2025-ci ildə Qazaxıstan hökuməti təhsil sahəsində rəqəmsallaşma prosesini sürətləndirmək və süni intellekt (SI) texnologiyalarının tətbiqini genişləndirmək məqsədilə müəllimlər üçün yeni və miqyaslı bir təşəbbüsə start verib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüs çərçivəsində ölkə üzrə müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün pulsuz süni intellekt təlim proqramları həyata keçirilir.
Təlim proqramı “Orleu” Peşəkar İnkişaf Mərkəzi və UNESCO ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və 2024-cü ilin sonundan etibarən bütün bölgələr üzrə aktiv şəkildə icra olunur. Bu günə qədər artıq 200 000-dən çox müəllim bu proqramı müvəffəqiyyətlə tamamlayıb.
Proqramın əsas məqsədi müəllimləri müasir texnoloji dəyişikliklərə uyğunlaşdırmaq, onların rəqəmsal savadlılığını artırmaq və təhsildə süni intellekt alətlərindən praktik istifadə bacarığını formalaşdırmaqdır. Bu təşəbbüs xüsusilə yeni texnologiyaların dərsliklərin hazırlanması, qiymətləndirmə, fərdiləşdirilmiş tədris və şagirdlərlə ünsiyyətdə istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.