Hər bir şagirdin həyatında müəllim yalnız bilik ötürən deyil, həm də yönverən şəxsdir. Gələcəkdə hansı peşəni seçməsindən, hansı insani keyfiyyətləri mənimsəməsindən asılı olmayaraq, hər bir fərdin həyat yolunda müəllimin izi və təsiri qaçılmazdır. Elə bu səbəbdən müəllim təkcə təhsil sisteminin deyil, bütöv cəmiyyətin gələcəyinin təməlidir.
AzEdu.az ən hansı ölkədə müəllim çatışmazlığının olmasıyla bağlı araşdırma yazısı hazırlayıb.
Belə ki, 2024–2025-ci tədris illərində dünyanın bir çox ölkəsində müəllim çatışmazlığı problemi daha da dərinləşib. UNESCO-nun son hesabatına əsasən, 2030-cu ilə qədər qlobal miqyasda təxminən 44 milyon yeni müəllimə ehtiyac olacaq. Bu rəqəm həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə təhsilin keyfiyyətinə və əlçatanlığına ciddi təsir göstərir. Ən kritik vəziyyət isə Afrika, Avstraliya və Avropa ölkələrində müşahidə olunur.
Sub-Saharan Afrika müəllim çatışmazlığının qlobal mərkəzi sayılır. 2024-cü ilin məlumatlarına əsasən, bu bölgədə təxminən 15 milyon müəllim çatışır. UNESCO bildirir ki, dünyada tələb olunan hər 3 müəllimdən biri yalnız bu bölgəyə aiddir. Burundı, Çad, Mərkəzi Afrika Respublikası və Mozambik kimi ölkələrdə bir müəllimə 50-dən çox şagird düşür ki, bu da təhsilin keyfiyyətinə ciddi zərbə vurur.
Avstraliyada isə 2025-ci ilə qədər təhsil sistemində 4 000-dən çox boş müəllim yeri olacağı proqnozlaşdırılır. “The Advertiser” qəzetinin məlumatına görə, müəllimlərin iş şəraitindən narazı qalaraq kütləvi şəkildə peşəni tərk etməsi, həmçinin yeni məzun sayının azlığı bu çatışmazlığın əsas səbəblərindəndir.
Birləşmiş Krallıqda isə vəziyyət fərqli bir istiqamətdə kritikdir. 2023-cü ildə İngiltərədə müəllim hazırlığı planlarının cəmi 52%-i yerinə yetirilib. Ölkə bu boşluğu xaricdən – xüsusilə Hindistan, Yamayka və Nigeriyadan müəllim cəlb etməklə doldurmağa çalışır. The Guardian bildirir ki, məktəblər sosial və maddi dəstək çatışmazlığı səbəbindən peşəkar müəllimləri saxlaya bilmir.
Avropa İttifaqının 24 üzv ölkəsində də oxşar vəziyyət yaşanır. Məsələn, İsveç 2035-ci ilə qədər 153 000 yeni müəllimə ehtiyac duyur. STEM və ibtidai sinif müəllimlərinə olan tələbat xüsusilə kəskindir.