Azedu.az

Valideynlərə çağırış: Uşaqlarınıza yayda dərs yox, fasilə lazımdır

Müəllimlər və elm adamları

Şagirdlər

20 İyun 2025, 13:03
Valideynlərə çağırış: Uşaqlarınıza yayda dərs yox, fasilə lazımdır

Yay tətili uşaqlar üçün bütün il boyu çəkilən zəhmətin, öyrənilən biliklərin və edilən çalışmaların ardından dincəlmək üçün nəzərdə tutulmuş xüsusi bir dövrdür. Bu müddətdə uşaqlar istirahət etməl, sərbəst vaxt keçirməli və onları maraqlandıran istiqamətlərə yönəlməlidirlər. Məktəb ili ərzində uşaqlar davamlı olaraq dərs, ev tapşırıqları və qiymətləndirmələrlə qarşı-qarşıya qalırlar. Bu, onların həm zehni, həm də fiziki olaraq yorulmasına səbəb olur. Yay tətili bu yorğunluğun aradan qaldırılması üçün ideal bir fürsətdir. Əgər bu müddətdə də dərs yükü davam edərsə, uşaqların zehni yorğunluğu daha da arta bilər və bu, gələcəkdə təhsilə qarşı marağın azalmasına gətirib çıxara bilər.

 

Yay ayları uşaqların öz maraqlarına və istəklərinə uyğun fəaliyyətlərlə məşğul olması üçün əla zamandır. Onlar rəsmlə, musiqi ilə, idmanla, təbiətlə və ya müxtəlif əl işləri ilə məşğul olaraq özlərini daha yaxşı tanıya və inkişaf etdirə bilərlər. Bu fəaliyyətlər, bəzən dərsdən daha çox həyati bacarıqlar və özünüifadə qabiliyyəti qazandırır.

 

Məktəb vaxtı uşaqların valideynləri və ailə üzvləri ilə keçirdikləri vaxt məhdud ola bilər. Yay tətili bu boşluğu doldurmaq üçün dəyərli bir imkandır. Uşaqlar ailələri ilə daha çox vaxt keçirərək emosional bağlarını gücləndirə bilər, həmçinin dostları ilə sosial əlaqələrini inkişaf etdirə bilərlər. Sosial və emosional inkişaf da akademik uğur qədər önəmlidir.

 

Bəzən uşaqlar sərbəst oynayaraq və ya təbiətlə təmasda olaraq daha dərin və qalıcı biliklər əldə edirlər. Tətil zamanı müstəqil qərarlar qəbul etmək, yeni yerləri kəşf etmək və müxtəlif həyat situasiyalarında davranmağı öyrənmək onların şəxsiyyət inkişafına müsbət təsir göstərir.

 

Uşaqlar yay tətilində dərs oxumamalıdır, çünki bu dövr onların fiziki, zehni və emosional istirahəti üçün çox önəmlidir. Bu zamanın məqsədi uşaqlara azadlıq vermək, onların yaradıcı və sosial bacarıqlarını inkişaf etdirməkdir. Dərs oxumaqdan müvəqqəti ayrılmaq, əslində, uşaqların motivasiyasını artırır və yeni dərs ilinə daha enerjili başlamalarına səbəb olur. Valideynlər bu müddətdə uşaqlara təzyiq göstərmək əvəzinə, onların təbii maraqlarını dəstəkləməlidirlər.

 

Bir dərs ili ərzində uşaqlar yorulur, bəzən bu yorğunluq onların motivasiyasını da azaldır. Yay tətili ilk növbədə bu yorğunluğu aradan qaldırmaq üçündür. Uşaqlar kifayət qədər yatmalı, təmiz havada oynamalı, sevdikləri işlərlə məşğul olmalıdırlar. İstirahət edən uşaq daha enerjili və motivasiyalı şəkildə yeni dərs ilinə başlayır.

 

Müəllim Bəsti Abbasova deyir ki, yay tətili uşaqlar üçün həm dincəlmək, həm də öyrəndiklərini təkrarlamaq üçün balanslı bir dövr olmalıdır. Yay tətilində uşaqlar həm dincəlməli, həm də öyrəndiklərini təkrarlayaraq inkişaf etməlidirlər. Əsas məsələ - bu iki fəaliyyəti düzgün balansda saxlamaqdır. Yay tətili uşaqlar üçün yalnız istirahət deyil, eyni zamanda inkişaf üçün böyük bir fürsətdir. Tətil zamanı uşaqların həm zehni, həm fiziki, həm də sosial bacarıqları inkişaf etməlidir. Bu dövrdə düzgün və balanslı planlama uşağın həm istirahət etməsini, həm də faydalı fəaliyyətlərlə məşğul olmasını təmin edə bilər: “Müəllim olaraq uzun illərdir şagirdlərlə çalışan biri kimi düşünürəm ki, yay tətili dövründə uşaqlar həm dincəlməli, həm də öyrəndiklərini təkrarlamalıdırlar. Əlbəttə ki, uşaqlar bütün dərs ili boyunca yorulurlar və onların fiziki, zehni istirahətə ehtiyacı var. Amma bu, o demək deyil ki, onlar yay tətilində tamamilə təhsildən uzaq qalmalıdırlar. Yay tətili zamanı uşaqların sərbəst və maraqlı şəkildə - məcburiyyətsiz -öyrənməsi çox vacibdir. Gündə cəmi 20-30 dəqiqəlik oxu, tapşırıqların təkrarı və ya maraq dairələrinə uyğun fəaliyyətlər onların biliklərini unutmamasına və yeni dərs ilinə daha hazırlıqlı başlamasına kömək edir. Hesab edirəm ki, yayda dərs oxumaq ancaq test və ya qiymət üçün olmamalıdır. Bu dövrdə uşaqlar daha çox bədii kitablar oxumalı, təbiəti kəşf etməli, təcrübələr aparmalı və yaradıcılıqlarını inkişaf etdirməlidirlər”.

 

Həkim-psixoloq Arifə Məmmədovanın dediyinə görə, uşaqlar dərs ilində davamlı intellektual və emosional yüklənmə ilə qarşılaşırlar. Testlər, qiymətləndirmələr, tapşırıqlar və akademik gözləntilər onların psixoloji durumuna təsir göstərir. Yay tətili isə bu gərginlikdən çıxmaq, dincəlmək və yenidən enerji toplamaq üçün ən vacib zamandır. Bu dövrdə uşaqlardan dərs oxumağı gözləmək əvəzinə, onların istirahətinə şərait yaratmaq daha sağlam və təsirli yanaşmadır:

 

“Böyüklərdə olduğu kimi, uşaqlarda da emosional tükənmə baş verir. Davamlı öyrənmə rejimi onların motivasiyasını azalda, təhsilə qarşı soyuqluq yarada bilər. Yay tətili isə zehni və emosional rahatlıq üçün təbii və zəruri bir fasilədir. Bu dövrdə uşağın dərsdən uzaqlaşması, beynin istirahət etməsi, bərpa olunması və gələcək öyrənməyə hazırlaşması üçün vacibdir. Uşaq inkişafının əsas təməli oyundur. Oyun, sərbəst fəaliyyət və təxəyyül uşağın özünü ifadə etməsinə, duyğularını tanımasına və sosial bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Yay tətili uşaqların sərbəst vaxt keçirməsi, maraqlarını kəşf etməsi və xoşbəxt uşaq kimi yaşaması üçün bənzərsiz bir fürsətdir. Bu fürsəti “dərs oxumalısan” deyərək əldən almaq düzgün deyil. Tətil vaxtı daimi “oxumalısan, geridə qalarsan” düşüncəsi uşaqlarda psixoloji gərginlik, narahatlıq və özünə inamsızlıq hissi yarada bilər. Psixoloji olaraq bu, uşağın özünü kifayət qədər yaxşı görməməsinə və daxili narahatlıqla yaşamasına səbəb ola bilər. Halbuki yay istirahət etmə, özünü sevmə və güvən hissini bərpa etmə vaxtıdır. Uşağın dərs oxumasından daha önəmli olan onun psixoloji rifahı, həyat eşqi və daxili motivasiyasıdır. Dincəlmiş, istirahət etmiş, emosional olaraq rahat bir uşaq yeni dərs ilinə maraqla və həvəslə başlayır. Əgər yayda bu balans pozularsa, nəticədə uşaq təhsildən uzaqlaşa və özünü yüklənmiş hiss edə bilər. Bir sözlə yay tətili dərs üçün yox, istirahət üçündür. Uşaqlar yayda dərsdən azad olmalı, özlərini azad və rahat hiss etməlidirlər. Bu, onların zehni sağlamlığını, emosional balansını və ümumi inkişafını dəstəkləyən ən təbii və doğru yanaşmadır. Unutmayaq: xoşbəxt və dincəlmiş uşaq - sağlam cəmiyyətin təməlidir. Yay tətilində uşaqlar məcburi hazırlıq kurslarına getməməli, əsas diqqəti istirahətə və fərdi inkişafa yönəltməlidirlər”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, uşaqlar dərs ili boyunca ciddi intellektual yüklənməyə məruz qalırlar. Davamlı qiymətləndirmə, tapşırıqlar və hazırlıq prosesi onların zehni gücünü tükədir. Bu yüklənmənin fasiləsiz davam etməsi uzunmüddətli stressə, motivasiya itkisə və hətta təhsilə qarşı mənfi münasibətə səbəb ola bilər. Beyin də digər orqanlar kimi istirahətə ehtiyac duyur və yay tətili bunun üçün ən uyğun vaxtdır: “Yay tətili uşaqlara sadəcə dərslə deyil, digər həyati bacarıqlarla da məşğul olmaq imkanı verir. Bu dövrdə uşaq idmanla, musiqi ilə, kitab oxumaqla və ailə ilə ünsiyyət qurmaqla məşğul ola bilər. Bu cür fəaliyyətlər onların emosional zənginliyi və sosial bacarıqlarının inkişafı baxımından daha faydalıdır. Bəzi valideynlər uşaqlarının geridə qalmaması üçün yay aylarında da intensiv hazırlığa göndərirlər. Amma nəzərə almaq lazımdır ki, bu cür fasiləsiz hazırlıq uşaqlarda "təhsil yorğunluğu" yaradır. Uşağın tədrisə qarşı marağı azala, öyrənməkdən soyuması müşahidə oluna bilər. Bu, xüsusilə aşağı yaşlı uşaqlarda daha tez baş verir. Araşdırmalar göstərir ki, yaxşı dincəlmiş, ruhən rahatlanmış uşaqlar yeni dərs ilinə daha enerjili və motivasiyalı başlayırlar. Yəni istirahət sadəcə vaxt keçirmək deyil, gələcək uğurlu təhsilin təməlidir. İstirahətlə öyrənmə arasında balans qorunduqda uşaq daha sağlam, xoşbəxt və uğurlu inkişaf edir. Tövsiyəm odur ki, uşaqlar yay tətilində məcburi şəkildə hazırlıq kurslarına göndərilməməlidirlər. Bu dövr onların istirahət etməsi, özlərini tanıması, maraq dairələrini inkişaf etdirməsi üçün dəyərlidir. Uşaqlar nə qədər azad, rahat və stresssiz böyüsə, gələcəkdə bir o qədər güclü və balanslı fərdlər olacaqlar”.

 

Əksər xarici ölkələrdə – xüsusilə inkişaf etmiş təhsil sisteminə sahib ölkələrdə - yay tətili uşaqlar üçün istirahət dövrü sayılır. Lakin bununla yanaşı, təhsildən tamamilə uzaq qalmasınlar deyə həvəsləndirici, könüllü və marağa əsaslanan tədris fəaliyyətləri həyata keçirilir.

 

ABŞ da yay tətili təxminən 2.5 ay davam edir (iyun-avqust). Məktəblər bağlanır, amma çoxlu yay düşərgələri, kitabxana proqramları, STEM və sənət kursları təşkil olunur. Dərs məcburi deyil, amma valideynlər övladlarını "Summer School" adlanan təkrar və ya inkişaf kurslarına yazdırırlar. Bu kurslar əsasən zəif nəticə göstərən şagirdlər və ya əlavə maraq sahələri olan uşaqlar üçün nəzərdə tutulur.

 

Almaniyada yay tətili təxminən 6 həftədir. Məktəbdə dərs keçirilmir, amma uşaqlar istəsələr, bələdiyyə və ya təşkilatlar tərəfindən təşkil olunan tədris proqramlarında iştirak edə bilərlər. Ailə və istirahətə çox önəm verilir. Dərs təzyiqi yoxdur.

 

Ən uğurlu təhsil modellərindən biri sayılan Finlandiyada yay tətili təxminən 10-11 həftədir. Bu müddətdə məktəb tamamilə bağlanır, uşaqlara dərs keçilmir. Hökumət və müəllimlər uşaqların tam istirahət etməsini və oyunla məşğul olmasını tövsiyə edir. Valideynlərə uşaqlar üçün bədii kitablar, muzey gəzintiləri və sərbəst fəaliyyətlər tövsiyə olunur.

 

Yaponiya yay tətili təxminən 6 həftədir (iyul-avqust). Məktəblər bağlanır, amma uşaqlara ev tapşırıqları verilir, yüngül şəkildə təkrar olunur. Bəzi valideynlər uşaqları özəl yay kurslarına yazdırır. Bununla belə, uşaqların istirahəti də vacib hesab edilir.

 

Uşaqlar əsasən istirahət edir, amma istəyə bağlı yay məktəbləri, düşərgələr və maraq dərnəkləri mövcuddur. Əsas məqsəd uşağın şəxsi inkişafı, yaradıcılığı və sosial bacarıqları üzərində işləməkdir, yoxsa təzyiqlə dərs oxutmaq deyil.

 

Nərmin Qarazadə

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox