Azərbaycanda təhsil sahəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığı son illər yeni mərhələyə qədəm qoyub. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi bu əməkdaşlığın bariz nümunəsidir.
Qeyri-hökumət təşkilatları məktəbəqədər təhsildən tutmuş ali təhsilədək bir çox sahədə layihələr həyata keçirərək həm dövlət siyasətinə dəstək verir, həm də ictimai təşəbbüsləri cəmiyyətə təqdim edir. Nazirliyin tərəfdaş QHT-lərlə keçirdiyi görüşlərdə də layihələrin məqsədləri, əldə olunan nəticələr, sosial təsir və davamlılıq məsələləri diqqətə çatdırılır, təhsilin bütün pillələrini əhatə edən təşəbbüslərin səmərəliliyi və gələcək əməkdaşlıq perspektivləri vurğulanır. Bu prosesdə bir sıra qeyri-hökumət təşkilatları xüsusi fəallığı ilə seçilir.
Azərbaycanın milli yaddaşında mühüm yer tutan Qərbi Azərbaycan yalnız tarixi torpaqlar deyil, həm də zəngin mədəni və maarifçilik ənənələrinin beşiyidir. Bu torpaqlarda fəaliyyət göstərmiş məktəblər, orada formalaşan ziyalı mühiti, maarif uğrunda mübarizə aparan müəllimlər bugünkü təhsil tariximizin təməl daşlarından biridir. Lakin bu irs uzun illər boyu arxivlərin tozlu səhifələrində qalıb, ictimaiyyətin geniş təbəqələrinə tam şəkildə çatmayıb.
Məhz bu ehtiyacdan doğan “Məktəblərdə Qərbi Azərbaycanın təbliği” layihəsi sadəcə tarixi faktların toplanması deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən təşəbbüsdür.
AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi” qəzeti layihə rəhbəri ilə həmsöhbət olub və “Məktəblərdə Qərbi Azərbaycanın təbliği” təşəbbüsünün məqsəd və nəticələri barədə ətraflı məlumat alıb.
Tərəfsiz Jurnalistlər İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində Qərbi Azərbaycanda mövcud olmuş zəngin ənənəyə malik 10 məktəbin tarixi öyrənilib və ictimaiyyətə təqdim edilib.
Layihənin rəhbəri Tünzalə Abbasovanın sözlərinə görə, dövlət arxivləri, yerli və beynəlxalq mənbələr əsasında hazırlanan 10 araşdırma faylı bölgədə maarifçilik hərəkatının əsas mərhələlərini işıqlandırır:
“Layihə yalnız elmi araşdırmalarla kifayətlənməyib. 10 məqalə nüfuzlu media platformalarında dərc olunub, 10 videoçarx isə sosial şəbəkələr vasitəsilə minlərlə izləyiciyə çatdırılıb. Layihənin ən mühüm məhsulu isə “Doğma Yurdda Qərib Məktəblər” kitabıdır. 200 nüsxədə nəşr olunan bu kitabda məktəblərin fəaliyyəti, müəllimlərin rolu və maarifçilik irsinin incəlikləri ətraflı şəkildə təqdim olunub.
Layihənin ictimai dayaqlarından biri də Qərbi Azərbaycan İcması oldu. İcma həm tarixi yaddaşın qorunması, həm də köçkün icmalar arasında maarifçilik irsinin tanıdılması baxımından mühüm dəstək verdi. Təqdimat tədbirlərində icmanın fəal iştirakı bu işin yalnız bir layihə çərçivəsi ilə məhdudlaşmadığını, əslində, milli məsələyə çevrildiyini göstərdi.
Layihənin genişlənməsində və böyük auditoriyaya çıxmasında həlledici amil isə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq oldu. Nazirlik yalnız texniki dəstək göstərmədi, həm də bu təşəbbüsü təhsil tariximizə kollektiv baxışın formalaşması üçün vacib platformaya çevirdi”.
O həmçinin qeyd edib ki, layihənin nəticələrini geniş ictimaiyyətə çatdırmaq məqsədilə Bakı şəhərində təqdimat tədbiri keçirilib. Nazir müavinlərinin, alimlərin və pedaqoqların iştirak etdiyi təqdimat tədbiri göstərdi ki, bu təşəbbüs artıq uzunmüddətli bir araşdırma istiqamətinə çevrilib. Tədbirdə səslənən təkliflər arasında bu mövzunun davamlı araşdırılması, yeni layihələrlə zənginləşdirilməsi və ictimaiyyətin bütün təbəqələrinə çatdırılması kimi məsələlər xüsusi vurğulanıb. Nazirliyin marağı və dəstəyi Qərbi Azərbaycanın maarifçilik irsinin gələcəkdə daha sistemli şəkildə tədqiqinə real imkan yaradıb.
Beləliklə, “Məktəblərdə Qərbi Azərbaycanın təbliği” layihəsi göstərdi ki, QHT-lərin təşəbbüsləri, icmaların dəstəyi və dövlətin institusional əməkdaşlığı birləşəndə cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan mövzular həm elmi əsaslarla, həm də ictimai maraqla təqdim oluna bilir. Bu həm də Azərbaycanda təhsilin inkişafında və vətəndaş cəmiyyətinin möhkəmlənməsində qarşılıqlı etimadın, əməkdaşlığın və ortaq məsuliyyətin bariz nümunəsidir.
Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçısı olduğu “Qərbi Azərbaycan irsi: Tarixin izi ilə” Forumudur. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan layihə gənc müəllimlər arasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliği, milli yaddaşın qorunması və tarixi ədalətin bərpası ideyasının daha geniş yayılmasına xidmət edir. Layihənin hədəf qrupu, ilk növbədə, gənc müəllimlər, tələbələr və ümumilikdə gənc nəsildir. Çünki məhz onlar gələcək nəsillərə milli-mənəvi dəyərlərin ötürülməsində aparıcı rol oynayırlar.
AGMA-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə çərçivəsində əvvəlcə Bakıda 300-dən çox müəllimin iştirakı ilə geniş forum keçirilib. Ardınca ölkənin yeddi bölgəsində təşkil olunan tədbirlərdə ümumilikdə 1000-ə yaxın müəllim iştirak edib. Bu görüşlərdə Qərbi Azərbaycan mövzusunun mahiyyəti, tarixi yaddaşın qorunması və mədəni irsin əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.
Artıq layihənin nəticələri də özünü göstərir: 1300-dən çox gənc müəllim layihəyə cəlb olunub, onların mövzuya marağı əhəmiyyətli dərəcədə artıb, həmçinin müəllimlərin tarixi bilikləri zənginləşib, milli-mənəvi dəyərlərə bağlılıq güclənib. Tədbirlər zamanı aparılan interaktiv müzakirələr və təqdimatlar müəllimlərə yeni pedaqoji yanaşmalar qazandırıb.
Ən əsası isə bu forum gənc müəllimlərin dərslərinə yeni məzmun gətirib. Onlar indi vətənpərvərlik, milli yaddaş və mədəni irs mövzularına daha çox yer ayırırlar.
Assosiasiyanın nümayəndələri qeyd edirlər ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq layihənin uğurunda xüsusi rol oynayıb. Nazirliyin dəstəyi ilə forumlar həm paytaxtda, həm də bölgələrdə yüksək səviyyədə təşkil olunub, təhsil müəssisələrinə çıxış imkanı asanlaşıb. Eyni zamanda, layihə dövlət səviyyəsində tanınıb və ictimaiyyətin diqqətini cəlb edib. Bu əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlər üçün resurslar, təşkilati dəstək və hətta qrant imkanları yaradılıb.
Gələcək planlara gəlincə, AGMA layihəni daha da genişləndirməyi planlaşdırır. Bunun üçün əlavə seminarlar, açıq dərslər, təlimlərin keçirilməsi, həmçinin müəllimlər üçün onlayn platformalar və elektron vəsaitlər hazırlanması planlaşdırılır. Layihənin ictimaiyyətə tanıdılması isə sosial şəbəkələr, mətbuat, televiziya çıxışları və təhsil müəssisələrində keçirilən təqdimatlar vasitəsilə davam etdiriləcək.
Təhsil mühitinə yönəlmiş layihələr arasında “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” təşəbbüsü xüsusilə diqqət çəkir. Layihənin rəhbəri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgər “Azərbaycan müəllimi”nə açıqlamasında bildirir ki, layihənin əsas məqsədi orta məktəblərin yuxarı sinif şagirdləri, peşə və kollec tələbələri arasında Qərbi Azərbaycan mövzusunda bilik və təfəkkürü zənginləşdirməkdir. Bunun üçün isə esse müsabiqəsi təşkil olunub: “Müsabiqədə ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənc iştirak edib. Nəticədə, 14 nəfər birinci, 28 nəfər ikinci, 42 nəfər isə üçüncü yerə layiq görülüb. Ümumilikdə 84 qalibin esse yazıları əsasında “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab nəşr olunub. Bu kitab həm gənclərin yaradıcılıq potensialını əks etdirir, həm də milli irsə marağın artmasına xidmət edir”.
X.Ələsgər hesab edir ki, layihənin uğurunda Elm və Təhsil Nazirliyinin dəstəyi həlledici rol oynayıb. Nazirliyin təşəbbüsü ilə müsabiqə barədə məlumat bütün təhsil müəssisələrinə və regional idarələrə çatdırılıb. Bu, layihəyə geniş miqyas qazandırıb və ölkənin müxtəlif bölgələrində gənclərin iştirakını təmin edib.
Gələcəkdə “Dədə Ələsgər Ocağı” milli ruhda gənclərin yetişdirilməsi, tarixi yaddaşın qorunması istiqamətində yeni maarifləndirici layihələr həyata keçirməyi düşünür. Onlar bu fəaliyyətlərin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında davam etdirilməsini mühüm hesab edirlər. Birliyin rəhbəri vurğulayır ki, “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” layihəsi bu əməkdaşlığın sağlam təməli olacaq. Həmçinin təşkilat öz fəaliyyətlərini ictimaiyyətə çatdırmaq üçün sosial şəbəkələrdə və müxtəlif təqdimatlarda fəallığı davam etdirir.