Azedu.az

Tədrisdə riyaziyyat problemləri: test yox, düşüncə əsas olmalıdır

Müəllimlər və elm adamları

10 Sentyabr 2025, 10:17
Tədrisdə riyaziyyat problemləri: test yox, düşüncə əsas olmalıdır

Riyaziyyat hər zaman təhsil sisteminin əsas sütunlarından biri hesab olunub. Bu fənn yalnız texniki ixtisaslara yönələnlər üçün deyil, həm də məntiq, analitik düşüncə və problem həll etmə bacarığı üçün bünövrə rolunu oynayır. Riyaziyyat şagirdlərin analitik təfəkkürünü, əqli çevikliyini, planlaşdırma və qərarvermə bacarığını inkişaf etdirir. Riyaziyyat savadı olmayan bir insan rəqəmlərlə dolu cəmiyyətdə yönünü itirə bilər. Bu səbəbdən də məktəblərdə bu savad yüksək səviyyədə formalaşdırılmalıdır.

Lakin son illər abituriyentlərin riyaziyyat imtahanlarında göstərdiyi zəif nəticələr bu sahədə ciddi problemlərin mövcud olduğunu göstərir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə də təsdiqləyir. Onun sözlərinə görə, riyaziyyat fənni üzrə nəticələr aşağıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur.

III qrupda keçid balları artacaq - Məleykə Abbaszadə

Əfsus ki, bir çox məktəbdə riyaziyyat fənninin tədrisi yetərli səviyyədə aparılmır. Riyaziyyat yalnız formul və qaydaların əzbərlənməsi ilə öyrədilir. Tətbiqi təlim metodları demək olar ki, istifadə olunmur. Şagirdlər riyaziyyatı "çətin və cansıxıcı" fənn kimi görür. Bu fənn onlara real həyatla əlaqəli təqdim olunmadığı üçün maraq da azalır. Bəzi müəllimlər yenilənmiş proqram və müasir tədris vasitələrini tətbiq edə bilmir. Müəllimlərin peşəkar inkişaf imkanları məhduddur. Bu səbəbdən də uşaqların riyazi bilikləri aşağı səviyyədədir. İmtahanlarda yüksək nəticə göstərənlərin çoxu isə repetitor yanına hazırlığa gedənlərdir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, riyaziyyat fənninə marağın azalması və bu fənn üzrə nəticələrin ürəkaçan olmaması təkcə imtahan statistikası ilə izah edilə biləcək sadə bir məsələ deyil. Riyaziyyat fənninin düşüncə tərzinin, məntiqi ardıcıllığın, səbəb-nəticə əlaqəsinin formalaşması üçün açar rolunu oynadığını deyən ekpert əlavə edib ki, bu fənnin tədrisi çox zaman test yönümlü, təkrarçı və əzbərləməyə əsaslanan yanaşma ilə aparılır:

IMG

“Nəticədə şagirdlər riyaziyyatı bir anlayış və ya metodologiya kimi yox, “əzbərlənəcək qaydalar yığını” kimi qəbul edirlər. Bu da onların marağını və motivasiyasını zəiflədir. Təhsil proqramlarında riyaziyyat dərsləri hələ də çox zaman həddindən artıq texniki və formal təqdim olunur, halbuki bu fənn gündəlik həyatla əlaqələndirildikdə daha mənalı və maraqlı olur”.

Ekspert vurğulayıb ki, daha dərin səbəblərdən biri riyaziyyat müəllimlərinin hazırlıq səviyyəsi və tədris metodikasıdır. Həmsöhbətimiz bildirib ki, MİQ və sertifikasiya imtahanlarının nəticələrinə əsasən, bir çox müəllimlər öz ixtisaslarını praktiki tətbiqdə zəif təmsil edirlər: “Müəllim riyaziyyatı şagirdə sevdirə bilmirsə, onun marağını oyatmırsa, bu, bilavasitə nəticələrə təsir edir. Əlavə olaraq, bəzi məktəblərdə dərs yükünün qeyri-bərabər bölüşdürülməsi və yüksək siniflərdə repetitorlara daha çox üstünlük verilməsi sinifdə real öyrənməni zəiflədir”.

Onun sözlərinə görə, dünya təcrübəsində bu problemin qarşısını almaq üçün riyaziyyat dərsləri daha praktik və layihə əsaslı formada qurulur. Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə riyaziyyat sadəcə cavab tapmaq üçün yox, problemi anlamaq və modelləşdirmək üçün öyrədilir. Onlar riyaziyyatı həyatla əlaqələndirir, oyunlaşdırır, araşdırma aparmaq fürsəti yaradırlar. Bu ölkələrdə şagirdlər daha çox sual verməyə, axtarış aparmağa təşviq olunur: “Azərbaycanda bu istiqamətdə dəyişiklik etmək üçün ilk növbədə tədris məzmuna yenidən baxılmalı, müəllimlərin metodiki hazırlığı artırılmalı, riyaziyyat dərsləri mücərrəd formulalardan konkret həyati tapşırıqlara keçid etməlidir. Eyni zamanda şagirdlər üçün riyazi düşüncəni inkişaf etdirən təhsil texnologiyaları, mobil tətbiqlər, açıq dərslər və müsabiqələr daha əlçatan olmalıdır. Riyaziyyatın zəif tədrisi və zəif nəticəsi təkcə bir fənn problemi deyil. Bu, cəmiyyətin gələcək texnologiyalar, süni intellekt, mühəndislik və elmi-analitik bacarıqlar tələb edən peşələrə nə dərəcədə hazır olmasının göstəricisidir. Bu problemin həlli uzunmüddətli və sistemli yanaşma tələb edir. Əgər bu istiqamətdə ciddi dəyişikliklər aparılmasa, yaxın gələcəkdə riyaziyyat sahəsində savadlı kadrların çatışmazlığı daha da kəskinləşəcək və ölkənin intellektual potensialına ciddi təsir edəcək”. 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyir ki, imtahan verən  şagirdlərin riyaziyyat fənnindən zəif nəticə göstərməsi  iki faktorla izah oluna bilər. İlk növbədə, bu vəziyyət məktəblərdə riyaziyyatın tədrisi ilə bağlı olan struktur problemlərlə əlaqədar ola bilər. İkinci mümkün səbəb isə Dövlət İmtahan Mərkəzinin imtahan suallarını tərtib edərkən çətinlik səviyyəsinin yüksək olmasına üstünlük verməsidir. Konkret hansı faktın səbəb olduğunu dəqiqləşdirmək üçün araşdırmalara ehtiyac var”. Vəziyyətdən yeganə çıxış yolu tədrisin keyfiyyətinin yüksəldilməsidir:

“Biz övladlarımıza riyaziyyatı daha keyfiyyətli formada öyrətməliyik. İxtisas fənni olaraq riyaziyyatın tədrisi daha dərin biliklər üzərində qurulmalı, digər sahələr üzrə təhsil alan şagirdlərin də bu fənn üzrə savadı ən azı funksional səviyyədə təmin edilməlidir. Dünyada qəbul olunmuş imtahan modellərinə baxsaq görərik ki, riyaziyyat bütün elmlərin təməlini təşkil edir. Məsələn, SAT imtahanlarında şagirdlər yalnız iki fəndən imtahan verirlər ki, onlardan biri riyaziyyatdır. Bu suallar məntiqi düşünmə bacarıqlarını ölçməyə yönəlir və tətbiqi yönümlüdür”. İlqar Orucov qeyd edib ki, məktəblərdə riyaziyyatın effektiv tədrisi üçün düzgün məzmunun seçilməsi və tədris metodikasının müasirləşdirilməsi vacibdir: “Müəllimlərin sertifikasiyası zamanı əldə olunan nəticələr isə göstərdi ki, riyaziyyat müəllimlərinin peşəkarlıq səviyyəsində də ciddi çatışmazlıqlar var. Bu da bir daha göstərir ki, riyaziyyatın tədrisinin keyfiyyəti ilə bağlı sistemli tədbirlərə ehtiyac var. İmtahan suallarının çətinliyi ilə bağlı zaman-zaman səslənən ittihamlar qismən əsaslı olsa da, problemin mahiyyəti daha dərin səbəblərdə axtarılmalıdır. Düzdür, suallarda müəyyən yumşalma ola bilər, lakin bunun real nəticələrə necə təsir edəcəyini əvvəlcədən demək çətindir. Ona görə də diqqətimizi imtahanları təşkil edən qurumun tənqidinə deyil, uşaqlarımıza daha ciddi biliklər verməyə yönəltməliyik.”.

Riyaziyyat fənni üzrə buraxılış imtahanlarında açıq sualların sayının artırılması şagirdlər üçün problemə səbəb olur. Uzun illər test əsaslı sistemlə hazırlaşan abituriyentlər indi bir anda açıq suallarla qarşı-qarşıya qalıblar. Açıq suallarda isə qiymətləndirmə subyektiv xarakter daşıyır. Bu, artıq müəllim və ekspertlərin şəxsi yanaşmasına əsaslanan bir prosesdir və hər şagird eyni səviyyədə qiymətləndirilmir. Açıq suallara düzgün cavab vermək üçün təkcə bilik deyil, həm də akademik yazı bacarığı lazımdır. Lakin ölkədəki məktəblərin çoxunda bu bacarıq sistematik şəkildə tədris olunmur.

Riyaziyyat fənninin məktəblərdə yüksək səviyyədə tədrisi təkcə imtahan nəticələrinə deyil, şagirdlərin düşüncə tərzinə, gələcək həyat bacarıqlarına və cəmiyyətin intellektual potensialına birbaşa təsir edir. Bu səbəbdən, məktəblərimizdə riyaziyyat tədrisi sadəcə "məcburi fənn" kimi deyil, strateji əhəmiyyət daşıyan tədris istiqaməti kimi yanaşılmalıdır.

Riyaziyyat təkcə bir fənn deyil, düşünmə sistemidir. Əgər biz məktəblərdə bu fənni keyfiyyətli və müasir metodlarla tədris etməsək, gələcəkdə analitik düşüncəyə malik mütəxəssislər yetişdirməkdə çətinlik çəkəcəyik. Riyaziyyat tədrisi sistemli, mərhələli və uşağın təfəkkürünə uyğun şəkildə qurulmalıdır. Müasir dövr üçün yalnız qayda və formul öyrətmək kifayət deyil - tətbiq, düşüncə və anlam ön planda olmalıdır.

Riyaziyyat müəllimi Gülər Hüseynovanın dediyinə görə, riyaziyyat düzgün və yaradıcı şəkildə tədris olunarsa, şagirdlərdə maraq və motivasiya artır: “Təəssüf ki, hələ də bəzi məktəblərdə riyaziyyat yalnız əzbərləmə və test yönümlü təqdim olunur. Halbuki bu fənn düşünmək, analiz etmək və həyatda qərar vermək bacarığı formalaşdırır. Müəllim olaraq mən inanıram ki, riyaziyyat dərsləri yalnız qiymət üçün deyil, həyat üçün öyrədilməlidir. Riyaziyyat fənninin effektiv tədrisi sistemli yanaşma tələb edir. Bu fənn mərhələli şəkildə, şagirdlərin yaş və psixoloji səviyyəsinə uyğun qurulmalıdır. Əgər təməl siniflərdə əsas anlayışlar düzgün öyrədilməzsə, yuxarı siniflərdə uğurdan danışmaq mümkün deyil. Ona görə də riyaziyyatın sadəcə proqramı çatdırmaq deyil, düşüncə formalaşdırmaq vasitəsi olduğunu başa düşmək lazımdır. Riyaziyyatın tədrisi hələ də çox məktəbdə yalnız test və imtahana hazırlıq səviyyəsində aparılır. Şagirdlər riyaziyyatın düşüncə fənni olduğunu unudurlar, müəllimlər isə proqram tələsikliyindən əsl dərsi ötürə bilmirlər. Tədrisə fərdi yanaşma və texnoloji dəstək daxil edilmədən nəticə əldə etmək çətindir. Təhsil sistemimiz bu reallığı görməli və dəyişikliklərə açıq olmalıdır”.

Professor Misir Mərdanov deyir ki, riyaziyyat bütün müasir texnologiyaların və elmi tədqiqatların əsasını təşkil edir, biliklərə əsaslanan iqtisadiyyatın zəruri bir hissəsidir. Müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) yaradılması ilk növbədə riyazi fəaliyyətə əsaslanır. Bütün vətəndaşlar üçün riyazi savad - mədəniyyətin, sosial, şəxsi və peşəkar səriştənin zəruri bir elementidir:

“Riyaziyyat yalnız tətbiqi məsələləri həll etmək üçün güclü bir vasitə və universal bir elm dili deyil, eyni zamanda, ümumi mədəniyyətin bir elementidir. Elmin müasir inkişafı hər cür mürəkkəb prosesləri və hadisələri - fiziki, kimyəvi, bioloji, iqtisadi, sosial və digərlərini öyrənmə ehtiyacı ilə xarakterizə olunur. Riyaziyyat fundamental bir elmdir, onun metodları fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası və s. kimi bir çox təbiət elmlərində geniş istifadə olunur”.

Nərmin Qarazadə

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox