2024/2025-ci tədris ilinə olan statistikaya görə, Azərbaycanda təxminən 120 633 təhsilverən fəaliyyət göstərir. Onlardan 11 715 nəfəri magistratura səviyyəsində ali təhsilə malik müəllimlərdir.
Maraqlıdır, müəllimlər niyə magistratura təhsilinə önəm vermirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, müəllimlərin magistratura təhsilinə marağının az olması, əslində, bir neçə dərin səbəbdən qaynaqlanır:
"Ən çox səslənən səbəb ondan ibarətdir ki, bu təhsil pilləsinin praktik faydası müəllimlər üçün aydın görünmür. Yəni onlar çox zaman magistr diplomunun nə maaşda, nə də vəzifə statusunda ciddi fərq yaratmadığını düşünürlər. Halbuki dünyada məsələn, Finlandiyada, Estoniyada və Sinqapurda magistr dərəcəsi müəllim peşəsinin əsas tələblərindən biridir. Bu ölkələrdə müəllim magistr dərəcəsini sadəcə bir “kağız” kimi deyil, elmi və pedaqoji inkişafın əsas aləti kimi qəbul edir.
Digər tərəfdən, məktəbdə dərs yükünün çoxluğu, əlavə hazırlıqlar, valideynlərlə və şagirdlərlə kommunikasiya kimi amillər müəllimlərin vaxtını tamamilə alır. Belə olan halda magistratura təhsili, hansı ki, dərin tədqiqat, oxu və analitik düşüncə tələb edir, çoxlarına çatılmaz görünür. Bunun üzərinə maddi çətinliklər də əlavə olunur. Dövlət sifarişli yerlərin azlığı və ödənişli magistratura proqramlarının bahalığı bir çox müəllimi bu addımı atmaqdan çəkindirir.
Ən ağrılı məqam isə bəzən motivasiyanın və akademik mühitin zəif olmasıdır. Müəllimlər özlərini elmi mühitdə dəyərli hiss etməyəndə, bu istiqamətə meyl də azalır. Halbuki magistratura sadəcə elmi bilik deyil, həm də tənqidi düşünmə, tədqiqat aparma, yeni təlim üsullarını sınamaq imkanıdır. Bu mühit dəstəklənərsə, maraq da təbii şəkildə yaranar.
Dünyada uğurlu təcrübələr bunu sübut edir. Məsələn, Finlandiyada müəllim olmaq üçün magistr dərəcəsi mütləqdir və bu, müəllimin cəmiyyətdəki statusunu yüksəldir. Sinqapurda müəllimlərin magistr səviyyəsində təhsili “Teacher Growth Model” çərçivəsində karyera artımı üçün vacib şərtdir. Böyük Britaniyada isə magistr proqramları birbaşa sinifdə aparılan tədqiqatlara əsaslanır. Yəni müəllim öz dərsini araşdırır və nəticələrini tədris prosesinə tətbiq edir.
Bu təcrübələr göstərir ki, marağı artırmaq üçün ilk növbədə real təşviq mexanizmləri olmalıdır. Magistr diplomuna malik müəllimlər üçün maaş artımı və ya əlavə ödəniş tətbiq edilsə, bu, motivasiyanı ciddi şəkildə gücləndirər. Bundan başqa, tədqiqat və innovativ layihələr üçün kiçik qrantlar ayrılması, distant və hibrid təhsil modellərinin tətbiqi də mühüm rol oynaya bilər. Universitetlərlə məktəblər arasında daha sıx əməkdaşlıq qurulsa, müəllimlər akademik mühitə daha yaxınlaşar, bu da elmi düşüncəni tədris prosesinə gətirər.
Əslində magistratura müəllim üçün bir titul deyil, yeni bir düşüncə mərhələsidir. Bu təhsil pilləsi müəllimə “mən sadəcə dərs keçmirəm, mən öyrənməyi öyrədirəm” dedirdir. Bizim müəllimlər bu potensiala sahibdirlər, sadəcə sistem onların bu istəklərini düzgün istiqamətləndirməli, bu yolda real dəstək mexanizmləri yaratmalıdır".