2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən 146 381 nəfər müəllimdən cəmi 20 418-i gənc pedaqoqlardır. Bu rəqəm göstərir ki, gənc müəllimlərin sayı ümumi müəllim sayından təqribən 7 dəfə azdır. Bu, bir tərəfdən təcrübəli müəllimlərin çoxluğunu, digər tərəfdən isə təhsil sistemində nəsil dəyişməsinin hələ sürətlə baş vermədiyini ortaya qoyur.
Bu fikirləri təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.
Yaşlı müəllimlər texnologiyalara adaptasiyada çətinlik çəkə bilir
"Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə təhsilə, xüsusilə də dərs prosesinə yanaşmalar dəyişir. Gənc müəllimlər təhsilə daha çox rəqəmsal alətləri və interaktiv metodları gətirir, texnologiyadan istifadə bacarıqlarına görə daha çevik görünürlər. Bu, onların dərslərinin daha dinamik, şagird yönümlü və müasir tələblərə uyğun təşkilinə imkan yaradır.
Yaşlı müəllimlər isə uzun illərin təcrübəsinə sahib olduqları üçün fənnin məzmununu dərindən bilirlər. Lakin yeni texnologiyalara adaptasiyada müəyyən çətinliklərlə üzləşirlər və bir çox hallarda yeniliklərə ehtiyatla yanaşırlar. Bununla belə, bu qrup arasında yeniliklərə açıq olan, rəqəmsal bacarıqlarını inkişaf etdirməyə çalışan çoxlu pedaqoqlar da mövcuddur. Burada əsas məsələ müəllimin yaşı deyil, onun dəyişikliklərə və yeniliklərə münasibəti və öyrənməyə açıq olmasıdır. Axı ETN tərəfindən təsdiq olunmuş proqramı müəllimin qapalı qapılar arxasında necə tədris etdiyini heç kim görmür".
Kurikulumun mahiyyətini yanlış anlamışıq
"Xüsusilə qeyd etməliyəm ki, 2008-ci ildə tətbiq edilən “kurikulum sistemi” bir çox müəllim üçün çətin və anlaşılmaz qəbul edildi. Biz kurikulumu yanlış anladıq, halbuki o, sadəcə təhsil proqramıdır: müəllimə fənnin məqsədini, hansı mövzuları necə tədris etməli olduğunu və nəticələrin necə qiymətləndiriləcəyini göstərən sistemli sənəddir. Tətbiq olunan yeni proqramı bütün müəllimlər tərəfindən eyni şəkildə qəbul edilmədi. Amma gənc müəllimlər Müəllimlərin İşə Qəbul imtahanında metodikadan imtahan verdikləri üçün kurikulum anlayışını daha dərindən öyrəndilər və onlarda bu sistemlə bağlı daha aydın təsəvvür formalaşdırdılar.
Təhsil sisteminin əsas vəzifəsi gənc müəllimlərin enerjisi və texnologiya bilikləri ilə təcrübəli pedaqoqların zəngin praktik bacarıqlarını birləşdirərək təhsilalanlara keyfiyyətli təhsil verməkdir. Əgər məktəblərdə bu iki nəsil arasında sağlam əməkdaşlıq və qarşılıqlı öyrənmə mühiti qurularsa, təhsil sistemi həm ənənəni, həm də innovasiyanı özündə birləşdirə bilər.
Nəticə etibarilə, gənc müəllimlərin sayı hazırda az olsa da, onların gətirdiyi yenilikçi yanaşmalar təhsil sisteminin müasir tələblərə cavab verməsində mühüm rol oynayır. Eyni zamanda, yaşlı və orta nəsil pedaqoqların dəstəklənməsi, mütəmadi təlimlərə cəlb edilməsi və texnoloji bacarıqlarının artırılması ilə bu fərqlər minimuma endirilə bilər".