Bu gün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizi yad edir.
Vətən müharibəsində 700-dən çox təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, həmin müharibədə 20 təhsil işçisi şəhid olub.
Məmmədov Rəşad Fərəməz oğlu 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi vəzifəsində çalışırdı. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Rəşad Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
İsmayılov Rabil Elbrus oğlu 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 2017-ci ildən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Şəhid Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayıl azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", və "Füzulinin azad olunmasına görə", medalı ilə təltif olunub.
Lətifov Rəvan Ömür oğlu 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır. Rəvan Lətifov noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub. Şəhid Rəvan Lətifov “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Əhmədzadə Famil Ağaəhməd oğlu 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. O, İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi çalışıb. Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. O, oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ömərov Qoşqar Səxavət oğlu 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. O, Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Qoşqar Ömərov Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhid Qoşqar Ömərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzuli azad olunmasına görə", "Şuşanınazad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Vüqar Vəliyev Ağdam rayonu 18 nömrəli köçkün tam orta məktəbində çalışıb. Vətən müharibəsinə könüllü yollanan Vüqar müəllim Suqovuşanda gedən döyüşlərdə şəhid olub.
Mədət Qəmbərov Ağdam rayonu 69 nömrəli ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Sarıyev Tural İsmayıl oğlu 1993-cü il mayın 10-da Tovuz rayonunun Cirdək kəndində anadan olub. O, Tovuz rayonu Hacılar kənd orta məktəbinin texniki işçisi kimi fəaliyyət göstərib. Tural Sarıyev oktyabrın 16-da Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
İsrafilov Vidadi Vaqif oğlu 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. Daşkəsən rayonu, Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Məmmədli Həsən Qəhrəman oğlu 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub. Subay idi. Samux rayonu Çobanabadlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyirdi. Həsən Məmmədli 5 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Nəciyev Xalid Qabil oğlu 1992-ci il iyulun 3-də Saatlı rayonunda anadan olub. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı. O, noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Şəhid Xalid Nəciyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə"” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Şəhid Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. O, Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru idi. Qarabağda qələbəmizə çox az qalmış Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə şəhid olub. Şəhid Elvin İmaməliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2019-cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Kənan Müzəffərli ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Rzayev Elxan Ariz oğlu 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Elxan Rzayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid Elxan Rzayev ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Əhmədov Vidadi Murad oğlu 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub. Salyan Peşə Liseyinin texniki işçisi olaraq çalışıb. Vidadi Əhmədov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Quliyev Elgün Vasif oğlu 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Qurbanov Emil Vaqif oğlu 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır. O, oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Şəhid Emil Qurbanov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Ehtiram Hüseynli Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi fəaliyyət göstərib.
Rəhimov Tural Arif oğlu 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. O, "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı.Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
AzEdu.az Təhsil Portalı olaraq şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsi daim qəlblərimizdə yaşayacaq.