Yaşı 40-dan yuxarı olan müəllimlər dərsi əsasən ənənəvi qaydada aparırlar. Halbuki, artıq 10 ildən çoxdur ki, təsdiq edilmiş kurikulum tətbiq olunur və əgər müəllimlər bu yanaşmaya uyğun işləsələr, bu gün təhsil nəticələri daha fərqli ola bilərdi.
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Rasim Həsənzadə danışıb.
O qeyd edib ki, problem kurikulumun özündə deyil, onun idarə olunması, tətbiqi və müəllimlərə verilən dəstək mexanizmlərindədir:
"Ölkəmizdə 2008-ci ildən tətbiq olunan yeni təhsil proqramı kurikulum ənənəvi metodlardan fərqli olaraq, təhsilverənlərin yalnız bilik deyil, həm də bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alan bir yanaşma gətirdi. Lakin bu sistem cəmiyyətdə, xüsusilə də müəllimlər arasında çox vaxt yanlış başa düşüldü və ya yanlış izah edildi. Nəticədə təhsil ictimaiyyətində “bu kurikulum təhsilimizi məhv etdi” kimi ifadələr geniş yayıldı. Halbuki, kurikulum özü bir proqram və istiqamətverici sənəddir; o, müəllimə dərsi necə planlaşdırmaq və keçmək lazım olduğunu göstərən sistemli çərçivədir. Bu proqram dəyişərsə, onun yerinə yenə başqa bir kurikulum gələcək yəni məsələ proqramda deyil, onun tətbiqindədir".
Uzun illər eyni üsulla dərs deməyə öyrəşmiş müəllim üçün tamamilə yeni yanaşmaya keçid asan deyil:
"Yeni yanaşmanın yanlış anlaşılması müəllimlər arasında bir növ “etiraz” və ya “mənfi münasibət” formalaşdırdı. Doğrudur, illərlə eyni metodla dərs demiş müəllimdən birdən-birə yeni yanaşmanı tam mənimsəməsini gözləmək real deyil. Bu keçid tədricən və izah edilərək aparılmalı, kurikulumun mahiyyəti yəni niyə bu dəyişikliyə ehtiyac yarandığı müəllimlərə aydın şəkildə çatdırılmalı idi. Təlimlər isə yalnız paytaxtda deyil, regionlardakı bütün müəllimləri əhatə etməli idi".
Siniflərdə şagird sayının çoxluğu, avadanlıq çatışmazlığı və infrastruktur problemləri bu metodların tam tətbiqinə mane olur:
"Təhsil ədəbiyyatlarında müəllimlərin proqramı öz istədikləri şəkildə dəyişdirmələrinə “adaptation” (uyğunlaşdırma) deyilir. Lakin bu uyğunlaşdırma elə səviyyədə aparılmalıdır ki, təhsil siyasətinə və məqsədlərinə mənfi təsir göstərməsin. Elm və Təhsil Nazirliyinin qapalı qapılar arxasında müəllimlərin dərsi faktiki olaraq necə keçdiyini hər zaman müşahidə etməsi mümkün deyil. Bu səbəbdən yaranan problemləri anlamaq və düzgün həll yolları tapmaq üçün tədqiqatlar aparmaq və nəticələrə uyğun düzəlişlər etmək zəruridir".
Ümumilikdə, müəllimlərin kurikuluma tam uyğun tədris etməməsinin bir neçə əsas səbəbi var:
"Uzun illər eyni üsulla dərs deməyə öyrəşmiş müəllim üçün tamamilə yeni yanaşmaya keçid asan deyil. Müəllim təbii olaraq tədris prosesində özünü rahat hiss etdiyi metoddan istifadə etməyə üstünlük verir. O səbəbdən bu keçidi yumşaq şəkildə etmək mütləqdir.
Bəzi müəllimlər kurikulumu sadəcə proqram dəyişikliyi kimi görür, halbuki əsas dəyişiklik təhsilin fəlsəfəsindədir - şagirdyönümlülük, səriştə əsaslılıq və tətbiqetməyə üstünlük. Bu fərqi anlamayan müəllimlər üçün kurikulum sadəcə formal sənəd kimi qalır.
Kurikulum tətbiq edilərkən keçirilən təlimlər sistemli və uzunmüddətli xarakter daşımadı. Bütün ölkəni əhatə etmədiyi üçün bir çox müəllimlər bu prosesdən kənarda qaldı və nəticədə nəzəri biliklərlə real təcrübə arasında boşluq yarandı. Əslində, bir proqram yenilənərkən ilk fikir alınacaq şəxslər təhsildə maraqlı şəxslər, qısaca desək müəllim,direktor, valideynlərdir. Amma proqramı tərtib edib müəllimlərə təqdim etmək yox, onları prosesin bir hissəsi etmək müəllimləri həm motivasiya edər, həm də prosesləri daha yaxşı anlamağa şərait yaradar.
Əgər müəllim kurikulumun daha yaxşı nəticə verəcəyinə inanmasa və ya bunun qarşılığında əlavə dəyər və ya qiymətləndirmə görməzsə, əvvəlki üsullara qayıtmağa meylli olur.
Kurikulum interaktiv metodlar, qrup işləri və texnologiyadan istifadəyə əsaslanır. Lakin siniflərdə şagird sayının çoxluğu, avadanlıq çatışmazlığı və infrastruktur problemləri bu metodların tam tətbiqinə mane olur. Digər tərəfdən, təhsil sistemimiz nəticə yönümlüdür və müəllimlər məcbur qalaraq tədris prosesini deyil, nəticəni önə çəkir və dərslərini imtahan strukturu üzərində dizayn etməyə məcbur olurlar. Düşünün, müəllim 45 dəqiqə içində müxtəlif interaktiv metodlardan istifadə edərək tədris aparsa da, prosesin sonunda təhsil idarəsini və direktoru daha çox şagirdlərin buraxılışı imtahanında topladığı nəticə daha çox maraqlandırır. Amma tədris prosesinin necə dizayn olunduğu bir çox şəxsi maraqlandırmır.
Bütün bunlar göstərir ki, problem kurikulumun özündə deyil, onun idarə olunması, tətbiqi və müəllimlərə verilən dəstək mexanizmlərindədir. Əgər müəllimlərə mütəmadi olaraq peşəkar inkişaf imkanları, metodik və mənəvi dəstək, həmçinin motivasiya təmin olunsa, bu gün daha çox müəllim dərs prosesini kurikuluma uyğun şəkildə qurardı",- deyə müsahibimiz fikrini yekunlaşdırıb.