Azedu.az

Klassik ədəbiyyat məktəblərdə unudulur? - müəllimdən XƏBƏRDARLIQ

Müəllimlər və elm adamları

15 Sentyabr 2025, 10:31
Klassik ədəbiyyat məktəblərdə unudulur? - müəllimdən XƏBƏRDARLIQ

Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında orta məktəb dərsliklərində, xüsusən Azərbaycan klassiklərinə çox az yer verilməsi ilə bağlı fikirlər səsləndirilib. Həmçinin qeyd edilib ki, milli ədəbiyyatımızın güclənməsi üçün elektron baza yaradılmalıdır.

Klassik ədəbiyyatın azaldılması dil və düşüncə tərzimizə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov bildirib ki, ədəbiyyat kitablarında klassik ədəbiyyat heç də az əks olunmayıb:

"Hətta müxtəlif siniflərdə şeirlər və nümunələr verilib. Lakin burada əsas məsələ nədir? Bəlkə də az oxunur. Bunun səbəbi isə ədəbiyyatın əvvəlki dövrlərdən fərqli olaraq yalnız üçüncü qrupa salınmasıdır. Bu da xüsusən yuxarı siniflərə çatdıqdan sonra uşaqların ədəbiyyatı oxumağa marağını azaldır.

Çünki 8-9-cu siniflərdən sonra uşaqlar yalnız öz qruplarına daxil olan fənlərə daha çox maraq göstərirlər. Bu isə nəinki klassik ədəbiyyatın, həmçinin son dövr, yeni dövr, Azərbaycan ədəbiyyatı, orta dövr və digər dövrlərə aid ədəbiyyat nümunələrinin də nisbətən az oxunmasına səbəb olur. Elektron baza məsələsinə gəldikdə isə, əlbəttə ki, bu, 21-ci əsrin tələbidir. Hər bir mövzuda elektron bazanın yaradılması çox önəmlidir, xüsusən də məlumatı daha tez tapmaq və maraqlısını seçmək baxımından.

Klassik ədəbiyyata gəldikdə isə düşünmürəm ki, onlara çox az yer ayrılıb. Bəlkə müəyyən qədər artırıla bilər, amma ciddi çatışmazlıq yoxdur. Şagirdlər klassik ədəbiyyatla məktəb kitabxanaları, dərsliklər, digər çap materialları və eyni zamanda internet resursları vasitəsilə tanış ola bilərlər".

Düşüncə tərzinə təsir məsələsinə gəldikdə isə əsas məsələ şagirdlərin nəyi oxumasıdır:

"Əgər klassiklər az oxunarsa və əsas diqqət internetdə yayılan, bəzən səviyyəsiz və açıq-saçıq mövzulu müasir əsərlərə yönələrsə, bu, təbii ki, mənfi təsir göstərə bilər. Sosial şəbəkələrdə bu tip əsərlərin və sitatların geniş yayılması prosesi daha da sürətləndirə bilər.

Amma əsas məsələ şagirdlərin düzgün istiqamətə yönləndirilməsidir. Müəllim, valideyn və ümumiyyətlə təhsil sistemi şagirdləri klassikləri oxumağa təşviq etməlidir ki, onların düşüncə tərzi sağlam əsaslar üzərində formalaşsın.

Dərsliklərin yenilənməsi prosesində müəllimlərin iştirakı olduqca vacibdir və onlar bu prosesə daha çox cəlb olunmalıdır. Orta məktəb müəllimi şagirdin nəyi daha yaxşı mənimsədiyini, hansı mövzulara daha çox maraq göstərdiyini və hansı istiqamətlərdə çətinlik çəkdiyini bilən birbaşa praktik təcrübəyə sahib şəxsdir. Onlar dərsin gündəlik reallığını yaşayırlar və proqramın tətbiqində hansı boşluqların olduğunu daha dəqiq görə bilirlər.

Əksinə, bəzən dərslikləri hazırlayan şəxslər, məsələn, müvafiq ixtisas sahibləri və ya elmlər doktorları orta məktəbdə dərs demədikləri üçün real sinif vəziyyətindən xəbərsiz olurlar. Nəticədə hazırlanmış dərsliklər ya çox nəzəri olur, ya da şagird səviyyəsinə uyğun gəlmir.

Bəzi dil qaydaları dərslikdən çıxarılıb və şagird həmin qaydaları öyrənmək üçün əlavə vəsaitlərə müraciət etməli olur. Bu isə əlavə vaxt, xərc və çətinlik yaradır.

Bu baxımdan, dərsliklərin yenilənməsi zamanı orta məktəb müəllimlərinin iştirakı həm məzmunun şagird səviyyəsinə uyğunlaşdırılması, həm də praktik vəsaitlərin daha əlçatan olması baxımından daha effektiv nəticə verə bilər. Orta məktəb müəlliminin təcrübəsi nəzərə alınarsa, dərsliklər daha funksional və istifadəyə yararlı olar".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox