Azedu.az

Müharibədə iştirak edən müəllim: "Hərbin sirlərini İlqar Mirzəyevdən öyrənmişəm"

Müsahibə və reportajlar

25 Sentyabr 2024, 17:10
Müharibədə iştirak edən müəllim: "Hərbin sirlərini İlqar Mirzəyevdən öyrənmişəm"

“Qarabağ... Bir zamanlar hər bir Azərbaycanlının qəlbinin dərinliklərində yerləşən qara yara, kədər, utanc hissi...  Bu gün isə zəfərimizin bəhrəsi!”.

 

“Qarabağ uğrunda kimiləri canından, kimiləri sağlamlığından olub, amma buna baxmayaraq, Zəfər üçün döyüşə gözüaçıq gediblər”.

 

Bugünkü müsahibimiz Rəsulov Sərdar da Qarabağ uğrunda döyüşənlərdən biri olub. O,  həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimidir. Sərdar müəllim hərbi fəaliyyətə 21 yaşından etibarən başlayıb.

 

Hamımız Bərdəyə atılan roketlərin nəticələrini görmüşük. Məhz həmin roketləri atan 3 Smerç qurğusunun koordinatlarını Sərdar müəllim tapıb.

 

O, II Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda döyüşlərdə iştirakına görə”,“Ağdamın azad olunmasına görə” , “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı olduğuna görə”, Müdafiə Nazirliyi tərəfindən -  “Hərbi xidmətdə fərqləndiyinə görə I dərəcəli medal”, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi tərəfindən – “Böyük Zəfər” medalı ilə təltif olunub.

 

­Sərdar müəllimlə dörd il öncə müharibədə yaşadığı xatirələri vərəqlədik...

 

- 21 yaşınızdan başlayaraq hərb sahəsində çalışmısınız. Maraqlıdır, sizdə bu sahəyə həvəs necə yaranıb? Ailənizdə və ya yaxınlarınız arasında hərbçi kimi işləyənlər olub?

145822

- Hərb sahəsinə maraq məndə uşaqlıqdan var idi. İki dayım və dayım oğlu hərbçi idilər. Anam hərbiyə marağım olduğuna görə nigaran olurdu. Qardaşları bu peşədə olduğu üçün hərbinin çətinliyindən xəbəri var idi. Ona görə də anam hərbçi olmağımı istəmirdi. Həmişə deyirdi ki, ailəndən, evindən kənar düşəcəksən, çətinliklərin olacaq. Ancaq mənim istək və həvəsim həmin çətinlikləri üstələdi.

Təhsil aldığım Hacıqabul rayon tam orta məktəb, rus məktəbi, sinif yoldaşlarımın əksəriyyəti isə hərbçi övladları idilər. Məktəbimiz şəhərciyin yanında yerləşdiyi üçün dərsdən sonra boş vaxtlarımızda uşaqlarla gedib, oraları gəzirdik.

Nəhayət istəklərimə qalib gəlib, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (Ali Hərbi Məktəb) daxil oldum. 4 il artilleriya ixtisasında oxuduqdan sonra, 1999-cu ildə N saylı hərbi hissədə xidmətə başladım. İxtisasıma marağım böyük idi. Hərbi hissədə tağım komandirimiz Milli Qəhrəman, polkovnik İlqar Mirzəyev idi.

Artilleriya ən çətin və məsuliyyətli ixtisaslardan biridir. Bu sahənin sirlərini məhz İlqar Mirzəyevdən öyrənmişəm. Hamımız çalışırdıq ki, onun kimi olaq. O, bir zabit etalonu idi. Onun istər hərbi geyim daşımağı, istər tələbkarlığı, savadı, qayğıkeşliyi, eləcə də digər müsbət xüsusiyyətlərini nümunə kimi götürürdük.

Əsas ixtisasım artilleriya olmasına baxmayaraq, Ali Hərbi Məktəbi bitirdikdən sonra artilleriyanın kəşfiyyatı istiqamətində xidmət etdim. Sonrakı illərdə 2000-ci il Radilokasiya kəşfiyyatı batareyasının komandiri, 2001-ci il Səs kəşfiyyatı batareyasının komandiri, daha sonnra Kəşfiyyat divizionun qərargah rəisi, Divizion komandirinin maddi-texniki təminat üzrə müavini, Divizion komandirinin müavini, Artileriya təlim divizionun komandiri, Reaktiv divizionun komandiri, Raket və Artilleriya Qoşunları İdarəsinin Kəşfiyyat şöbəsinin baş zabiti və Raket və Artilleriya Qoşunları İdarəsinin Kəşfiyyat şöbə rəisinin müavini kimi xidmət göstərdim.

 

- Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyev sizin ilk komandiriniz olub. Artilleriyanın ilk sirlərini, eləcə də müsbət keyfiyyətlərdən bir çoxunu məhz ondan öyrənmisiniz. Bəs, İlqar Mirzəyevin kursantlarla münasibəti necə idi?

 

-O, komandir kimi həm tələbkar, həm də çox qayğıkeş idi. Hərb elə bir sahədir ki, oradakılar müxtəlif ailələrdə böyümüş şəxslərdir. Bir evin içində belə 2 övladı eyni cür tərbiyə etmək olmur. Təsəvvür edin bölükdə 100-200 nəfər olur. İlqar Mirzəyev onlarla fərdi rəftar edirdi. Adam var ki, tələbkardır, amma qayğıkeşliyi yoxdur. İlqar Mirzəyev isə bütün müsbət xüsusiyyətləri özündə daşıyırdı. Həmişə qeyd edirəm ki, o, hərbidə etalon idi. Onun istənilən xüsusiyyətini mənimsəmək istəyirdik. O, çox mükəmməl insan idi.

 

- Siz şəhid İlqar Mirzəyevin hansı müsbət xüsusiyyətini bugünkü həyatınızda tətbiq edirsiniz?

 

- Özünətələbkarlıq. İstənilən bir şeyi “öyrənə bilmirəm, edə bilmərəm, əl çəkim, sonraya qalsın” demirəm. İstəyimin sonuna qədər gedirəm. Bu xüsusiyyətimi də məhz ondan görüb, götürmüşəm. Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmişəm. Bunun da birnömrəli səbəbkarı məhz polkovnik İlqar Mirzəyevdir.

O, ixtisasın təqdimatını bizə elə vermişdi ki, bu sahədə bütün bacarığımı ortaya qoymalı idim. Oxuduğum müddətdə torpaqlarımız işğal altında olduğu üçün ən böyük arzum, amalım Qarabağ savaşında iştirak edib, torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Düzdür, 4 günlük aprel döyüşlərində də Füzuli istiqamətində iştirak etmişdim, amma onda bizim missiyamız yarımçıq qaldı. Aprel döyüşləri düşmənə güc nümayişimiz idi. Düşmənə göstərdik ki, Azərbaycan əvvəlki deyil. Onun ordusu gücləndirilib, yenilənib.

Hələ kursant olarkən, Vətən uğrunda savaşmaq arzuma nəhayət ki, II Qarabağ müharibəsində çatdım. 

 

- Gəncliyinizi hərb sahəsinə həsr edib, döyüşlərdə cəsarətlə iştirak etmisiniz. Maraqlıdır, bu təcrübələrinizi dərslərinizdə necə tətbiq edirsiniz?

145819

- Hazırda tədris etdiyim fənlərə hərbi topoqrafiya, atəş hazırlığı və digər  fənlər aiddir. Ancaq hərbi topoqrafiya fənni topoqrafik xəritələrlə işlənmə tələb edir. Mənim bu sahədə 26 illik təcrübəm olduğu üçün nəzəri yox, təcrübələrə əsaslanaraq fənni tədris edirəm. Çalışıram ki, tələbələrdə vətənpərvər ruhu gücləndirim.

Mən çox vətənpərvərəm. Xidmət dövrümdə xarici hərbi qulluqçularla söhbətimiz zamanı Qarabağın işğal olunmasından utanc duyurdum. Mən bilirdim ki, ermənilər zəifdir, amma bunu xaricilərə sübut edə bilmirdik ki, biz sülh yolu ilə torpaqlarımızı azad etmək istəyirik.

Ona görə də xarici hərbi qulluqçulara çalışdığımız qədər izah edirdik ki, biz vaxtını gözləyirik. O vaxt gələndə biz torpaqlarımıza qovuşacağıq. Nəhayət missiyamız tamamlandı.

Müharibədən sonra da istər Rusiya, Belarusiya, İsrail və digər dövlətlərin nümayəndələri ilə görüşəndə qürur hissi ilə dedim ki, “Mən sizə demişdim, gün gələcək, biz öz gücümüzü göstərəcəyik. Gün gəldi və biz bunu sübut etdik ki, Qarabağ Azərbaycandır! Özü də layiqincə göstərdik”.

 

- Cəsarətli və vətənpərvər olmağınız sözlərinizdən bəllidir. Sərdar müəllim, biz çox vaxt görür və eşidirik ki, hərb sahəsində olan insanların xasiyyətləri bir qədər tünd olur, deyib-gülən olmurlar. Bəs, bu sizdə necədir?

 

- Əsl komandir odur ki, o, hərbidəki hər bir adamla fərdi rəftar etsin. Ona görə də kimisiylə ciddi, kimisiylə yarı-zarafatcıl olmaq lazımdır. Məndən tələb olunanda mən də çox ciddi oluram. İlk təəssüratlarda həmişə deyirlər ki, çox ciddi insansan. Hərbçinin əsas xüsusiyyəti də ciddi olmasındadır. Bu da nizam-intizamın qurulması üçün vacibdir. Nizam-intizamsız yerdə heç bir şeyi əldə etmək olmur. Komandir tutduğu vəzifədən asılı olmayaraq tabeliyində olanlara verilən tapşırıqları icra etdirməyi bacarmalı və bunu öz şəxsi nümunəsində göstərməlidir. Mən də həmişə çalışıram ki, nümunə olum.

 

- Bəs, tələbələrinizlə münasibətləriniz necədir? Heç sözünüzün çəpləşdiyi mübahisələriniz olub?

 

- Mən tələbələrin gözlərinə baxanda bilirəm ki, onun xüsusiyyəti nədir və haqqımda nə fikirləşir. Ona görə də hər kəslə hansı dildə danışmaq lazım olduğundan xəbərdaram. Sağolsunlar onlar da, müəllimlərinə hörmətlə yanaşırlar.

 

- Müəllimlikdən əlavə Müdafiə Nazirliyinin Roket və Artilleriya qoşunları idarəsinin Artilleriya kəşfiyyatı şöbə rəisinin müavini kimi fəaliyyət göstərirsiniz. Kəşfiyyat zamanı yaşadığınız ən çətin anlar hansılar olub? Ümumiyyətlə bu sahəni seçəcək olan gənclər nələrlə üzləşə bilərlər?

145821

- Hərbçi sənəti çox çətindir. Belə bir deyim var, söyləyirlər ki, “filankəs filan yerdə işləyir”, amma hərbçi işləmir, o xidmət edir. Bizim ən başlıca məqsədimiz xidmətdir. Ona görə deməzdim ki, hər bir sahənin özünə görə çətinlikləri var. Ancaq hərbçi olmaq üçün intizamlı olmaq lazımdır. “tabe etməyi bacarmaq üçün gərək tabe olmağı bacarasan”. Bu söz bizim əsas devizimizdir. Sən rəhbərliyə, komandirə qarşı intizamlısansa, səndən aşağıdakılar da sənə qarşı elə olacaqlar. Bütün savad, bilik hər biri intizama əsaslanır.

Torpaqlarımız işğalda olan dövrlərdə bizim başlıca məqsədimiz güclənib, azadlığımıza qovuşmaq idi. 1990-cı illərdə ordu yeni-yeni yaranırdı, vahid komandalıq yox idi. Ona görə də azadlıq ala bilmirdik. Həmin dövrlərdə döyüşən Azərbaycan oğulları onda da olub, indi də var, bundan sonra da olacaq. Bu oğulları torpaq yetişdirir. Sadəcə ordu təkmilləşib, yeniləndiyi üçün azadlıq müasir dövrə təsadüf etdi.

44 günlük müharibədə də gördüm ki, hərbçilərimiz üzərimizdə olan qara ləkəni  götürmək üçün canları uğrunda döyüşürlər.

 

- Hərbiyə marağınız uşaqlıdan formalaşıb. Bu sahədə uzun illər çalışmısınız. Bəs, hansı səbəbdən hərbidə qalmağı yox, müəllimliyi seçdiniz?

145815

- Ehtiyata çıxmaq kimi məqsədim yox idi. Sadəcə səhhətimlə bağlı məcburən bu addımı atmalı oldum. Müharibədə 2 dəfə kəllə-beyin travması almışam. 2-3 aylıq müalicədən sonra tövsiyə etdilər ki, ehtiyata gedim.

 

- İndi özünüzü necə hiss edirsiniz? Nə zaman travma aldığınızı xatırlayırsınız?

 

- İndi yaxşıyam. Deyərdim ki, müharibədəki sarsıntılardan sonra tələbələrlə olmaq mənə gərginliyimi itirməyə yardımçı olur. Travmanı Ağdam və Füzuli istiqamətində almışam.

Mülkidə insan özünü rahat hiss edir, gərginlik olmur, amma döyüş elədir ki, kimlərinsə həyatı sənin hansısa addımından asılıdır. Bu düşüncə ilə insanda adrenalin hissi formalaşır. Günlərlə yatmırsan, amma yuxusuzluğu hiss etmirsən. İnsan bir müddət sonra buna öyrəşir.

Müharibə dövründə korona yayılmışdı. Mən Hərbi Hospitalda müayinədən keçdikdən sonra bildim ki, mən də korona olmuşam.

Açığı müharibə dövründə hiss edirdim ki, məndə müəyyən əlamətlər var. Halsızlıq və s. Amma bunu düşünməyin vaxtı deyildi. Ən çox qorxum işimi yekunlaşdırmamış, oradan uzaqlaşmağım idi. Buna görə də səhhətimlə bağlı narahatlığımı bildirmədim.

 

- Düşmənlə üz-üzə gələndə nələr hiss etdiniz?

 

- Müharibə 27 sentyabr saat 8-in yarısı başladı. Biz bacardığımız qədər düşmən qüvvəsini azaldıb, ruhlarını sındırdıq. Buna nail olduqdan sonra hücum əməliyyatlarına başladıq.

Mülkidə bəlkə də insan-insana mərhəmət edə bilər, amma hərbidə mərhəmət olmur. Bizim Xocalıda qadınlara, qızlara, uşaqlara olunanları gözümüzün önünə gətirib döyüşürdük. Düşmən əsgəri bizim üçün hədəfdir. Bir məqsəd daşıyırdıq. “Düşmən məhv edilməlidir, vəssəlam”. Bizə ikinci belə şans verilməyə bilərdi, ona görə də şansımızı maksimum dərəcədə dəyərləndirdik.

 

- Döyüş yoldaşlarınızdan, ən yaxınlarınzdan şəhid olanlar oldu?

 

-Bəli. Birinci polkovnik İlqar Mirzəyev idi. O Tovuz hadisələrində şəhid olanda çox sarsılmışdım. Ondan sonra tələbə yoldaşlarımızdan olan Süleymanov Emin də şəhid oldu. Vaxtı ilə tabeçiliyimdə xidmət edən mayor Ələkbərov Fərid də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid oldu. Çox zabitlər şəhid olub... Adları sayılacaq qədər deyil.

Tez-tez Fəxri Xiyabanlara gedib, onları ziyarət edirəm. Deyirlər “şəhidlər ölməz”. Mən də onların məzarlarını ziyarət edəndə onlarla görüşüb, söhbət edirəm. Bu hisslərlə insan barışa bilmir... Torpaq uğrunda, Vətən uğrunda şəhid olmaq  da hər adama nəsib olmur. Onları yaşatmaq da bizim borcumuzdur. Mən müəllim kimi auditoriyada daim vətənpərvərlik hissini möhkəmləndirməyə çalışıram. Anlayıram, həyat davam edir, amma biz unutmamalıyıq ki, dəfələrlə düşmən xəyanəti ilə üzləşmişik. Bizim əlimiz tətikdə olmalıdır. Bilməliyik ki, DÜŞMƏN XƏYANƏTKARDIR!

İstəmirdim ki, bizdən sonrakı nəslə bu savaş qismət olsun. Şükür edirəm ki, Allah mənə döyüşlərdə birbaşa iştirak etməyi qismət etdi. Amma bu o demək deyil ki, bununla hər şey bitdi. Hər bir şəxs çalışmalıdır ki, dövlətin təhlükəsizliyi üçün çalışsın.

 

- Döyüşlərdə çox iştirak etmisiniz, istər aprel, istər II Qarabağ. Bəs, sizin həyatınızda elə bir an olub ki, onu heç vaxt unuda bilmirsiniz?

145817

 - Rabitə vasitəsilə eşidirdik ki, filankəs şəhid oldu. O anın sarsıntısını çox yaşayırdıq. Elələri olub ki, 3 gün əvvəl deyib-gülüb, birgə çörək kəsmişik, amma 2 gündən sonra şəhid olur. O anlar unudulmazdır.

Yoldaşların itkisi çox ağırdır...

Biz də atayıq, övladıq, qardaşıq. Onların ailələrinin keçirdiyi ağrıları, stresləri fikirləşdikcə, adam sarsılır. Amma bölgələr alındıqca da ikili hisslər keçirirdim. Həm sevinc, həm kədər... Dağıdılmış, uçurdulmuş kəndlərə, qəbirsanlıqlara baxırdım... Bir anlıq fikirləşirdim ki, burada uşaqlar böyüyüb, qaçıb, oynayıb, amma bu gün xarabaya çeviriblər.

İnanırıq ki, Qarabağı əvvəlkindən də gözəl quracayıq.

 

- Son bir sualımız var. Sizin kitablarınız arasında Kəşfiyyat manqa komandirinin blaknotu diqqətimizi çəkdi. Həmin kitabda nələrdən bəhs olunur?

- O, kəşfiyyat manqa komandirinin blaknotu olur. Bu blaknotda planlı hədəflər göstərilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox