Azedu.az

700 bal toplayanlara iş dünyasında nə qədər dəyər verilir?

Müəllimlər və elm adamları

29 May 2025, 10:14
700 bal toplayanlara iş dünyasında nə qədər dəyər verilir?

Hər il qəbul imtahanlarında 700 bal toplamaq minlərlə abituriyentin əsas məqsədinə çevrilib.

 

Bəs bu məqsədə çatan gənclərə dövlət səviyyəsində yetərincə diqqət göstərilirmi? Onların bu müvəffəqiyyətləri ali təhsildən sonrakı mərhələlərdə, xüsusilə də işə qəbul prosesində nə dərəcədə nəzərə alınır? Əldə olunan yüksək nəticələr gələcək karyera imkanlarına necə təsir göstərir?

 

AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, dövlət istər maksimal 700 bal toplayan, istərsə də, onlarla birlikdə hər qrup üzrə ən yaxşı nəticə  göstərən 25 tələbəyə yüksək diqqət göstərərək, onlara Prezident təqaüdü təqdim edir:

 

“Bu, kifayət qədər yüksək göstəricidir. Eləcə də bəzi universitetlər 700 və ondan qismən aşağı nəticə ilə fərqlənənlərə müəyyən jestlər edir. 


Amma ondan sonrakı mərhələlər, xüsusən də 700 bal toplayan şəxs universiteti bitirdikdən sonra da ona əlavə dəstəyin göstərilməsinə düşünürəm ki, ehtiyac yoxdur. Çünki əmək bazarı, istehsalat təkcə nəzəri biliklərlə deyil, həm də peşə səriştəsi ilə ölçülür. Kiminsə hər hansı ixtisasla bağlı peşə səriştəsinin dərəcəsi onun nə zamansa topladığı balla ölçülə bilməz. Həmin bal ona tələbə adını qazandığı mərhələyə qədər lazımdır, vəssəlam”. 

 

Ekspert bildirib ki, bundan sonra başqa mərhələlər və onların tələbləri gəlir:

 

“Bir şəxs tələbə ikən, tutaq ki, 3 ya 4-cü kurslarda oxuyan zaman iki il öncə topladığı balın uğuru, onun kölgəsi altında daldalana bilməz. Tanıdığım 700 bal toplayanların demək olar hamısı zatən bu yanaşmaya ehtiyac da görmürlər. Onlar hər zaman öz üzərlərində işləyir, yeni karyera mərhələsinin yeni tələblərinə uyğun nəticə göstərməyə çalışırlar”. 

 

E.Nuri bunu etməyənlərin isə o qədər də uğurlu sayılmadığını bildirib:

 

“Çünki toplanan 700 bal artıq universitet auditoriyası üçün belə aktual hesab olunmadığı kimi, gələcək əmək bazarı üçün heç bir effekti olmayacaq. İşə götürən müəssisə onun bu uğuruna təbii ki, müsbət hadisə kimi baxacaq, amma ona qarşıdakı insanın keçmişdəki uğuru yox, indiki peşə səriştəsi daha çox vacibdir. Bu səbəbdən də istər dövlət, istərsə də hər hansı istehsalat müəssisəsi tərəfindən 700 bal və digər yüksək göstəricilər qazanan şəxslərə - 690,695 bal və s. hər hansı əlavə imtiyaz və güzəştlərin tətbiqinə heç ehtiyac yoxdur”.

 

Zeynəb Rzayeva

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox