Müəllim yalnız bilik ötürən deyil, şəxsiyyət formalaşdıran insandır. Bu səbəbdən onun öz üzərində daim işləməsi, yenilikləri izləməsi, inkişaf etməsi vacib hesab olunur. Sertifikasiya imtahanları da məhz bu məqsədlə həyata keçirilir. Müəllimi həm bilik, həm də peşəkarlıq baxımından yeni mərhələyə hazırlamaq üçün.
Bu fikirləri AzEdu.az-a açıqlamasında coğrafiya müəllimi, “Örnək müəllim” Cavid Ələkbərli bildirib. O, bu prosesin sadəcə nəticəyə deyil, eyni zamanda inkişaf məqsədinə yönəldiyini qeyd edib:
“Müəllim hər zaman özünü inkişaf etdirməli və yenilik axtarışında olmalıdır – təkcə imtahan üçün yox, çünki müəllim şəxsiyyət yetişdirir, fərd formalaşdırır. Təhsil sistemi inkişaf edən əksər ölkələrdə müəllimlər imtahana və təkmilləşdirmələrə cəlb olunur. Sertifikasiya müəllim üçün hədəf rolunu oynayır və müəllim qarşısına məqsəd qoyub daha yaxşı çalışır”.
Ələkbərli bildirib ki, bu yanaşma müəllimin yalnız bilik və bacarıqlarının deyil, bütövlükdə tədris keyfiyyətinin yüksəlməsinə təkan verir:
“Təbii ki, bu da müəllimin öz bilik və bacarıqlarını və təhsilin keyfiyyətini yüksəldir. Daha peşəkar və bacarıqlı müəllimlərin sayının artması, fikir mübadiləsi və müzakirəsi və gələcəkdə karyera yüksəlişinə müsbət təsir göstərir. Bu prosesin motivasiyaedici tərəfi də unudulmamalıdır. Sosial rifahı təmin olunmuş pedaqoqlar daha yaradıcı və məhsuldar olur. Nəzərə alsaq ki, imtahanda müəllimin sosial vəziyyətini yaxşılaşdıracaq əməkhaqqı artımı var, bu daha da motivasiyaedici olur. Çünki sosial problemləri olmayan müəllim daha yaxşı nəticələr əldə edər”.
Həmsöhbətimiz sertifikasiyanın müəllimin ictimai nüfuzuna da təsir etdiyini vurğulayıb:
“Sertifikasiya imtahanı müəllimlər üçün inkişaf və motivasiya vasitəsidir. Bu zaman müəllim həm kollektivdə, həm də cəmiyyətdə daha da etibarlı görünür. Belə bir müəllim şagirdlərimiz üçün də örnək şəxs olar”.
Sonda o, bu prosesin davamlılığının təhsilin keyfiyyəti üçün vacib olduğunu bildirib:
“Şagirdlərimizin cəmiyyətin ziyalı nümayəndələrini örnək alması düzgün gələcək nəsillərin yetişməsi deməkdir. Sertifikasiya imtahanı təhsilin inkişafı üçün verilən düzgün qərardır və prosesin təkmilləşdirilməsi, davam etdirilməsi vacibdir”.