Müəllim bilik verən, tərbiyə edən və insan formalaşdıran şəxsdir. Onun rolu heç bir texnologiya, kitab və ya proqramla əvəz edilə bilməz. Amma bu gün müəllim obrazı əvvəlki qədər yüksək dəyərləndirilmir.
AzEdu.az-a bu sözləri təhsil eksperti Rasim Həsənzadə bildirib.
O, qeyd edib ki, müəllim özünü dəyərli hiss etmədikcə, cəmiyyət də ona dəyər verməyəcək:
“Son illər müəllim peşəsinin nüfuzu mövzusu cəmiyyətdə geniş müzakirə olunur. Bu, təkcə təhsil sisteminin deyil, ümumilikdə mənəvi dəyərlər sistemimizin bir göstəricisidir. Müəllim bilik verən, tərbiyə edən və insan formalaşdıran şəxsdir. Onun rolunu heç bir texnologiya, kitab və ya proqram əvəz edə bilməz. Amma bu gün müəllim obrazı əvvəlki qədər yüksək dəyərləndirilmir. Bunu dəyişmək üçün həm fərdi, həm də sistem səviyyəsində addımlar atmaq vacibdir.
Əvvəlcə müəllimə münasibətdən başlamaq lazımdır. Müəllim nüfuzu ilk növbədə onun peşəsinə olan sevgi və məsuliyyət hissindən doğur. Müəllim özünü dəyərli hiss etmədikcə, cəmiyyət də ona dəyər verməyəcək. Öz biliyinə güvənən, daim yenilik axtaran, davranışı və danışığı ilə şagirdlərinə örnək olan müəllim istər-istəməz hörmət qazanır. Burada nüfuz dedikdə yalnız başqalarının münasibəti deyil, müəllimin öz peşəsinə və şəxsiyyətinə verdiyi dəyər də nəzərdə tutulur".
Müəllim öz sosial rifahından əmin olmasa, daxili motivasiyasını qorumaq çətinləşər:
“Eyni zamanda, dövlət səviyyəsində müəllim əməyinə dəyərin artırılması vacibdir. Sosial təminat, əməkhaqqı, iş şəraiti və ixtisasartırma imkanları bu sahədə mühüm rol oynayır. Müəllim öz sosial rifahından əmin olmasa, daxili motivasiyasını qorumaq çətinləşər. Buna görə də təhsil islahatlarının mərkəzində məhz müəllimin rifahı və peşəkar inkişafı dayanmalıdır. Müəllimin fikri maraqlı tərəf kimi hər zaman nəzərə alınmalıdır. Unutmamalıyıq ki, təhsil sisteminin keyfiyyəti müəllim keyfiyyətindən yüksək ola bilməz”.
Digər vacib məqam isə cəmiyyətin müəllimə baxışıdır. Təəssüf ki, bu gün mediada və gündəlik söhbətlərdə müəllimlə bağlı neqativ hallara çox yer verilir. Halbuki cəmiyyət müəllimin fədakarlığını, səbrini, hər gün onlarla uşaqla işləməyin məsuliyyətini daha çox dəyərləndirməlidir. Uşaqların gələcəyini formalaşdıran müəllimə sadəcə “peşə sahibi” kimi deyil, “dəyərlər daşıyıcısı” kimi baxmaq lazımdır.
Müəllim dəyər görən yerdə təhsil də dəyər qazanır, gələcək də:
“Müəllimin nüfuzunu qaldırmaq həm də təhsil sistemində şəffaf, ədalətli və motivasiyaedici mühitin yaradılmasından keçir. Şagirdlər müəllimin biliyinə və obyektivliyinə inandıqca, valideynlər onunla əməkdaşlıq etdikcə müəllim özünü daha güclü hiss edəcək. Təhsil müəssisələrinin rəhbərləri də müəllimlərin səsini eşitməli, onların təşəbbüslərinə dəstək verməlidirlər.
Ən əsası, müəllimlik peşəsinə sevgi və hörmət yenidən gənclərin idealı olmalıdır. Əgər bir müəllim öz övladına “bu peşəni seç, çünki bu, şərəfli yoldur” deyə bilirsə, deməli, biz doğru istiqamətdəyik. Müəllim nüfuzunun bərpası nə əmrlə, nə qərarla mümkündür - bu, uzunmüddətli mənəvi və mədəni prosesdir. Hər birimiz valideyn, şagird və vətəndaş olaraq müəllimə hörməti öz davranışımızla göstərməliyik. Çünki cəmiyyətin səviyyəsini onun müəlliminə olan münasibəti müəyyən edir. Müəllim dəyər görən yerdə təhsil də dəyər qazanır, gələcək də”, - deyə müsahibimiz bildirib.