Ötən günlərdə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik tətbiq olunacağı açıqlanıb. Bildirilib ki, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.
Bəs bu yenilik regionlardakı müəllim çatışmazlığına necə təsir edəcək?
Mövzu ilə bağlı AzEdu.az-a danışan deputat Ceyhun Məmmədov bunun əvvəllər ciddi problem yaratdığını vurğulayıb:
"Əvvəllər bu, ciddi problem yaradırdı. Bölgələrə səfərlərimiz zamanı da bunu aydın hiss edirdik. Məsələn, Zaqataladan olan müəllim gəlib Füzulidə, Beyləqanda və ya başqa bir bölgədə işləyirdi. Bu isə həmin müəllimlər üçün çətinlik yaradırdı. Əvvəla, xərcləri artırırdı çünki onlar ev kirayələməli olurdular, doğmalarından uzaqda qalırdılar. Bundan əlavə, bu vəziyyətin psixoloji tərəfi də var idi. Söhbət zamanı müəllimlər çətinlik çəkdiklərini və öz bölgələrində müəllim kimi fəaliyyət göstərmək istədiklərini bildirirlər".
Bu, çox uğurlu addımdır
"Mən hesab edirəm ki, bu, çox vacib və müsbət bir dəyişiklikdir. Yerləşdirmə zamanı müəllimlərin öz regionlarında və ya həmin bölgəyə yaxın ərazilərdə yerləşdirilməsi nəzərə alınır. Bu həm müəllimlər üçün önəmlidir, həm də region təhsili üçün müsbət nəticə verəcək.
Bəzən görürdük ki, hansısa rayonda vakansiya var, amma həmin bölgədən olan müəllim başqa rayonda işləyir. Halbuki, doğma rayonunda ona ehtiyac var. Bu da regionlarda təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi".
Müəllimlərin məsuliyyəti önəmlidir
"Digər tərəfdən isə, hamı çalışır ki, Bakıya yerləşsin. Ancaq bu, real deyil. Əgər hamı Bakıya gələrsə, bəs bölgələrdə təhsili kim təmin edəcək? Bu səbəbdən müəllimlər də bunu anlayışla qarşılamalıdır. Ən doğru yol odur ki, müəllimlər ya öz regionlarında, ya da yaxın ərazilərdə işləsinlər.
Bugünkü vəziyyətdə təhsildə ən böyük problemlərdən biri regionlarda müəllim çatışmazlığıdır. Düzdür, bu istiqamətdə müəyyən mexanizmlər var, amma hələ kifayət qədər deyil. Regionlarda müəllimlərin işləməsini stimullaşdırmaq üçün əlavə alətlər tapılmalıdır. Burada kirayə, yol və digər xərclər məsələləri var.
Stimullaşdırma üçün yeni alətlər lazımdır
"Düzdür, bu xərclərin bir hissəsi ödənilir, amma stimullaşdırıcı alətlər elə olmalıdır ki, müəllimlər üçün bölgədə işləmək daha cəlbedici görünsün. Müəllim fikirləşməlidir ki, bölgəyə gedib işləsə, həm əlavə qazancı olacaq, həm də şərait rahat olacaq. Bu istiqamətdə ciddi işləməliyik.
Bu baxımdan düşünürəm ki, bu dəyişiklik çox mühümdür. Bölgələri stimullaşdırmalıyıq, əks halda, bu tempdə və bu qaydada davam etsək, bölgələrdə müəllim tapa bilməyəcəyik. Bu məsələlər üzərində ciddi düşünmək lazımdır və müəllimlər də prosesdə maraqlı olmalıdırlar. Müəllim fədakarlıq, məsuliyyət və təhsilə sadiqlik deməkdir. Bu baxımdan hər kəs bu məsələdə anlayışlı və məsuliyyətli davranmalıdır".