Son günlər bir sıra müəllimlər elektron jurnal sistemində yaşanan texniki çətinliklərdən narazılıq edirlər. Onların sözlərinə görə, sistemin mövcud quruluşu müəllimlərin işini asanlaşdırmaq əvəzinə, əksinə, əlavə vaxt itkisinə və iş yükünün artmasına səbəb olur.
Müəllimlərin əsas narazılığı dərsə davamiyyətin qeydiyyatı ilə bağlıdır. Belə ki, hazırda hər bir şagird üçün “iştirak edib” seçimini ayrıca etmək tələb olunur. Onların fikrincə, dərsdə iştirak etməyənlər üçün “qayıb” qeydi daxil edildikdən sonra, qalan bütün şagirdlərin iştirakının avtomatik qeyd olunması prosesi xeyli sadələşdirər və vaxt itkisinin qarşısını alar.
Mövzu ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Rəqəmsal məktəb" platformasında şagirdlərin formativ qiymətləndirilməsi, davamiyyəti və nizam-intizamı ilə bağlı qeydlər aparmaq üçün xanalar mövcuddur:
"Şagird dərsdə iştirak etmirsə müvafiq xanada qeyd aparılır, "İştirak edib" qeydi ilə bağlı hər hansı bir tələb yoxdur. Mövcud qaydalara əsasən, bir dərs günündə fənn üzrə sinifdəki şagirdlərin üçdə iki hissəsinin formativ qiymətləndirilməsi aparılır və müvafiq xanada qeydlər edilir. Formativ qiymətləndirilməsi aparılmayan şagirdlərlə bağlı müvafiq xanalara hansısa məlumatın daxil edilməsi öhdəliyi nəzərdə tutulmayıb",- deyə MÜTDA-dan məlumat verilib.
Qeyd edək ki, ötən ay paytaxt məktəblərində kağız jurnalların ləğv olunduğu və artıq elektron jurnal dövrünün başladığı elan edilib.