Azedu.az

Alimlərdən növbəti ARAŞDIRMA

Müəllimlər və elm adamları

3 May 2025, 14:16
Alimlərdən növbəti ARAŞDIRMA

Son onilliklər ərzində insan sağlamlığı və ətraf mühit üçün təhlükəli hesab edilən per- və polifluoroalkil maddələr (PFAS) üçün alternativlərin tapılması elm dünyasında mühüm prioritetə çevrilib. Ətraf mühitdə və canlı orqanizmlərdə yığılaraq uzunmüddətli təsir göstərən bu maddələr artıq “əbədi kimyəvi maddələr” adlandırılır və xərçəngdən tutmuş yüksək xolesterola qədər müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir. Lakin yaxınlarda aparılan yeni bir araşdırma PFAS-ın müəyyən tətbiqlərdə əvəzlənməsi istiqamətində ümidverici nəticələr ortaya qoyub.

 

AzEdu.az “Science News” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən “Kolloid və İnterfeys Elmləri Jurnalı”nda dərc edilən məqalədə PFAS-ın kimyəvi xüsusiyyətləri və onların əvəzedicilərinin potensial imkanları ətraflı şəkildə təhlil olunub. Alimlər on ildən artıq müddətdə müxtəlif laboratoriyalarda toplanmış məlumatları bir araya gətirərək PFAS-ın su və yağ itələyici xüsusiyyətlərini təqlid edə biləcək flüorsuz strukturlar üzərində çalışıblar. Bu maddələr hazırda yanğınsöndürmə köpükləri, yapışmayan qablar və ləkəyə davamlı parçalar kimi geniş çeşidli sənaye və məişət məhsullarında istifadə olunur. PFAS adətən karbon atomlarının uzun zəncirlərini və bu zəncirlərdə flüor atomları ilə formalaşmış güclü kimyəvi bağları ehtiva edir. Bu bağlar maddənin ətraf mühitdə və canlı toxumalarda parçalanmasının qarşısını alaraq onu davamlı və yığılmaya meyilli edir.

 

Məhz bu dayanıqlıq və səthi gərginliyi azaltmaq bacarığı PFAS-ı bir çox tətbiqlərdə əvəzsiz edib.Bristol Universitetindən professor Julian Eastoe və onun komandası, flüor istifadəsi olmadan aşağı səth enerjisi təmin edə biləcək strukturlar üzərində iş aparıblar. Onların təklif etdiyi alternativlər əsasən karbon və silisium atomlarından ibarət, ağac budaqlarına bənzər iri molekulyar strukturlardır. Bu strukturlar su damcılarının səthə yayılmasını təşviq edən səthi aktiv maddə funksiyasını yerinə yetirə bilir. Tədqiqatda səthi gərginliyin ölçülməsi üçün müxtəlif flüorsuz səthi aktiv maddələrin metal lövhələrdən ayrılması zamanı tələb olunan qüvvə test edilib.

 

Nəticələr göstərib ki, bəzi flüorsuz alternativlər suyun səthi gərginliyini müasir PFAS əsaslı maddələrlə müqayisə oluna biləcək səviyyədə azaldır.Bununla belə, tədqiqatçılar etiraf edirlər ki, yağ itələyici sahələrdə PFAS-ın əvəzlənməsi daha mürəkkəb problem olaraq qalır. Toronto Universitetindən mühəndis Kevin Golovin qeyd edir ki, yağların yayılma meyli yüksək olduğu üçün onları səthdən dəf edən materialların çox aşağı səth enerjisinə malik olması tələb olunur.

 

 

Flüorsuz yanaşmalar bu xüsusiyyəti təmin etməkdə çətinlik çəkir və bu sahədə əhəmiyyətli texnoloji sıçrayışa ehtiyac var.

ETH Zurich universitetindən kimyaçı Martin Scheringer araşdırmada iştirak etməsə də onun nəticələrinin əhəmiyyətini vurğulayır. Onun fikrincə, bu tədqiqat PFAS-ın əvəzolunmazlığına dair düşüncələri yenidən dəyərləndirməyə imkan verir və elm adamlarını alternativ yollar axtarmağa təşviq edir. M.Scheringer bildirir: “Bizə PFAS-dan uzaqlaşma yolunu seçən alimlər, kimyaçılar və materialşünaslar lazımdır”.

 

 

Bu araşdırma PFAS əvəzedicilərinin tam funksional alternativə çevrilməsi istiqamətində ilk addımlardan biri hesab oluna bilər. Ətraf mühitin qorunması və insan sağlamlığının təmin olunması baxımından bu istiqamətdə aparılan elmi işlər böyük strateji əhəmiyyət daşıyır.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox