Azedu.az

Müəllim pedaqoqdur, hüquq-mühafizə əməkdaşı deyil

Müəllimlər və elm adamları

25 Sentyabr 2025, 16:47
Müəllim pedaqoqdur, hüquq-mühafizə əməkdaşı deyil

Bir həqiqəti vurğulamaq lazımdır: müəllim yalnız və yalnız dərsinə - yəni 45 dəqiqəlik tədris prosesinə cavabdehdir. Bu məsuliyyət Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu və mövcud normativ-hüquqi sənədlərlə də təsbit olunub. Müəllim, ictimai missiyasının daşıyıcısı olaraq təbii ki, məktəbin ümumi proseslərindən kənarda qala bilməz. Lakin cinayət xarakteri daşıya biləcək hadisələrin qarşısının alınması və məsuliyyətini daşımaq müəllimin səlahiyyətlərinə aid deyil.

Bu fikirləri Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Zeynəb Məmmədli AzEdu.az-a açıqlamasında bildirib.

Müəllimlər növbətçiliyə cəlb oluna bilməz

"Bəzən məktəblərdə müəllimlərin və texniki işçilərin tənəffüs növbətçiliyinə cəlb olunması təklif edilir. Amma praktik olaraq bu, doğru yanaşma deyil. Çünki müəllim dərsdən çıxaraq növbəti dərsə hazırlaşmalı, sinif otağını dəyişməli, jurnalı aparmalı, özünü növbəti fənn üçün toparlamalıdır. Cəmi 5 dəqiqəlik tənəffüs onun üçün nəfəs almaq və dərsə fokuslanmaq vaxtıdır.

Burada kimlərinsə sualı yarana bilər: bəs müəllimin boş dərs saatları necə? Qanunvericiliyə əsasən, müəllim dərs yükü ilə yanaşı metodik işlərə, gündəlik sənədləşdirməyə, şagirdlərin yazı işlərinin yoxlanmasına, növbəti dərslərin planlaşdırılmasına da məsuliyyət daşıyır. Yəni boş dərs saatı müəllim üçün istirahət deyil, pedaqoji fəaliyyətin ayrılmaz hissəsidir. Bu səbəbdən müəllimin “boş dərsi” hesab edilən vaxtlarda onu əlavə növbətçiliyə cəlb etmək qanuni və pedaqoji baxımdan doğru deyil. Daha da önəmlisi: müəllim pedaqoqdur, hüquq-mühafizə əməkdaşı deyil".

Tərbiyə ailədən başlayır

"Əgər son illərdə baş verən hadisələrə diqqətlə baxsaq, görərik ki, müəllimlərə “niyə qarşısını almadın?” sualını ünvanlamaq ədalətli deyil. Çünki müəllimin üzərinə qoyulan məsuliyyət yalnız tədrisin keyfiyyəti ilə ölçülür. Müəllim təlim və tərbiyə ilə məşğul olmalıdır, lakin burada da bir incə məqam var: təhsil tərbiyənin bir qoludur, amma bütün tərbiyə mexanizmi müəllimə yüklənə bilməz. Tərbiyə ailədən başlayır, valideynin övladına aşıladığı dəyərlər məktəbdə tamamlanır. Əgər ailə öz övladına məsuliyyət, hörmət və davranış qaydalarını öyrətmirsə, bu yükün hamısını məktəb və müəllim daşıya bilməz".

Məsuliyyət daşıyan isə hüquq-mühafizə orqanlarıdır

"Mənim təklifim budur: məktəblərdə dövlət tərəfindən mühafizə polisi təyin edilməlidir. Məktəbin şagird sayına uyğun olaraq bir və ya bir neçə polis əməkdaşı məktəbdə xidmət aparmalıdır. Bu, bir neçə üstünlük yaradacaq:

Şagirdlər üzərində məsuliyyət hissi güclənəcək. Çünki şagird müəllimdən qorxmasa da, polisə qarşı məsuliyyət hissini daşıyacaq.

Müəllim yalnız tədrisə fokuslana biləcək. Müəllim məktəbə gələndə “bu gün dərsimdə necə keyfiyyətli nəticə əldə edim?” düşüncəsi ilə gəlməlidir, “bu gün mənim növbəmdə dava olmasa yaxşıdır” stressini yaşamamalıdır.

Valideynin etimadı artacaq. Çünki bu gün valideynlər, hər hansı hadisə zamanı ilk olaraq müəllimi günahkar görür. Halbuki müəllim həm tədrisin keyfiyyətinə görə, həm də uşağın təhlükəsizliyinə görə ittiham edilə bilməz.

Müəllimlik onsuz da ağır zehni gərginlik tələb edən bir peşədir. Bitməyən tapşırıqlar, yeni nəslin tələblərinə uyğunlaşmaq üçün innovativ yaradıcılıq, keyfiyyətli dərs hazırlığı müəllimi kifayət qədər yorur. Üstünə əlavə olaraq təhlükəsizlik məsuliyyəti yüklənəndə pedaqoqun diqqəti dərsdən yayınır, nəticədə həm müəllim yorulur, həm də tədrisin keyfiyyəti zəifləyir. Amma sonda yenə də qınanan tərəf müəllim olur.

Mənim rəhbərlik etdiyim məktəbdə dəfələrlə belə hallarla rastlaşmışam. Sadəcə tənəffüsdə qaçan iki şagirdin toqquşması və yüngül xəsarət alması belə valideynin “bu qədər müəllim hara baxır?!” sualı ilə qarşılanır. Həmin valideyn dərs sonunda övladının nəticəsi zəif olduqda isə “müəllim əmək haqqı alır, niyə öyrətməyib?” deyir. Yəni hər iki halda ittiham hədəfi müəllim olur.

Nəticə etibarilə, təhsilimizin keyfiyyətini qorumaq üçün müəllim yalnız tədris və tərbiyə işinə cavabdeh olmalı, ümumi təhlükəsizlik və asayiş məsələləri isə dövlətin aidiyyəti qurumlarının - mühafizə polisinin - üzərinə qoyulmalıdır. Bu, həm müəllimin nüfuzunu qoruyar, həm valideynin inamını artırar, həm də şagirdlərin təhlükəsizliyini təmin edər".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox