Ali məktəblərdə elmi dərəcələrin qorunması və müdafiənin təmin olunması vacibdir. Doktoranturaya qəbul olunanların sayı çox olsa da, müdafiə edənlərin faizi olduqca azdır. Maliyyələşmə elmi nəticələrə əsaslanmalı, hesabatlı sistem qurulmalıdır. Perspektivliyi və nəticəvermə qabiliyyəti zəif olan müəssisələrə doktorantura proqramı ayrılmamalıdır.
“Perspektivliyi aşağı olan, təmin etməyən ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura proqramı ayrılmamalıdır”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, bu gün elmi dərəcələr bütün dünyada mövcuddur:
“Ali təhsil müəssisələrində akademik yüksəlişlər elmi fəaliyyətlə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “Elmi dərəcələr haqqında Əsasnamə” qüvvədədir. Əlbəttə, ali məktəbin kollecdən əsas fərqi elmi tədqiqatların nəticələrinə əsaslanır. Yəni bunu kollecdən tələb edə bilməzsiniz. Ali məktəbdə məhz elmi dərəcə və elmi adlara sahib olan şəxslər elmi fəaliyyətlə məşğul olmalıdır. Bu dərəcə və adlar həmin şəxsin akademik səviyyəsini təsdiq edən sənədlərdir. Universitetlərdə bu dərəcələrin qorunması və davamlılığının təmin olunması üçün zəruri tədbirlər görülməlidir. Əgər kollecdə də elmi dərəcəsi olmayan müəllim dərs deyəcəksə, bəs universitetin ondan fərqi nə olacaq?
Bu səbəbdən, bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Təəssüf ki, son dövrlərdə elmi dərəcələrin müdafiəsi prosesində azalmalar müşahidə olunur. Sual yaranır: səbəb nədir? Nə üçün müdafiə edənlərin sayı bu qədər azdır? Məsələn, doktoranturaya daxil olanların sayı 100% olduğu halda, müdafiə edənlər cəmi 10%-dir. Axı nə baş verir?
Qeyd etmək lazımdır ki, dövlət tərəfindən bu məqsədlə vəsait ayrılıb. Bu vəsait qarşılığında isə müəyyən elmi nəticələrin əldə olunması gözlənilir. Hesab edirəm ki, sistemdə dəyişikliklərə ehtiyac var. İlk növbədə, nəticəyə əsaslanan maliyyələşmə modelinə keçilməlidir. Yəni maliyyələşmə mərhələli şəkildə və konkret elmi nəticələrin əldə olunması şərti ilə həyata keçirilməlidir.
İkincisi, müdafiəni təmin etməyən ali təhsil müəssisələri və elmi təşkilatlar bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidirlər. Perspektivliyi və nəticəvermə qabiliyyəti aşağı olan müəssisələrə doktorantura proqramlarının ayrılması məqsədəuyğun deyil. Bununla bağlı mütləq şəkildə hesabat sistemi yaradılmalı və tətbiq edilməlidir”.