Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev növbəti dəfə dünyanın ən nüfuzlu alimləri sırasında yer alıb.
AMEA-dan AzEdu.az-a bildirilib ki, Stanford Universitetinin təşəbbüsü ilə aparılan və “Elsevier” nəşriyyatı tərəfindən 2024-cü ildə dərc olunan beynəlxalq araşdırmanın nəticələrinə əsasən, professor Vaqif Quliyev həm “Karyeraya təsir”, həm də “İllik təsir” göstəricilərinə görə dünyanın 2 faiz ən nüfuzlu alimləri siyahısına daxil edilib. Siyahı 2025-ci ilin sentyabr ayında açıqlanıb.
Bu siyahıda Vaqif Quliyev dünyanın müxtəlif universitetlərində çalışan bütün azərbaycanlı alimlər arasında ən öndə yer almaqdadır. Bu göstərici professorun yalnız fərdi nailiyyətlərini deyil, həm də Azərbaycan elminin qlobal elm məkanında mövqeyini nümayiş etdirir. Onun araşdırmaları əsasən harmonik analizin müasir problemləri və xüsusi törəməli diferensial tənliklərin requlyarlıq problemlərinə həsr olunub. Alimin 300-dən artıq elmi məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc edilib. Bunların 200-dən çoxu yüksək impakt faktorlu SCİ göstəricisinə malik jurnallarda işıq üzü görüb. Əsərlərinə verilmiş minlərlə istinad onun elmi nüfuzunun qlobal miqyasda tanındığının göstəricisidir.
Azərbaycanda riyaziyyat sahəsi üzrə yalnız professor Vaqif Quliyev 2019-cu ildən bəri 6-cı dəfədir ki bu reytinq cədvəlinə daxil olub. Bununla da, ABŞ universiteti BDU Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunda son 20 il ərzində Li qruplarında və hiperqruplarda harmonik analizin müasir problemləri, banax qiymətli funksional fəzalar, xüsusi törəməli diferensial tənliklərin requlyarlıq problemləri, Lokal və qlobal Morri tipli fəzalarda Harmonik analizin müasir problemlərinin tədqiqi və s. istiqamətlər üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib.
Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlini 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında hazırlayır. Bu siyahı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2 faizinə daxil olan alimlər seçilirlər.
Reytinq tərtib edilərkən iki əsas istiqamət-tədqiqatçıların 1788-2024-cü ilin sonuna qədər olan karyerasını əhatə edən “Career-long impact” və yalnız 2024-cü ildə alınan sitatlar və nəşrləri əks etdirən “Single recent year” göstəriciləri əsas götürülərək qiymətləndirmələr aparılır.
Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13, 2024-cü ildə – 21 alimin adı daxil edilib. “Single recent year” (yalnız 2024-cü ildəki nəşrlər və sitatlar) göstəricilərinə əsasən isə Azərbaycan üzrə 41 alim siyahıya daxil edilib.
Stanford Universitetinin tərtib etdiyi bu nüfuzlu reytinq dünyanın ən azı 5 elmi məqaləyə sahib olan 100 min alimindən yalnız ilk 2 faizlik qrupa daxil olanları əhatə edir.
Qiymətləndirmə 22 əsas elmi sahə və 147 altsahə üzrə aparılıb. Reytinqin formalaşdırılmasında ümumi istinad sayı, h-indeks, müəlliflik mövqeyi (tək, birinci, sonuncu müəllif), özünə istinad və istinadsız göstəricilər, sitatların neçə müxtəlif məqalədən olduğu kimi metriklər əsas götürülüb.