirik.
- Qeyd etdin ki, qrup yoldaşların əsgərliyə getməyib. Bizdə həmişə əsgərliyə gedənə, xüsusən də, döyüşlərdə yaxından iştirak edənlərə tez-tez “necə oldu?”, “olanları danış”, “müharibədə nələr etdiniz?” və s. tipdə suallar verilir. Bəs, sən tələbə yoldaşlarından bu cür suallar eşitmisənmi?
- Təbii ki, müharibə barədə maraqlı olan sualları onlar mənə verirlər.
- Ən çox səndən hansı sualları soruşurlar?
- “Döyüşlər necə başladı?”, “Müharibədə hansı hisləri keçirdin?”, “Qorxu var idimi?” və s. ən çox bu tipli sualları ünvanlayırlar.
- Bir mif var ki, əsgərliyə gedənlər qayıdanda xasiyyətləri dəyişir, daha sərt olur. Hələ əsgərlik daxilində müharibədə də olubsa, onda ümumiyyətlə tünd xasiyyət adama çevirilir. Səncə bu doğrudur? Sənin xarakterində dəyişiklik oldu?
- Mənim xarakterim əvvəldən ciddi idi. Sadəcə tələbə yoldaşlarım və digər yaxınlarımla səmimi oluram. Ancaq müharibə şəxsən mənim xasiyyətimdə nəyisə dəyişməyib, bəlkə də əzəldən ciddi olduğum üçün belə oldu.
- Naib, səncə adama hansı daha yaxındır. Sinif, tələbə, yoxsa əsgər yoldaşı?
- Əsgər yoldaşı...
- Niyə məhz əsgər yoldaşı?
- Hərbi xidmət elə bir yerdir ki, orada əsgər yoldaşları bir-birinə arxa-dayaq olur. Hələ müharibə vaxtında yoldaş üçün düşünmədən canından belə keçməyə hazır olur insan. Çünki artıq doğmalıq hissi yaranır. O mühitdə sən və əsgər yoldaşın qalır. Nə valideyn, nə qardaş, nə dost yox... Yalnız əsgər yoldaşın. O sənin əsgərlikdə qardaşına çevrilir.
Bizim əsgər yoldaşlarımızla indi də əlaqələrimiz var. Arada bir görüşüb, danışırıq.
- Yoldaşların arasında şəhidlik zirvəsinə ucalanlar olub?
-Bəli... 5-6 illik dostum Məmmədzadə Pərviz Xocavənd istiqamətində şəhid oldu. Daha bir tanışım qazi oldu... Çox istədiyim komandirim polkovik-leytenant Baxışəliyev Qərib Laçın istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O həmişə bizə deyirdi ki, “heç vaxt əsir düşməyin. Erməni əlinə düşməkdənsə, özünüzə qəsd edin”.
Onun şəhid olma xəbərini eşidəndə, o sözü yadıma düşdü. Və biləndə ki, əsir düşməmək üçün özünə qəsd edib...
Müsahibimiz cümləsini bu cür yekunlaşdırdı. Onu daha çox sıxmamaq üçün bir qədər gözləyib, növbəti sualımızı ünvanladıq.
- Müharibədə yaşadığın hansı anı heç vaxt yaddaşından silə bilməzsən?
- Bu kimi bir çox şeylər yaşamışam. Döyüş yoldaşlarımın şəhid olması anlarını heç vaxt unuda bilmərəm...
Ən yadımda qalan hadisə odur ki, bir gün axşamtərəfi əsgərlərlə sığınacaqda oturub, söhbət edirdik. Səhərsi gün həmin söhbət etdiklərim artilleriya zərbəsində şəhid oldu... Axşam söhbətləşirdik, sabah isə artıq onlar dünyada olmurdular...
- Döyüşlərdə xəsarət almısan?
- Xeyr, şükür ki, yaralanmamışam.
- Çox gözəl! Gəl bir az da gələcəkdən danışaq. Hədəflərin nələrdir? Özünü harada görürsən?
- Universiteti bitirib, müəllimlik və ya hansısa dövlət işində işləmək istəyirəm. Qismət...
- Müharibədə olarkən ailənlə əlaqə saxlaya bilirdin? Heç bir an düşünmüsən ki, bu yoldan dönməliyəm?
- Xeyr, heç vaxt elə düşünməmişəm. Fikirləşirəm ki, o döyüşdəkilərin heç biri də bu cür düşünməyib.
Təbii ki, hər bir ailə övladının sağ-salamat qayıtmasını istəyir, amma orada ailəylə danışmaq imkanı olmur. Mən də ancaq 1-2 dəfə danışa bilmişəm.
- Ön cəbhədə düşmənlə üz-üzə olmusan. 18 yaşlı bir gənc o an nə hiss etdi?
- Döyüşdə mərhəmət olmur! Müharibə anında düşünməyə, hisslər bəsləməyə imkan yoxdur. Bir fikir var ağlımızda. O da: “Döyüşdəsənsə, qarşındakı düşməndirsə, fərqi yoxdur neçə yaşı var, öldür!”.