Bu il payız fəsli Azərbaycana saat 22:19-da daxil olacaq və şimal yarımkürəsində astronomik payız başlayacaq.
AzEdu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək payız bərabərliyi nöqtəsində göy ekvatorunu kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Bu andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır.
Qeyd edək ki, ekvatorda gecə-gündüzün uzunluğu ilboyu dəyişmir və 12 saat olaraq qalır. Ekvatordan qütblərə doğru getdikcə isə Günəş şüasının düşmə bucağı zamanla dəyişdiyindən bu fərq artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır.
Beləliklə, fəsillərin yaranmasının əsas səbəbi ekliptika ilə göy ekvatorunun 23.5°-lik bucaq əmələ gətirməsi, ilin müxtəlif vaxtlarında Günəş şüalarının düşmə bucağının dəyişməsi və Yer səthinin fərqli miqdarda istilik alması ilə əlaqədardır.