"Elmi etika müasir akademik dünyanın ən həssas mövzularından biridir. Yüksək reytinqli jurnallarda dərc olunmaq, qrantlar qazanmaq və nüfuz qazanmaq uğrunda aparılan rəqabət bəzən tədqiqatçıları etik hədləri pozmağa məcbur edir. Bunun son nümunələrindən biri Harvard Universitetinin professoru Francesca Ginonun işidir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor qeyd edib ki, davranış psixologiyası və idarəetmə sahəsində tanınan professor Gino uzun illər Harvard Biznes Məktəbində dərs deyib və bir çox elmi məqalələrin müəllifidir:
"Lakin 2023-cü ildə onun bir neçə elmi işində tədqiqat məlumatlarının saxtalaşdırılması şübhəsi ortaya çıxdı.Araşdırmalar nəticəsində universitet rəhbərliyi xanım Gino ilə əmək münasibətlərinə xitam verib və onu əməkhaqqısız məzuniyyətə göndərib.
Francesca Gino bu qərarla razılaşmayaraq Harvard Universitetinə və “Data Colada” bloqunun üç tədqiqatçısına qarşı məhkəmə iddiası qaldırıb. O, 25 milyon dollar təzminat tələb edərək bildirib ki, onun reputasiyasına və elmi nüfuzuna ciddi zərər dəyib.
Lakin ABŞ Federal Məhkəməsi 2024-cü ilin sentyabrında iddianı rədd edib. Qərarda vurğulanıb ki, “elmi fəaliyyət ictimai etimada əsaslanır və tədqiqatçılar tənqid və şəffaflığa açıq olmalıdırlar.”Bu qərar elmi azadlıqla ictimai məsuliyyət arasında tarazlığın qorunması baxımından mühüm presedent kimi dəyərləndirilir.
Gino hadisəsi təkcə fərdi məsuliyyət məsələsi deyil, həm də akademik sistemin özünəxas ziddiyyətlərini üzə çıxarır. Harvard Universiteti həmin dövrdə keçmiş ABŞ prezidenti Donald Tramp administrasiyasının qərarı ilə tədqiqat qrantlarının və federal maliyyələşdirmənin dondurulması səbəbindən ciddi maliyyə təzyiqi altına düşmüşdü.Bu vəziyyət elmi mühitdə maliyyə asılılığı ilə elmi azadlıq arasındakı ziddiyyətləri yenidən aktuallaşdırdı. Çünki maliyyə resurslarının azalması şəraitində universitetlərdə nəticəyönümlü tədqiqat təzyiqi artır, bu da etik riskləri yüksəldir.
Francesca Gino hadisəsi elmi dünyaya bir daha göstərdi ki, akademik reputasiya təkcə elmi nəticələrlə deyil, həm də etik məsuliyyətlə qorunur.Elmi saxtakarlıq yalnız fərdi pozuntu deyil – bu, elmi ictimaiyyətin bütövlükdə etibar sisteminə zərbədir.Bu hadisə eyni zamanda universitetlərdə elmi nəticələrin yoxlanılması, açıq məlumat bazalarının yaradılması və etik monitorinq mexanizmlərinin gücləndirilməsi zərurətini də gündəmə gətirir.
Harvard professorunun işi, bir tərəfdən, fərdi etik pozuntu kimi qiymətləndirilsə də, digər tərəfdən, elmi sistemdəki struktur problemlərin – təzyiq, rəqabət, reytinq və maliyyə asılılığının təzahürüdür.Elmi etika yalnız qaydalar toplusu deyil, həm də məsuliyyətli davranışın mədəniyyətidir.Bu mədəniyyətin qorunması isə hər bir tədqiqatçının vicdanı, hər bir universitetin prinsipi və hər bir cəmiyyətin elmi inamı ilə bağlıdır".