Əgər biz cəmiyyəti bir neçə dayaq üzərində duran bir struktura bənzətsək, cəmiyyətin əsas dayaqlarından, onun inkişafında rolu olan ən vacib şəxslərdən birinin məhz müəllimlər olduğunu söyləyə bilərik. Bu gün cəmiyyətimizdə müəllimlərin rolu, mövqeyi və nüfuzu olduqca önəmlidir. Ümumilikdə, cəmiyyət tərəfindən müəllimlərə hər zaman yüksək hörmət və diqqət göstərilir, onların əməyinə yüksək qiymət verilir.
Bu sözləri AzEdu.az-a açıqlamasında Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib.
O, qeyd edib ki, bu prosesdə yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları da müəllimlərə dəstək göstərməlidir:
“Düşünürəm ki, bu gün müəllimlər müəyyən mənada gərginlik içindədirlər. Bu gərginliyin aradan qalxması üçün biz müəllimlərlə daha çox işləməli, onları motivasiya etməliyik.
Rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə müəllimlərin də bu texnologiyaları mənimsəməsi üçün ciddi addımlar atılmalı, tədbirlər görülməlidir. Bu, olduqca vacib məsələdir.
Daha əvvəl də qeyd etdiyim kimi, müəllimlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulan institutlar çox önəmli və vacib idi. Bu gün onların fəaliyyətinə ciddi ehtiyac var.
Ən azından ilkin mərhələdə müəllimlər üçün müxtəlif dəstək mexanizmləri və adaptasiya proqramları hazırlanaraq həyata keçirilməlidir. Çünki bu, çox vacib və əhəmiyyətli bir məsələdir”.
Deputat əlavə edib ki, müəllimlərin sosial rifahının yaxşılaşdırılması da prioritet istiqamətlərdəndir:
“Dövlətimiz bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Ancaq daha sıx və davamlı addımların atılması, bu sahədə işlərin daha da genişləndirilməsi zəruridir. Əsas məqsədimiz müəllimlərə dəstək olmaq, onların dövlətin qayğısını hiss etməsini təmin etməkdir. Ümumiyyətlə, müəllimlər cəmiyyətin ən həssas təbəqələrindən biridir.
Biz bunu hər zaman nəzərə almalı və unutmamalıyıq ki, hər bir söz, fikir və münasibət onlara birbaşa təsir göstərir”.