Azedu.az

Müəllimlər üçün magistratura təhsili şərt olacaq? 

Müəllimlər və elm adamları

Magistratura

10 Sentyabr 2025, 14:12
Müəllimlər üçün magistratura təhsili şərt olacaq? 

Hazırda Azərbaycanda müəllim olmaq üçün magistr təhsili zəruri şərt kimi qoyulmur. Əslində, pedaqoji bacarıqlar praktik və keyfiyyətli hazırlıq yolu ilə də formalaşa bilər. Lakin magistratura təhsili müəllimlərin həm şəxsi, həm də peşəkar inkişafına mühüm töhfə verə bilər.

Magistr dərəcəsi müəllimlərə yalnız dərin ixtisas bilikləri qazandırmır, həm də müasir pedaqoji metodlardan istifadə etməyi, liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməyi, dərs proqramlarını daha düzgün qurmağı və şagirdlərin fərdi ehtiyaclarına cavab verən yanaşmaları tətbiq etməyi öyrədir. Bu isə ümumilikdə təhsil prosesinin keyfiyyətini yüksəldir.

Gələcəkdə müəllim olmaq istəyənlərdən magistratura təhsili tələb oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ETN yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova qeyd edib ki, bir çox ölkələrdə magistr dərəcəsi müəllimlik üçün əsas şərt hesab olunur və bu yanaşma təhsilin keyfiyyətinə ciddi təsir göstərir:

167461

"Məsələn, Finlandiyada 1970-ci illərdən etibarən bütün müəllimlər üçün magistr təhsili məcburidir. Bu qərar müəllimlik peşəsinin nüfuzunu yüksəldib və ölkəni PISA nəticələrində liderlərdən birinə çevirib. Almaniyada müəllimlər magistr proqramını bitirib dövlət imtahanı verməlidirlər. Bu isə onların həm ixtisas, həm də pedaqoji hazırlığını yüksək səviyyədə təmin edir.

Polşada da oxşar yanaşma tətbiq olunub və nəticədə ölkənin şagirdləri beynəlxalq qiymətləndirmələrdə əvvəlki illərə nisbətən xeyli irəliləyib. Portuqaliyada magistr şərti müəllimlərin peşəkarlığını artıraraq məktəblərdəki nəticələrin yaxşılaşmasına səbəb olub. ABŞ-də isə bütün ştatlarda bu tələb yoxdur, lakin məsələn Nyu-York və Massaçusetsdə müəllimlərin müəyyən müddət ərzində magistr dərəcəsi əldə etməsi tələb olunur və bu ştatlar ölkə üzrə ən yüksək nəticələrə malikdir.

Bu təcrübələr göstərir ki, magistr dərəcəsinin tələb olunması yalnız müəllimlərin savadını artırmır, həm də peşənin sosial statusunu yüksəldir və ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərir.

Bununla yanaşı, düşünürəm ki, hazırkı şəraitdə Azərbaycan pedaqoji universitetlərində xüsusi proqramların yaradılması vacibdir. Bu proqramlar yalnız ixtisas bilikləri ilə kifayətlənməməli, müəllim olacaq tələbələrin problem həll etmə, təqdimat bacarığı, effektiv kommunikasiya və konfliktlərin idarə olunması kimi yumşaq bacarıqlarını da inkişaf etdirməlidir. Çünki bu kompetensiyalar gələcək müəllimlərin pedaqoji fəaliyyətində uğurun əsas açarına çevrilə bilər".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox