Müasir iqtisadi düşüncədə “kölgə iqtisadiyyatı” vergi və nəzarətdən kənarda fəaliyyət göstərən, dövlətin rəsmi uçotunda əks olunmayan iqtisadi münasibətlər toplusu kimi tanınır. Adətən bu anlayış qeyri-leqal istehsal, vergidən yayınma, qeyri-rəsmi məşğulluq kimi praktik hadisələrlə əlaqələndirilir. Lakin son illər elm aləmində yeni bir paradoksal “kölgə bazar” formalaşıb - elmi məqalə bazarı.
Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Bu bazarın əsas predmeti nə mallar, nə də xidmətlərdir; burada “satılan” bilavasitə elmi reputasiya və akademik göstəricilərdir
“Müəlliflik hüququ faktiki olaraq "icarəyə verilir", məqalələr isə "konveyer üsulu" ilə hazırlanaraq Scopus və digər elmimetrik bazalarda yerləşdirilir. Ən maraqlısı odur ki, həmin məqalələrin əksəriyyəti müəllifin nə mövzunu dərindən bilməsinə, nə də müzakirə edilən ölkə və ya iqtisadi model ilə tanışlığına söykənir. Bir azərbaycanlı tədqiqatçının Çinin və ya Koreyanın iqtisadi siyasətinə həsr etdiyi yazının həmin ölkələrin reallığından uzaq olması, ancaq bazar üçün yazılması bu "kölgə bazar"ın mahiyyətini açır".
Bu hadisəni iqtisadi terminologiya ilə izah etsək, burada asimmetrik informasiya, institusional boşluqlar və akademik rent axtarışı kimi anlayışlar önə çıxır
"Elm bazarında tələb - “Scopus-da dərc olunmaq”dır. Təklif isə “hazır məqalələr”dir. Tələb və təklifin bu qarşılaşması klassik bazar modelindən çox “informal iqtisadiyyat” modelinə bənzəyir. Bu vəziyyət elmi fəaliyyətin keyfiyyətinə və etibarlılığına zərbə vurur.
Əslində, məsələ yalnız formal göstəricilərin “Scopus-da məqalə var” kimi statistik rəqəmlərin arxasında gizlənən boşluqlardan ibarətdir. Əgər elmi məqalə həqiqətən milli inkişaf strategiyalarına, iqtisadiyyata, sosial problemlərin həllinə töhfə vermirsə, onun beynəlxalq bazada görünməsi yalnız kosmetik effekt yaradır.
Belə bir bazarın əsas təhlükəsi elmi kapitalın devalvasiyasıdır. Əgər iqtisadiyyatda gölgə sektor milli gəlirin ölçülməsini çətinləşdirirsə, elmdə “kölgə məqalə bazarı” akademik dəyərin ölçülməsini mümkünsüz edir. Bir tərəfdən, plagiat səbəbindən dissertasiyası rədd olunan şəxsin digər tərəfdən Scopus-da məqalə “çıxarması” elmin məntiqinə, ictimai etimada və intellektual əmək bazarının ədalətinə ziddir. Burada nə dövlətin (AAK və ali məktəblərin) müvafiq səviyyədə ciddi nəzarəti var, nə də cəmiyyətin maraqlarına xidmət edən şəffaf mexanizm mövcuddur. Bu vəziyyət elmi fəaliyyətin keyfiyyətinə və etibarlılığına zərbə vurmaqla yanaşı, Azərbaycanın intellektual potensialının beynəlxalq aləmdə düzgün təqdim olunmasına mane olur".
Kölgə məqalə bazarının elmin keyfiyyətinə və milli potensiala təsiri
“Əgər elmi məqalə həqiqətən milli inkişaf strategiyalarına, iqtisadiyyata, sosial problemlərin həllinə töhfə vermirsə, onun beynəlxalq bazada görünməsi yalnız kosmetik effekt yaradır. Bu bazarın fəaliyyətində rəqabət deyil, rent axtarışı mövcuddur. Yəni elm adamı bilik istehsalına deyil, ‘mərtəbə qazanmaq’ məqsədilə resurs sərf edir. Nəticədə, elmi fəaliyyətin əsas funksiyası – bilik yaratmaq və cəmiyyətə fayda vermək – ikinci plana keçir. Bu isə iqtisadi dildə desək, məlumatın kəmiyyətləşməsi və keyfiyyətin sıxışdırılması effekti yaradır.”
Paradoks budur ki, “elmi məqalə kölgə bazarı” qısa müddətdə fərdlərə status qazandırsa da, uzunmüddətli perspektivdə həm elmi institutları, həm də cəmiyyəti zəiflədir. Əslində, bu proses bir ölkənin elm sisteminin “kölgə iqtisadiyyatı”na bulaşmasıdır: formal olaraq inkişaf göstəriciləri artır, amma reallıqda intellektual məhsuldarlıq azalır.
Beləliklə, iqtisadiyyatda gölgə sektor necə ki, resursların ədalətli bölgüsünü pozur, elmi məqalə bazarı da elmin ədalətli oyun qaydalarını dağıdır. Bu kölgə bazarın leqallaşdırılması mümkünsüzdür; əksinə, yalnız institusional islahatlar, elmi etika mexanizmləri və şəffaf qiymətləndirmə sistemləri ilə məhdudlaşdırıla bilər. Əks halda, “kölgə iqtisadiyyatı”ndan “kölgə elminə” keçid sürətlənəcək və bu, milli elmi potensialı “kağız üzərində çox, reallıqda az” göstərəcək".