Azedu.az

Süni intellekt təhsildə: “Robot repetitor”lar müəllimlərin yerini tutacaq?

Müəllimlər və elm adamları

1 Sentyabr 2025, 10:22
Süni intellekt təhsildə: “Robot repetitor”lar müəllimlərin yerini tutacaq?

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt və robot texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə təsir göstərir. Bu sahələrdən biri də təhsildir. Xüsusilə repetitorluq xidmətləri sahəsində artıq "robot repetitorlar" adlı yeni bir anlayış formalaşmaqdadır. Bu texnologiya müəllimlərin işini asanlaşdırmaqla yanaşı, şagirdlərin fərdi ehtiyaclarına uyğun tədris imkanları yaradır.

Hazırda Azərbaycanda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor” sisteminin hazırlanmasıdır.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov deyib ki, əsas məqsəd repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etməkdir: “Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə hazırlaşa biləcəklər”.

Robot repetitor süni intellekt və ya proqramlaşdırılmış robot vasitəsilə tədris və təkrar edən sistemdir. Bu robotlar müxtəlif fənlər üzrə bilikləri izah edir, testlər təqdim edir, şagirdin inkişafını izləyir və fərdi yanaşma tətbiq edə bilir. Robot repetitorlar şagirdin zəif və güclü tərəflərini təhlil edərək ona uyğun proqram tərtib edə bilir. Onlar günün istənilən vaxtı əlçatandır, fasilə və ya yorğunluq problemi yoxdur. Tapşırıqların yoxlanması və geribildirimlərin verilməsi avtomatik və daha sürətli həyata keçirilir.

Görünən odur ki, robot repetitorlar yaxın gələcəkdə təhsilin ayrılmaz hissəsinə çevriləcək.

Ancaq robotlar insan müəllimin verdiyi emosional dəstəyi və motivasiyanı tam əvəz edə bilmir. Bu baxımdan şagordlərə robot repetitorlarla çalışmaq bir qədər çətin olacaq.

Repetitorluqla məşğul olan Südabə Kərimova deyir ki, elm sahəsi elədir ki, burada canlı ünsiyyət vacibdir. Abituriyentlə canlı ünsiyyət zamanı hər şagirdə fərdi yanaşır. Onların zəif tərəflərini görür və ona uyğun dərs metodu tətbiq edir.  Canlı sual-cavab vasitəsilə uşağın izah edilən mövzunu hansı səviyyədə anladığını, qavradığını müəyyənləşdirir. Yeri gələndə uşağa motivasiya verir, onları uğur qazanacaqlarına ruhlandırır. Bütün bu sadalananları müəllim canlı ünsiyyət vasitəsilə uşağa çatdırır. Robotlarda isə bu xüsusiyyət yoxdur. Onlar dərs prosesi zamanı abituriyentə ancaq texniki və standart cavablar verməklə kifayətlənə bilərlər. Bu da təbii ki, uğurlu nəticə verə bilməz: “Bir robot repetitor qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyent hazırlaya bilməz. Fikrimcə, bu texnologiya  müəllimləri əvəz edə bilməz. Ancaq müəllimlərə köməkci vasitə kimi istifadə oluna bilər”.

Digər repetitor İlqar Əhmədovun sözlərinə  görə, müəllim dərs zamanı fərqli metodlardan istifadə edir. Robotlar isə öncədən yazılan proqram üzrə təhsil aparacaqlar: “Müəllim abituriyentin bilik səviyyəsini real şəkildə, testlər vasitəsilə yoxlaya bilir. Amma böyük ehtimal ki, robot repetitor bunu edə bilməyəcək: “Robotlar yalnız hazır sualları təqdim edir, standart izahlar verir. Müəllim isə uşaq mövzunu başa düşmədiyi zaman izahı dəyişir, əlavə misal çəkir, bəzən eyni şeyi fərqli yollarla izah edir. Bu fərdi yanaşmanı heç bir robot verə bilməz. Müəllim uşağın keçdiyi mövzuları, buraxdığım səhvləri, qazandığım nailiyyətləri izləyir və ona uyğun gələcək dərsləri planlaşdırır. Robotlar bunu bəzən statistik şəkildə etsə də, o qədər də dəqiq və pedaqoji baxımdan düzgün qərar verə bilməz. İmtahana hazırlaşmaq sadəcə test həll etmək deyil. Müəllim real imtahan taktikalarını, vaxt bölgüsünü, düzgün cavab metodikasını öyrədir. Həmçinin uşağa imtahan zamanı necə soyuqqanlı qalmağı, diqqətli olmağı, səhv etdikdə nə etməli olduğunu da başa salır. Bu isə yalnız təcrübəli bir müəllimin verə biləcəyi şeylərdir. Robot repetitorlar faydalı texnoloji alətlərdir. Onlar əlavə təkrar, test həlli və qısa izahlar üçün yaxşıdır. Lakin canlı müəllimin yerini heç vaxt verə bilməzlər. Mənim müəllim uşağa sadəcə dərsə yox, imtahana, həyata və mübarizəyə hazırlayır. Bunu ancaq bir robot yox, müəllim edə bilər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə əsasən, süni intellekt əsaslı “robot repetitor” ideyası ilk baxışda bir qədər fantastik görünsə də, artıq bir çox ölkələrdə bu, reallığa çevrilməkdədir. ABŞ-da, Cənubi Koreyada, Yaponiyada və Avropanın bir sıra ölkələrində süni intellekt tədrisin ayrılmaz hissəsi olub. Məsələn, Koreyada şagirdlər hər gün AI platformaları vasitəsilə testlər həll edir, müəllimlər isə nəticələri izləyərək zəif mövzuları daha dərindən izah edirlər. ABŞ-da bəzi universitetlərdə tələbələr “AI Teaching Assistant” vasitəsilə gecə saatlarında belə suallarını cavablandırırlar. Yaponiyada isə virtual müəllimlər xüsusən dil öyrənmədə geniş tətbiq olunur. Amma əsas sual budur: belə sistemlər müəllimi tam əvəz edə bilərmi? Əslində, müəllim sadəcə dərs izah edən şəxs deyil. Müəllim şagirdə ruh verən, bəzən bir kəlməsi ilə onun gələcək yolunu dəyişən bir bələdçidir. Süni intellekt isə ən yaxşı halda əlavə dəstək ola bilər: “Başqa sözlə, müəllimlə robot repetitor bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlayan tərəflərdir. Riyaziyyatda gündəlik məşqləri və nümunələri AI repetitor izah edə bilər, amma motivasiya zəifdirsə, şagirdə ruh verəcək yenə də insan müəllim olacaq. Tarix və coğrafiyada faktları öyrənmək üçün virtual müəllim çox faydalı ola bilər, amma hadisələr arasında səbəb-nəticə əlaqəsini dərin müzakirə etmək üçün müəllimlə ünsiyyət vacibdir”.

166924

Günay Əkbərova deyir ki, Azərbaycan reallığında repetitorluq sistemi hələ də çox geniş yayılıb və valideynlər övladlarını repetitora göndərməsələr, imtahanda uğursuz olacaqlarından narahatdırlar. Robot repetitor bu yükü müəyyən qədər azalda bilər, xüsusilə ucqar bölgələrdə yaşayan şagirdlər üçün əvəzsiz olacaq. Amma bu müəllimlərə ehtiyacı aradan qaldırmayacaq. Əksinə, müəllimlərin üzərinə yeni məsuliyyətlər qoyacaq – süni intellekti düzgün şəkildə tədris prosesinə inteqrasiya etmək: “Nəticə olaraq, təhsilin gələcəyi balanslı yanaşmadan keçir. Süni intellekt faktları və texniki bilikləri ötürə, müəllim isə emosional, sosial və tərbiyəvi tərəfləri təmin edə bilər. Dünyadakı ən uğurlu təcrübələr də göstərir ki, ən yaxşı nəticə bu iki gücün birləşdiyi yerdə əldə olunur”.

Nərmin Qarazadə

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox