Azedu.az

Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub

Müəllimlər və elm adamları

27 Aprel 2025, 13:03
Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub

Böyük Britaniyanın Kembric şəhərində St Catharine’s Kollecində Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Əməkdar həkim Lalə Allahverdiyevanın “COVID-19: Əsrin Xəstəliyi” (“COVID–19: Disease of the Century”) adlı kitabının təqdimat mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, mərasimdə britaniyalı professorlar və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Professor Lalə Allahverdiyeva bildirib ki, bu kitab pandemiyanı yalnız tibbi aspektdən deyil, həm də qlobal miqyasda intellektual və strateji yanaşma prizmasından təhlil edən ilk əhatəli nəşrlərdən biridir. 20 fəsildən ibarət 256 səhifəlik kitabda 193 mənbəyə istinad olunub. Bu kitabda SARS-CoV-2 virusunun biologiyası, pandemiyanın başlanğıcı, xəstəliyin epidemiologiyası və patogenezi, COVID-19-un SARS və MERS virusları ilə müqayisəsi, klinik xüsusiyyətlər, diaqnostika və müalicə üsulları, vaksinasiya prosesi, əlaqəli göstərişlər, əks göstərişlər, həmçinin uşaqlarda COVID-19 xəstəliyinin gedişatı, allergik xəstəlikləri olan pasiyentlərdəki xüsusiyyətlər geniş şəkildə araşdırılıb.

Lalə Allahverdiyeva çıxışında xüsusi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Mağaraları”nda post- COVID sindromlu xəstələrin speleoterapiya üsulu ilə reabilitasiyasından da bəhs edib. O qeyd edib ki, post-COVID sindromunun bu unikal müalicə üsulu Azərbaycanda uğurla tətbiq edilib və xəstələrin sağlamlıqlarında nəzərəçarpacaq müsbət dəyişikliklər əldə olunub.

Tədbir müzakirələrlə davam etdirilib.

(AZƏRTAC)

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox