Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və Günəş Enerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı Nazim Muradov dünyanın məşhur elmi analitika platforması olan “ScholarGP”nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər” siyahısında ilk sıralarda yer alıb.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, onun məhsuldar elmi fəaliyyəti və bu sahədə verdiyi töhfələr yüksək reytinqə səbəb olub.
Nazim Muradov 1992-cı ildən hidrogen üzrə araşdırmalar sahəsində aparıcı tədqiqat mərkəzlərindən biri olan Günəş Enerjisi Araşdırmaları Mərkəzinin (FSEC) xüsusi layihələr üzrə tədqiqatçısıdır. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi “Space Shuttle Endeavour” (“Kosmik Gəminin Hazırlanması”) missiyası zamanı uğurla sınaqdan keçirilən unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib. Görkəmli alimin təmsil olunduğu komanda “R&D100” mükafatına layiq görülüb.
“Yüksək Reytinqli Alim” adı mənim üçün böyük şərəfdir”, - deyən Muradov bu mükafatı xüsusilə hidrogen enerjisi və texnologiyası sahəsində illər boyu aparılan elmi işlərin yüksək dəyərləndirilməsinin bir göstəricisi hesab etdiyini bildirib.
“ScholarGPS” elmi fəaliyyətin təhlili üçün ilk onlayn mənbədir. Bu platforma dünya üzrə bütün alimlərin, tədqiqat institutlarının, universitetlərin və akademik proqramların ilk tam kəmiyyət reytinqlərini yayımlayır. Bu unikal reytinqləri təqdim etməklə yanaşı, “ScholarGPS” 200-dən çox ölkədən 24 mindən çox akademik qurum, 30 milyondan çox alim və 120 min tədqiqat institutunun hər biri üçün ətraflı profillər təqdim edir.
Qeyd edək ki, Nazim Muradov 2023-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycanlı alimin uğurları haqqında aşağıdakı linkə keçid etməklə ətraflı tanış olmaq mümkündür.