Azedu.az

Universitet proqramları MİQ tələblərinə cavab VERMİR

Müəllimlər və elm adamları

20 Oktyabr 2025, 11:19
Universitet proqramları MİQ tələblərinə cavab VERMİR

Zaman-zaman geniş müzakirə olunan mövzulardan biri müəllim olmaq istəyən gənclərin iki dəfə hazırlığa getməsi məsələsidir. Əvvəl ali məktəbə qəbul, sonra isə MİQ imtahanı üçün hazırlığa üz tuturlar. Bəziləri bunu normal qəbul etsə də, əslində bu hal təhsil sistemindəki uyğunsuzluğu ortaya qoyur.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə ekspert Elmin Yaqubbəyli qeyd edib ki, bu məsələ fərdi yox, sistemli bir problemdir:

"Universitetlər dörd il ərzində pedaqoji biliklər versə də, həmin biliklər çox vaxt MİQ imtahanlarının tələblərinə uyğun gəlmir. Nəticədə gənclər yenidən hazırlıq kurslarına üz tutmağa məcbur qalırlar. Əgər bir məzun ixtisası üzrə işə qəbul üçün ayrıca kursa getməlidirsə, bu, artıq təhsil sistemində koordinasiyanın olmadığını göstərir.

Hazırkı şəraitdə, təəssüf ki, bəli. MİQ imtahanı konkret format və praktik biliklər üzərində qurulub, amma universitetlərdə bu istiqamətdə sistemli təlim verilmir. Buna görə də gənclər nəticə qazanmaq üçün kurslara müraciət edirlər. Lakin bu, davamlı model ola bilməz. Ali təhsil elə qurulmalıdır ki, məzun imtahan üçün əlavə resurs sərf etmədən tam hazır səviyyəyə çatsın.

Universitetlərin məqsədi yalnız diplom vermək deyil, işəqəbul səviyyəsində kadr hazırlamaqdır. Tədris proqramına MİQ tələblərinə uyğun tapşırıqlar, testlər və simulyasiyalar daxil edilməli, son kurslarda MİQ-ə bənzər qiymətləndirmə sistemi tətbiq olunmalıdır. Belə olduqda, məzun artıq kurslara ehtiyac duymadan imtahana girə, öz biliyinə güvənərək müəllimlik fəaliyyətinə başlaya bilər.

Təhsil sisteminin məqsədi insanı imtahana deyil, peşəyə hazırlamaq olmalıdır. Əgər universitetlər bu funksiyanı tam icra etsələr, “ikiqat hazırlıq” problemi aradan qalxar və müəllim peşəsi daha sistemli, şəffaf və səmərəli şəkildə formalaşar".

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi
Son xəbərlərDaha çox